Avropada mühəndislər forumu xaricdəki azərbaycanlıların intellektual potensialını nümayiş etdirib - İCMAL
Azərbaycan Qarabağın Ermənistanın işğalı dövründə tamamilə dağıdılmış şəhər və kəndlərinin layihələndirilməsi, eləcə də bərpası zamanı "ağıllı yaşayış məntəqələri" konsepsiyasından fəal şəkildə istifadə edir. Bu yanaşma may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında da (WUF13) geniş şəkildə təqdim olunub. Təəccüblü deyil ki, məhz bu mövzu ötən həftəsonu Almaniyanın Hamburq şəhərində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunda əsas mövzulardan biri olub.
"Report" xəbər verir ki, forum "Ağıllı şəhər texnologiyaları və prosesləri" şüarı altında keçirilib ki, bu da Azərbaycanda bu il elan edilmiş "Şəhərsalma və memarlıq ili"nin hədəfləri ilə üst-üstə düşür.
Forumun göstərdiyi kimi müasir mühəndislik texnologiyalarını mənimsəmiş xeyli sayda gənc azərbaycanlı Avropanın aparıcı ali məktəblərində təhsil aldıqdan sonra orada uğurla özünü reallaşdırıb. Onların bir qismi dövlət qurumlarında və iri beynəlxalq şirkətlərdə işləyir, digərləri özlərini özəl sektorda tapıb, bir başqaları isə öz startaplarını yaradıblar.
Çıxışlar zamanı iştirakçılar həyata keçirilmiş layihələr və bu peşədəki şəxsi yolları barədə danışaraq təcrübələrini bölüşüblər. Onların hekayələri mühəndislik təhsilini yeni alan və ya karyerasına yenicə başlayan gənclər üçün əyani nümunə olub. Buna görə də, zəngin proqrama, elcə də xeyli sayda təqdimatlara baxmayaraq, sual-cavab sessiyaları çox vaxt məruzələrin özündən də uzun çəkib.
Forumun ən çox müzakirə olunan mövzularından biri Qarabağ və Şərqi Zəngəzurun bərpası, həmçinin yaşayış məntəqələrinin layihələndirilməsinə müasir yanaşmalar olub. Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin nümayəndəsi Müslüm İmranlı bu mövzuda təqdimatla çıxış edib. M.İmranlı bir neçə il əvvəl Qarabağda, o cümlədən Şuşada bərpa və tikinti işlərində bilavasitə iştirak edib.
"Ağıllı şəhərlər: Avropa təcrübəsi" və "Gələcəyin şəhərləri: tikinti, rəqəmsallaşma və dayanıqlı inkişaf" panel müzakirələri auditoriyanın böyük marağına səbəb olub.
Haaqadan olan mühəndis Asif Məmmədov ekoloji baxımdan təmiz şəhərlərdə tullantıların idarə olunması sistemlərindən bəhs edib. "AMCB Labs"ın həmtəsisçisi İsgəndər Axundov "ağıllı laboratoriya"lar konsepsiyasını təqdim edib. Qardaşı ilə birlikdə "MUST Analytics" startapına rəhbərlik edən Mirxaqan Mustafazadə şirkətin müştərilərlə iş təcrübəsini bölüşüb. O bildirib ki, şirkət süni intellekt əsasında fərdi həllər hazırlayır.
Son vaxtlar intensiv yağıntılar səbəbindən dünyanın bir çox şəhərlərinin, o cümlədən Bakının üzləşdiyi problemləri nəzərə alaraq, dövlət şirkəti olan "ARGUS Stadt und Verkehr Hamburg"da çalışan Kənan Mustafayevin çıxışı xüsusi maraq doğurub. O, yağış sularının səmərəli şəkildə idarə edilməsi və güclü leysanların fəsadlarının qarşısının alınmasına dair müasir yanaşmalar barədə danışıb.
Bu gün Avropanın müxtəlif ölkələrində xeyli sayda azərbaycanlı mühəndisin çalışması təkcə onların şəxsi nailiyyətlərinin sübutu kimi əhəmiyyət daşımır. Bu, həm də Azərbaycan üçün dəyərli intellektual resursdur. Onların bilik və təcrübəsindən istifadə etmək vətənə qayıtmağı tələb etmir. Müasir texnologiyalar məsafədən asılı olmayaraq innovasiyaları, ekspertizanı və qabaqcıl həlləri ötürməyə imkan verir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun sözlərinə görə, ilk iki forumun yekunlarına əsasən təkliflər hazırlanıb və daha sonra Azərbaycan hökumətinə təqdim edilib. Hazırkı, üçüncü forumun nəticələrinə əsasən də bənzər işin görülməsi planlaşdırılır.
F.Muradov həmçinin qeyd edib ki, forum hər kəsi qəbul edə bilməyib: qeydiyyatdan keçən iştirakçıların sayı məkanın imkanlarını üstələyib. Bu barədə Niderlanddan gələn mühəndislərdən biri də danışıb. Onun sözlərinə görə, bir çox dostu və həmkarı da Hamburqdakı tədbirdə iştirak etmək istəyib.
"Müxtəlif səbəblərdən onlar gələ bilməsələr də, forumu böyük maraqla izlədilər. Belə tədbirləri təkcə Almaniyada deyil, Avropanın digər ölkələrində də keçirmək faydalı olardı", - o qeyd edib.
İştirakçıların marağına və foruma qoşulmaq istəyənlərin artan sayına əsasən demək olar ki, bu tədbir tədricən yalnız təcrübə mübadiləsi üçün peşəkar bir platformaya deyil, həm də bütün Avropa qitəsində çalışan azərbaycanlı mühəndislərin özünəməxsus istedad yarmarkasına çevrilir.
Oxşar xəbərlər
Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək
Hamburqda azərbaycanlı mühəndislərin III Forumu keçirilir
Almaniyalı professor azərbaycanlı mühəndislərlə əməkdaşlığın inkişafı üçün vacib platformanı açıqlayıb
Avropada yaşayan azərbaycanlı mühəndislərin III forumu keçirilib
Stefano Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
-
İran İsrailə zərbələri dayandırıb, Livana hücumlar davam edərsə, daha şiddətli cavabla bağlı xəbərdarlıq edib
