
Azərbaycan millisinin üzvü: "AVRO-2026-nın əsas mərhələsi bizim üçün təcrübə oldu"

Azərbaycan millisinin üzvü: "AVRO-2026-nın əsas mərhələsi bizim üçün təcrübə oldu"
AVRO-2026-nın əsas mərhələsi bizim üçün böyük təcrübə oldu.
Bunu "Report"a açıqlamasında Azərbaycan futzal millisinin üzvü Oktay Rüstəmli deyib.
O, yığmanın AVRO-2026-nın əsas mərhələsində Xorvariyaya qarşı keçirdiyi oyun barədə danışıb:
"Futzal elə bir oyunudur ki, istənilən komandaya qarşı mübarizə aparmaq olar. Düşünürəm ki, Xorvatiya ilə görüşdə bunu sübut etdik. Rəqib həqiqətən güclü idi və ikinci hissədə hərəyə 1 dəfə fərqləndik. Fikrimcə, bizim üçün bunu uğurlu hesab etmək olar. Bildiyiniz kimi, yığmanın heyətinin əksəriyyətini gənc oyunçular təşkil edir. Ona görə matçın gedişində təcrübəsizlik sözünü deyirdi. Ümid edirəm ki, oyundan-oyuna gücümüzü artıracağıq".
30 yaşlı hücumçu Avropa çempionatının əsas mərhələsində uğurlu çıxış edə bilmədikləri üçün təəssüfləndiyini bildirib:
"AVRO-2026-nın əsas mərhələsi bizim üçün böyük təcrübə oldu. Gənc oyunçular yeni mərhələyə qədəm qoydular və inanıram ki, nələrsə öyrəndilər. Təbii ki, birdən-birə öyrənmək olmur. Özüm də daxil olmaqla, gücümüzü artırmağa çalışırıq. İnanıram ki, qarşıdakı yarışlarda daha inamlı təsir bağışlayacağıq".
Qeyd edək ki, Azərbaycan millisi V qrupun son görüşündə, Bakı İdman Sarayında Xorvatiyaya 1:4 hesabı ilə uduzub. Komandanın yeganə qolunu Oktay Rüstəmli (22) vurub. Vitali Borisovun baş məşqçisi olduğu kollektiv qrupu 2 xalla sonuncu pillədə başa vurub.