Müftə yeyən məmur kimi işləyən işçilər
sizinxeber.az xəbər saytı

Müftə yeyən məmur kimi işləyən işçilər


İZZƏT QURBANOV YAZIR.....

Müftə yeyən və ya müftə yeməyə can atan məmurlar tez-tez tənqid olunur. Bu tənqidlərin böyük hissəsi haqlıdır. Ancaq bir məqam adətən diqqətdən yayınır: həmin adamlar məmur olmamışdan əvvəl də insan idilər. Və çox güman ki, onların bugünkü davranışlarının kökü dünənki iş vərdişlərində gizlənir.

İş yerində elə insanlar görməmisinizmi ki, işdən başqa hər işlə məşğul olarlar? Ayın sonunu səbirsizliklə gözləyər, maaşı isə bəzən ən çalışqan əməkdaşdan daha artıq arzulayarlar. Ofisə daxil olan kimi “bu həftə nə vaxt bitəcək?”, “yoruldum”, “bu nə işdir axı?” kimi cümlələrlə havanı zəhərləyər, başqalarının da işləmək həvəsini öldürərlər. Dindirəndə ən çox istirahət istəyən də onlardır, ən çox gəlir arzulayan da. Amma bu istəklərin qarşılığında daşı daş üstünə qoymaq fikirləri yoxdur.

İndi təsəvvür edin: həmin xüsusiyyətlərə malik adam illərlə yalnız bir məqsəd üçün “çalışır” – hansısa postu tutmaq üçün. Günlərin birində də yolunu tapır və məmur olur. Bu, mümkün deyilmi? Əlbəttə mümkündür. Və bu baş verəndə biz təəccüblənirik ki, niyə filan məmur məsuliyyətsizdir, niyə işləmir, niyə yalnız öz marağını güdür. Halbuki cavab çox sadədir: o, əvvəldən belə idi.

Bu yaxınlarda maraqlı bir mənzərə ilə rastlaşdım. Yatağan, tənbəl, bir neçə saatlıq işi dörd günə güclə çatdıran birinin Almaniya sevgisindən danışdığını eşitdim. Almanlar… Onları zarafatla da, yarı ciddi də “işlayın-şlayın” deyə yamsılayırıq. “Alman dəqiqliyi”, “alman maşını işə düşdü” kimi ifadələri hamımız tanıyırıq. Yəni nizam-intizamın, məsuliyyətin nə demək olduğunu yaxşı bilirik.

Amma qəribədir ki, Azərbaycanda tüfeyli həyat sürən, müftə yemək arzusunda olanların böyük hissəsi də çıxış yolunu Almaniyada görür. Guya ora gedən kimi hər şey dəyişəcək. Halbuki bir saat belə saxlamazlar onları real iş yerində. Müvəqqəti sığınacaqda yaşamaq dünyanın hər yerində mümkündür, amma bu, zəhmətin alternativi deyil. Bu mənzərəni təsəvvür etmək belə kifayətdir ki, problem ölkədə yox, insandadır.

Müasir fəndləri, lotereyaları, “tez varlanma” mexanizmlərini kənara qoysaq, tarixdə kim ağır zəhmət çəkmədən kamala çatıb? Kim əziyyət görmədən karyerasında yüksəlib? İnsanların böyük hissəsi nəticəyə fokuslanır, prosesə yox. Hamı hazıra nazir olmaq istəyir. Amma müasir insan sanki getdikcə daha səbrsiz, daha məsuliyyətsiz olur.

Sosial şəbəkələrdə saatlarla vaxt öldürən, saxta həyatların aludəçisinə çevrilən insanlar tədricən özləri də saxtalaşırlar. Dindirsən, nizam-intizamdan, ədalətdən, Avropa dəyərlərindən danışa bilərlər. Hətta bir-iki mütəfəkkirdən sitat da gətirərlər. Çox vaxt kitabın içindən yox, üz qabığından. Bəzən də sadəcə şəkil çəkdirdikləri kitabdan.

Onlar deyirlər ki, əxlaq yalnız geyimlə ölçülmür. Doğrudur. Amma əxlaq təkcə sözlə də ölçülmür. Əxlaq işini vicdanla görməkdir. Əxlaq sənə tapşırılan işi yerinə yetirməkdir. Əxlaq ayın sonunda gözlədiyin maaşa həqiqətən layiq olmaqdır.

Bəziləri etiraz edəcək: insanlar çox vaxt iş yerində küsdürülür, dəyərsizləşdirilir, həvəsdən salınır. Bu, yalandırmı? Xeyr. Amma bu fakt müftəxor olmağa bəraət qazandırmır. Xarakterli insan müvəqqəti ruhdan düşə bilər, başqa iş axtarar. Alınmasa, bəli, ölkəni də tərk edə bilər. Amma işi yola verməyi, məsuliyyətsizliyi norma halına gətirməz.

Çalışqan insanların gec-tez uğur qazandığını az görməmişik. Müasir dillə desək, kainat gec də olsa haqqı yerinə qoyur. Amma buna inanmaq lazımdır. İnanmayan insan əvvəldən uduzub. Bir çox hədəflər, ümidlər məhz səbirsizlikdən ölür. Bir günə, bir aya, hətta bir ilə böyük nəticə gözləmək sadəlövhlükdür. Təsadüfi deyil ki, idman müəllimləri belə deyir: “Bir ilə sən hələ yeni formalaşmağa başlayacaqsan.”

Nəticə olaraq, iş yerində bacarıqdan əvvəl xarakter önəmlidir. İstedadını gizlədən insanla, bütün çətinliklərə baxmayaraq mübarizə aparan insan arasında uçurum var. Daim mızıldayanla fikrini normal ifadə etməyə çalışan arasında da böyük fərq var. Məsələ xarakter məsələsidir. Xarakter isə ya formalaşdırılır, ya da itirilir.

İçi nifrətlə dolu, deyingən, üzündən zəhrimar yağan adam bunu işinə də daşıyacaq. Nizam-intizam, çalışmağa cəhd, zəhmətsevərlik – bunlar xudbin “bacarıqlardan” qat-qat faydalıdır. Tərbiyə həmişə birinci gəlməlidir. Əxlaq, dəyər məhz belə ölçülür. Əlindən heç nə gəlməyib lovğalıq edənlərin sayı isə təəssüf ki, az deyil.

İllərlə eyni müəssisədə işləyib “özümü onsuz da bu sahədə görmürəm” deyənləri də yəqin ki, çoxumuz tanıyırıq. Tanımırsınızsa, gec-tez qarşılaşacaqsınız.

Konfutsi təsadüfən deməyib: “Harada olursansa ol, etdiyini ən yaxşı şəkildə et.” İnsan üzərində nəzarət olmayanda da işinin haqqını verməyi bacarmalıdır. Çünki həqiqi məsuliyyət məhz orada başlayır.


  

Oxşar xəbərlər

Uşaqlarımız Kitabdan Uzaqlaşır: Günah Kimdədir? - İzzət Qurbanov yazır
Ailə, iş, yoxsa sadəcə yaşamaq?
Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik
Yanğında ölən körpələr... Vicdanı olan məmur bu günahla necə yaşaya bilər axı?!
"ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər