Ursula fon der Lyayenin səfəri: Bakı və Brüssel arasında yeni dövr başlayır - ŞƏRH
sizinxeber.az xəbər saytı

Ursula fon der Lyayenin səfəri: Bakı və Brüssel arasında yeni dövr başlayır - ŞƏRH


Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri və Bakıda səsləndirdiyi bəyanatlar bir sıra maraqlı məqamlarla diqqət çəkib. Səfər çərçivəsində Avropa rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib. Verilən mesajlar səfərin hər iki tərəf üçün böyük əhəmiyyət daşımasından xəbər verib.

Xatırladaq ki, bu, xanım fon der Lyayenin Bakıya ilk səfəri deyildi. Lakin bu səfəri Avropa İttifaqı (Aİ)-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin təzahürü kimi qiymətləndirmək mümkündür.

Dünya siyasətində baş verən təlatümlər, qlobal enerji bazarlarındakı qeyri-sabitliyin fonunda Aİ rəhbərlərinin Azərbaycanla əməkdaşlığa marağının artması təbiidir. Artıq tərəflər arasındakı münasibətlər birtərəfli resurs ixracına əsaslanan tərəfdaşlıq modeli deyil. Ursula fon der Lyayenin budəfəki səfərini qarşılıqlı maraqları ehtiva edən Azərbaycan-Aİ münasibətlərinin çoxşaxəli strateji xarakter alması üçün dönüş nöqtəsi də saymaq olar.

Bu gün Azərbaycan Avropa üçün sadəcə neft və qaz ölkəsi yox, eyni zamanda regional sülhün və təhlükəsizliyin arxitektoru, beynəlxalq dəhlizlərin kəsişdiyi regional mərkəz, bərpa olunan enerji layihələri ilə çıxış edən bir ölkədir.

Bu baxımdan xüsusi vurğulamaq lazımdır ki, Avropa İttifaqının Bakıya olan bu yüksək marağı təsadüfi xarakter daşımır. Aİ Azərbaycanın regional sülhün qorunması, qlobal enerji təhlükəsizliyinin təmini və beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin şaxələndirilməsi sahəsində oynadığı mərkəzi rolu rəsmən və çox yüksək qiymətləndirir. Bu gün Azərbaycan təkcə öz sərhədləri daxilində deyil, bütövlükdə Avrasiya məkanında sabitliyin adasına və qitələrarası keçid məntəqəsinə çevrilib. Aİ rəhbərliyi açıq şəkildə dərk edir ki, Cənubi Qafqazda dayanıqlı sülhün memarı, Avropanın enerji xəritəsini yenidən formalaşdıran etibarlı tərəfdaş və Şərqlə Qərbi birləşdirən "Orta Dəhliz" kimi nəqliyyat qovşaqlarının əsas hərəkətverici qüvvəsi məhz rəsmi Bakıdır. Bu üç fundamental sütun üzərində qurulan Azərbaycan-Aİ dialoqu Brüssel üçün regionda proqnozlaşdırıla bilən gələcəyin yeganə təminatıdır.

Bu arada qeyd edək ki, Avropa Şurasının prezidenti Antonio Koştanın Bakıya səfərindən sonra Avropa Komissiyası sədrinin səfəri əslində kollektiv iradədən xəbər verir. Çünki Aİ-nin həm siyasi, həm də icraedici rəhbərlərinin Bakıya səfərləri münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması deməkdir. Ursula fon der Lyayenin çıxışında Bakını strateji tərəfdaş kimi xarakterisə etməsini adi bir diplomatik jest kimi qəbul etmək yanlışdır. Bu açıqlama sübut edir ki, Brüssel rəsmi Bakının regional çəkisini rəsmən qəbul edib. Qısası, artıq Azərbaycan Avropa üçün böhran zamanı qapısını döyəcəyi bir tərəfdaş yox, Avrasiyanın geosiyasi, geoiqtisadi və logistik xəritəsini formalaşdıran bir strateji müttəfiqdir.

Avropa rəsmisinin açıqlamasında diqqət çəkən digər məqam isə Azərbaycanı regionun lideri və sülh gündəliyinin əsas memarı olduğunu etiraf etməsidir. Bu həm də Prezident İlham Əliyevin uzaqgörən siyasətinə verilən beynəlxalq bir qiymət də sayılmalıdır. Avropanın yüksək rütbəli rəsmisi tərəfindən belə bir fikrin səsləndirilməsi Brüssel tərəfindən Bakının Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin formalaşdırılmasında oynadığı aparıcı və əsas rolun qəbul edildiyinin göstəricisidir. Həm də rəsmi Bakının Cənubi Qafqazdakı sülh gündəliyinə daha geniş aspektdən yanaşmaq lazımdır. Məsələn, Azərbaycanın yürütdüyü siyasət və atdığı addımlar həm də Ermənistanda daxili siyasi mühitin formalaşmasında, seçkilərdə də həlledici rol oynayıb. Nümunə olaraq, Ermənistanda 7 iyun tarixində keçirilən parlament seçkilərini göstərmək olar. Seçki nəticələri sübut etdi ki, erməni cəmiyyəti revanşizmə və radikal ideyalara yox, sülhə səs verdi. Bunun arxasında isə məhz Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və regional sabitliyi hədəfləyən siyasət var. Seçki öncəsi Ermənistanda baş verən proseslər, kənar müdaxilələr göstərirdi ki, radikal qüvvələr cəmiyyəti qorxu və nifrət üzərindən manipulyasiya etməyə çalışırdılar. Rəsmi Bakı isə bu proseslərə səbrlə yanaşdı və təmkini qorudu. Əgər Azərbaycan bu dövrdə fərqli və kompromissiz münasibət sərgiləsəydi, bu, radikalların və regionda sülhü pozmaq istəyən xarici qüvvələrin əlinə bəhanə verə bilərdi. Buna görə də Azərbaycan bir dövlət olaraq soyuqqanlığını qorudu, məqsədinin kimisə küncə sıxışdırmaq, əzmək yox, daimi sülh və regional inteqrasiya olduğunu sübut etdi. Məhz bu siyasət Ermənistanda seçicilərin böyük əksəriyyəti üçün bir növ təhlükəsizlik təminatına çevrildi və radikalların planlarını alt-üst etdi. Bu faktları nəzərə alanda Aİ rəhbərliyinin də Cənubi Qafqazda sabitlik, sülh, iqtisadi inteqrasiya, mehriban qonşuluq prinsiplərinin qarantının məhz Azərbaycan olduğu reallığını dərk edir və qəbul edirlər.

Nəzərə almaq lazımdır ki, Azərbaycan mürəkkəb və həssas bir coğrafi mövqedə yerləşir. Amma buna baxmayaraq, həm daxili sabitliyini qoruyur, həm də regional riskləri neytrallaşdıran güclü bir dövlətdir. Dünya miqyasında sülhə, münaqişələrin danışıq yolu ilə həll olunmasına dəstək verir. Bu gün coğrafi üstünlüyə malik Azərbaycan bu coğrafiyanı modern və yüksək regional infrastruktur imkanları ilə birləşdirərək qitələrarası inteqrasiyanı təmin edən qlobal qovşağa çevrilir. Bunu Avropa rəsmiləri də rəsmən bildirirlər. Bütün bu faktorlar isə Aİ rəsmilərini Bakı ilə hesablaşmağa, onun diktə etdiyi reallıqları qəbul etməyə məcbur edir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan bu gün regionda böyük layihələrə imza atır, bütün ölkələrin də bundan faydalanmasını təmin edir. Rəsmi Bakının bu uzaqgörən strateji baxışının ən bariz təzahürü Aİ ilə enerji sahəsində qurulan tərəfdaşlıqdır. Bu gün bu tərəfdaşlıq qlobal miqyasda qəbul edilir və yüksək qiymətləndirilir. Nəzərə alaq ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi və çoxsaylı sanksiyalar səbəbindən Aİ enerji böhranını idarə etmək, Rusiya qazından asılılığı azaltmaq üçün məhz Bakının qapısını döyüb. Çünki Brüssel Azərbaycanın etibarlılığına güvənmək yolunu seçmişdi. Bu isə öz bəhrəsini verdi. O dövrdə imzalanan Strateji Tərəfdaşlıq Memorandumu sadəcə kağız üzərində qalmadı, Azərbaycan öhdəliyini tam şəkildə yerinə yetirdi və 2022-2026-cı illər ərzində Aİ-yə qaz ixracını 65 faiz artırdı.

Prezident İlham Əliyev Ursula fon der Lyayenlə mətbuata bəyanatı zamanı bildirdi ki, bu gün Azərbaycan qazının ümumi ixracının tən yarısı (50%-i) məhz Aİ-nin üzv dövlətlərinə yönəldilir və bu günə olan məlumata görə, artıq 10 Avropa İttifaqı ölkəsi mavi yanacağı birbaşa Azərbaycandan idxal edir. Cənub Qaz Dəhlizinin (xüsusilə TAP boru kəmərinin) imkanlarının genişləndirilməsi sayəsində əldə olunan bu 65%-lik artım, Azərbaycanı Avropanın sadəcə alternativ deyil, əvəzolunmaz və strateji enerji sütununa çevirib. Bu rəqəmlər də Azərbaycanın gələcəyə aydın baxışı kimi fikirlərin quru bəyanat olmadığını sübut edir. Çünki bu rəqəmlər Avropanın enerji xəritəsini formalaşdıran yeni və real gücün məhz Azərbaycan olduğuna dəlalət edir. Bununla belə qeyd etmək yerinə düşər ki, Aİ ilə Azərbaycan arasında bu gün davam edən və hər ötən gün inkişaf edən enerji sahəsindəki əməkdaşlıq sadəcə milyardlarla dollarlıq ticarət dövriyyəsi deyil. Bu tərəfdaşlığın əsl dəyəri hər iki tərəf üçün milli təhlükəsizlik dividentləri yaratmasıdır. Avropa üçün Azərbaycanla əməkdaşlıq ağır qlobal böhran və enerji qıtlığı dövründə sənayesini qorumaq, iqtisadi suverenliyini saxlamaqdır. Azərbaycan üçün isə Aİ ilə bu sahədə əməkdaşlıq və tərəfdaşlıq investisiya axını, iqtisadiyyatın inkişafı və modernləşməsi, xarici siyasətini gücləndirən güclü geosiyasi qalxandır.

Bir daha vurğulayaq ki, bu gün Azərbaycan Avropa İttifaqı üçün sadəcə qaz tədarükçüsü deyil. Bakı Brüssel üçün regional ticarətin mərkəzi, qitələrarası yeni enerji arxitekturasının qeoiqtisadi qapısıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəsmən bəyan etdiyi kimi, hazırda Aİ-nin Cənubi Qafqaz regionu ilə olan ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi məhz Azərbaycanın payına düşür. Bu iqtisadi üstünlük isə tərəfdaşlığın miqyasını göstərməklə yanaşı enerji tərəfdaşlığının daha bir qlobal müstəviyə, yəni "Yaşıl Enerji Dəhlizi"nə daşıyır.

Aİ ilə Azərbaycan arasında aparılan yeni enerji dialoqu dünya üzrə qlobal iqlim hədəflərinə və "yaşıl keçid" strategiyasına tam cavab verir. Bu danışıqların nəticəsi olaraq isə Azərbaycan daxili "yaşıl enerji" potensialını, yəni dəniz, külək və günəş enerjisini Mərkəzi Asiyanın Qazaxıstan və Özbəkistan kimi ölkələrinin bərpa olunan enerji imkanları ilə birləşdirərək Avropaya yeni bir dəhliz açır. Xəzər dənizinin altından keçəcək olan kabel xətti daha sonra Qara dənizin altı ilə Avropaya uzanacaq. Bu layihədə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan iştirak edir. Rusiyadan tam yan keçən, təhlükəsiz təmiz elektrik enerjisi Mərkəzi Asiyadan keçərək Azərbaycana, oradan isə Avropaya daşınacaq. Ursula fon der Lyayenin bəyanatında Azərbaycanın "təmiz elektrik enerjisinin mərkəzi qovşağına" çevrilmək potensialını xüsusi vurğulaması, Aİ-nin bu layihəni Avropanın gələcək enerji təhlükəsizliyinin əsas dayaq nöqtəsi kimi qəbul etdiyini nümayiş etdirir. Məhz Ursula fon der Lyayenin açıqlamasında təklif etdiyi "Enerji və İnfrastruktur Bağlılığı üzrə Tərəfdaşlıq Platforması"na bu prizmadan yanaşmaq lazımdır. Bu təşəbbüs nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafını hədəfləyən "Sülh naminə bağlılıq" paketinin tərkib hissəsidir. Bu xüsusi proqram çərçivəsində Avropa İttifaqı Cənubi Qafqazda, xüsusilə Azərbaycanın mərkəzi rol oynadığı nəqliyyat və enerji infrastrukturu layihələrinin reallaşdırılması üçün 200 milyon avro birbaşa qrant ayırır. Bu qrant dəstəyi Aİ-nin "Global Gateway" (Qlobal Şlüz) strategiyası vasitəsilə regiona ümumilikdə 2 milyard avroya qədər investisiyanın cəlb olunmasını təmin edəcək. Bu da özlüyündə sübut edir ki, "yaşıl enerji" dəhlizi layihəsi sadəcə bir bəyanat deyil, Brüssel tərəfindən çox ciddi qəbul edilən və maliyyə mexanizmləri ilə dəstəklənən makro-iqtisadi layihədir.

Ursula fon der Lyayenin təklif etdiyi bağlılıq (konnektiviti) platforması, fiziki kəmərlərin və xətlərin çəkilməsini vahid idarəetmə modelində birləşdirir. Beləliklə, Azərbaycan və Avropa İttifaqı artıq yalnız ticarət tərəfdaşları deyil, Avrasiyanın gələcək inteqrasiya xəritəsini birgə maliyyələşdirən və tənzimləyən memarlar kimi çıxış edir.

