Mladen İvaniç: Çoxtərəfli institutların böhran içində olması fikri ilə razı deyiləm
sizinxeber.az xəbər saytı

Mladen İvaniç: Çoxtərəfli institutların böhran içində olması fikri ilə razı deyiləm


Çox böyük problemlərlə üzləşmiş ölkədən gələn biri kimi deyə bilərəm ki, bu vəziyyət bizim ölkənin kasıb olmasına görə deyildi.

Sizinxeber.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru” adlı tədbirdə Bosniya və Herseqovina Rəyasət Heyətinin sabiq serb üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mladen İvaniç deyib.

O bildirib ki, müharibə olmasaydı belə, hamı üçün mənzil təminatını həyata keçirə bilməzdilər: “Burada əsas rol çoxtərəfli institutlara məxsus idi. Mən təkcə BMT institutlarını nəzərdə tutmuram. Bizim üçün çox sayda QHT-lərin də böyük rolu oldu. Dünyanın hər yerindən minlərlə QHT xüsusilə müharibədən sonrakı ilk illərdə bizim ölkədə idi və xüsusilə Dünya Bankının rolu son dərəcə vacib idi. Mən həqiqətən inanıram ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı ölkənin yenidən qurulması və insanlar üçün mənzil təminatının həyata keçirilməsində çox mühüm rol oynadı. Müharibə zamanı Bosniyada evlərin 40 faizi dağıdılmışdı, 40 faizi ciddi şəkildə zədələnmiş və ya tamamilə məhv olmuşdu. Bu isə çox böyük problemlər yaradırdı. Çox vacib məqamlardan biri də çoxtərəfli institutların yerli strukturlara göstərdiyi təzyiq idi. Əgər qərarlar yalnız yerli siyasətçilərin ixtiyarına buraxılsaydı, onların hansı qərarı verəcəyi sual altında olardı. Amma prioritetləri müəyyən etməyə məcbur edən bir təzyiq olduqda yerli səviyyədə düzgün qərarların qəbul olunmasına təsir göstərildi. Bəzi yerli qüvvələr bəlkə də deyə bilərdi ki, “evləri deyil, ordu kazarmalarını bərpa etmək daha yaxşıdır”. Amma bu cür beynəlxalq təzyiq nəticəsində prioritetlər dəyişdi və bu, ümumilikdə müsbət bir nəticə verdi”.

Onun sözlərinə görə, bir çox insanlar hesab edir ki, çoxtərəfli institutlar böhran içindədir: “Mən isə bununla razı deyiləm. Bu, bəlkə də siyasi baxışlardan asılıdır. Lakin ixtisaslaşmış çoxtərəfli institutlar hələ də çox səmərəlidir. Mən UNESCO olmadan dünyanın necə olacağını təsəvvür edə bilmirəm. Ümumdünya Səhiyyə Təşkilatı da çox yaxşı və səmərəlidir. Bəzi məsələlərdə, xüsusilə siyasi səbəblərlə bağlı böhranlar var, amma bu institutların bütövlükdə böhran içində olduğunu düşünmürəm. Məncə, onlar kifayət qədər yaxşı və səmərəlidir. Mənim mesajım budur: əgər digər ölkələr barədə düşünürsünüzsə, Dünya Bankına və ya Avropa İttifaqı kimi qurumlara daha çox maliyyə ayırın. Bu, çox vacibdir. Əgər maliyyə töhfələri verilərsə, bu, real nəticələr əldə etməyə kömək edə bilər”.

Oxşar xəbərlər

UN-Habitat: WUF13-dən WUF14-ə gedən yol yerli icranın gücləndirilməsindən keçir
Jelka Tsviyanoviç: Qlobal Bakı Forumu problemlərimizi səsləndirmək üçün platformadır
Rossbax: WUF13-də ilk dəfə dövlət başçıları mənzil siyasətini birgə müzakirə ediblər
UN-Habitatın mütəxəssisi: Mənzil məsələləri şəhər gündəmlərinin ən mühüm mövzularından birinə çevrilib
Jelka Tsviyanoviç: Qlobal Bakı Forumu problemlərdən danışmaq üçün yaxşı fürsətdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər