ABŞ-ın Lourens Livermor Milli Laboratoriyasının (LLNL) astrofiziki İsayya Santistevanın (Isaiah Santistevan) rəhbərlik etdiyi alimlər qrupu, Yeri hədəf alan və böyük bir şəhəri xəritədən silə biləcək asteroidlərin nüvə zərbəsi ilə neytrallaşdırılması ssenarisini simulyasiya ediblər.

3D simulyasiya sınaqlarında 160 metr ölçülü asteroidə qarşı 1 meqatonluq nüvə başlığından istifadə olunub. Tədqiqat göstərib ki, asteroidi parçalamaq üçün nüvə bombasını onun üzərinə endirmək və ya daxilində partlatmaq şərt deyil. Səthdən 10-25 metr məsafədə baş verən partlayış zamanı ayrılan güclü rentgen şüaları asteroidin səthini sürətlə buxarlandırır və yaranan təzyiq dalğası daxili süxurları parçalayır.

Tədqiqatçıların bildirdiyinə görə, bombanı asteroiddən bir qədər aralıda (məsələn, 25 metr məsafədə) partlatdıqda rentgen şüaları daha geniş sahəyə yayılır və asteroid mərkəzindən parçalanaraq güclü dağıntıya məruz qalır. Bu üsul Yeri toqquşmadan xilas etmək üçün son müdafiə xətti kimi effektiv hesab olunur.

Tədqiqatın nəticələri "The Planetary Science Journal" jurnalında dərc olunub.

Mənbə: ScienceAlert

(https://www.sciencealert.com/our-survival-might-one-day-rely-on-nuking-a-city-killer-asteroid-scientists-just-tested-whether-itll-work)

Tərcümə etdi: Baş Redaktor İzzət Qurbanov