Maraqlısı odur ki, bu layihələr fonunda Avropa İttifaqı Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də baxışını dəyişib. Əvvəllər sadəcə siyasi bəyanatlarla kifayətlənən Brüssel artıq konkret addımlar atmağa da başlayıb. Məsələn, Ursula fon der Lyayenin Bakıda rəsmi olaraq elan etdiyi 20 milyon avroluq xüsusi sülh yardım paketi, Ermənistan və Azərbaycanın sərhədyanı bölgələrində yaşayan icmalar üçün sülhün real, gündəlik və iqtisadi faydalarını vizuallaşdırmağı hədəfləyir. Bu yardım çərçivəsində səhiyyə xidmətlərinin yaxşılaşdırılması, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, humanitar minasızlaşdırma nəzərdə tutulub. Bu isə öz növbəsində iki sərhədyanı xalqın arasında etimad mühitinin formalaşmasına xidmət edəcək. Aİ-nin sülh gündəliyini məhz Bakının təklif etdiyi regional reallıqlar və iqtisadi inteqrasiya prinsipləri əsasında formalaşdırması, Azərbaycanın diplomatik müstəvidə şərtləri müəyyənləşdirən tərəf olduğunu növbəti dəfə təsdiqləyir.

Əsas diqqət yetiriləsi məqam odur ki, Azərbaycanın diplomatik uğurları sadəcə regional çərçivə ilə məhdudlaşmır. Prezident İlham Əliyevin uzaqgörən və çoxvektorlu xarici siyasət strategiyası nəticəsində rəsmi Bakı bu gün dünyanın ən böyük güc mərkəzləri ilə milli maraqlara söykənən, bərabərhüquqlu tərəfdaşlıq qura bilib. Bir-biri ilə rəqib olan iki güc mərkəzi ilə əməkdaşlıq qurmaq və bunu inkişaf etdirmək dərin zəka, uzaqgörən siyasət və mətin iradə tələb edir. Əgər Azərbaycan bu gün ABŞ ilə təhlükəsizlik, antiterror, geostrateji sahələrdə əməkdaşlıq edirsə, Çin ilə iqtisadi-logistik münasibətlərini daha da dərinləşdirir. Məsələn, "Bir Kəmər, Bir Yol", "Orta Dəhliz" çərçivəsində Çinlə əməkdaşlıq sübut edir ki, Azərbaycan Avrasiyada əvəzsiz tranzit qovşağına çevrilib. Bu gün Şərqlə Qərb arasında keçid məntəqəsi kimi geostrateji çəkisi günü-gündən artan Azərbaycan eyni zamanda böyük güclərin iqtisadi və strateji maraqlarının kəsişdiyi, risklərdən uzaq və təhlükəsiz bir tərəfdaşlıq platforması təklif edir. Bu tip əməkdaşlıqlar, böyük güclərlə tərəfdaşlıqlar məhz Prezidentin yürütdüyü uğurlu xarici siyasətin bəhrəsidir ki, Azərbaycana heç bir qlobal güc mərkəzindən birtərəfli asılı olmağa imkan vermir. Tam əksinə, ABŞ, Çin və Avropa İttifaqı ilə milli maraqları rəhbər tutaraq qurulan bu tip əməkdaşlıqlar sayəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz suverenliyini və strateji muxtariyyətini qoruyan, sözün əsl mənasında, müstəqil güc amilinə çevrilir.

Beləliklə, Ursula fon der Lyayenin Bakı səfəri ilə rəsmiləşən bu yeni mərhələ Azərbaycanın sadəcə regional deyil, qlobal miqyaslı geostrateji çəkisini bir daha ortya qoydu. Rəsmi Bakı nümayiş etdirdi ki, iqtisadi müstəqillik, daxili sabitlik və uzaqgörən infrastruktur layihələri birləşdikdə, dövlət beynəlxalq arenada təzyiqlərin obyekti deyil, qlobal şərtləri diktə edən subyekt statusuna yüksəlir. Azərbaycan-Aİ strateji tərəfdaşlığı bu gün Avrasiyanın nəqliyyat, logistika və "yaşıl enerji" xəritəsini yenidən formalaşdıran və gələcək onilliklərin təhlükəsizlik arxitekturasını quran ən etibarlı və proqnozlaşdırıla bilən güclü ittifaq modeli olaraq tarixə düşür...

Kamil Məmmədov

Oxşar xəbərlər

Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
Pinyo: Ursula fon der Lyayenin Cənubi Qafqaza səfəri sülh prosesi və regional əlaqəliliyə yönəlib
"Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur
Prezidentin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
"Haber Global" İlham Əliyevlə Ursula Fon der Lyayenin görüşü barədə süjet hazırlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər