“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim edilib
sizinxeber.az xəbər saytı

“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim edilib


Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilində) kitabının təqdimatı olub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, Qazaxıstanda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatını təşkil etmək bizim üçün böyük şərəfdir: "Azərbaycan və Qazaxıstan qardaş ölkələr olmaqla uzun illərdir ki, qarşılıqlı hörmət, etimad və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirirlər. Bizi ümumi tarix, mədəniyyət və adət-ənənələr birləşdirir ki, bu da əlaqələrimizi xüsusilə dəyərli edir. Azərbaycan ilə Qazaxıstan arasında möhkəm dostluq münasibətləri bizim ümumi inkişaf və tərəqqi istəyimizə əsaslanır. Bu əlaqələr çoxillik dostluğun nəticəsi kimi xalqlarımız arasında gələcək əməkdaşlığın da açarıdır. Azərbaycan-Qazaxıstan münasibətlərinin və bugünkü yüksək inkişaf səviyyəsinin banisi Ulu öndər Heydər Əliyevdir”.

Nazir bildirib ki, Ümummilli liderin ideyaları türkdilli dövlətlər arasında, xüsusən də, mədəniyyət sahəsində əlaqələrin inkişafında həmişə mühüm rol oynayıb.

“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı haqqına söz açan A.Kərimli vurğulayıb ki, bu nəşr, sadəcə, ədəbi əsər deyil, görkəmli siyasi xadim, yeni müstəqil Azərbaycan dövlətinin banisi və Ümummilli lider Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyatının mühüm məqamlarını əks etdirən təsirli hekayətdir.

Xalq yazıçısı Elmira Axundova kitab haqqında məlumat verərək onun yazılma tarixçəsindən bəhs edib.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədr müavini Rollan Kuspan, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva, tarix elmləri doktoru, professor, kulturoloq Fuad Məmmədov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və başqaları çıxış edərək kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinin əlyazmasının surətini, Xalq yazıçısı Elmira Axundova isə müəllifi olduğu kitablardan bir neçə nüsxə Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasına hədiyyə ediblər.

Qeyd edək ki, tədbir Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.

Oxşar xəbərlər

Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astanada “Füzuli – 530 misra” kitabı təqdimat edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Adil Kərimli serbiyalı həmkarı ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər