NASA-nın "Perseverance" marsoxodu 2025-ci ildə Jezero kraterindəki bəzi solğun süxurları lazerlə incələyərkən gözlənilməz bir kəşfə imza atıb. Süxurların tərkibində Marsda daha əvvəl heç vaxt rast gəlinməyən və Yerdə yaqut və sapfir kimi qiymətli daşların əsasını təşkil edən korund (corundum) mineralı aşkar edilib. Tədqiqat zamanı hətta yaquta xarakterik qırmızımtıl-çəhrayı rəngi verən xromun izləri də müəyyən olunub.
Los-Alamos Milli Laboratoriyasının geokimyaçısı Ann Ollilanın rəhbərlik etdiyi qrupun "Geophysical Research Letters" jurnalında dərc olunan tədqiqatında bildirilir ki, bu tapıntı Marsın tarixi üçün çox vacibdir. Çünki korundun yaranması adətən yüksək hərarət, alüminium zənginliyi və silisium qıtlığı tələb edir və əsasən tektonik proseslərlə əlaqələndirilir.
Hampden River, Coffee Cove və Smiths Harbour adlandırılan üç fərqli süxur parçasında aşkar olunan bu mineralın mənşəyi maraq doğurur. Alimlər ehtimal edirlər ki, korund milyardlarla il əvvəl Marsın səthinə dəyərək Jezero kraterini yaradan nəhəng meteorit zərbəsinin yaratdığı yüksək təzyiq və hərarət nəticəsində formalaşmış ola bilər.
Bu kəşf Marsın geoloji keçmişi və xüsusilə də onun hidrotermal və zərbə-metamorfik tarixi haqqında yeni suallar doğurur.
Mənbə: ScienceAlert
Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov