Yanğında ölən körpələr... Vicdanı olan məmur bu günahla necə yaşaya bilər axı?!
sizinxeber.az xəbər saytı

Yanğında ölən körpələr... Vicdanı olan məmur bu günahla necə yaşaya bilər axı?!


Ölkənin ən böyük doğum evini... 4 körpənin ölüm evinə çevirən məsuliyyətsiz zehniyyətin yaşamaq haqqı yoxdur.
Bəli, texnogen qəzalar, yanğınlar və sair və ilaxır hər ölkədə olur. Ancaq bunun kökünə baxmaq lazımdır. Konkret olaraq, Perinatal Mərkəzdəki faciə total məsuliyyətsizliyin və korrupsiyanın nəticəsi kimi görünür. Baş prokuror özü deyir ki, növbətçi həkim yanğından xəbər tutub və xəbər verib.

Bəs hanı xəbərdaredici sistemlər?! Bəs hara baxıb Fövqəladə Hallar Nazirliyi yanında Yanğın Təhlükəsizliyi üzrə Dövlət Agentliyi?! Yanğını - o başlamamışdan söndürmək lazımdır. Yanğın baş verəndən sonra gəlib söndürmək... bu da başqa bir xidmətin işidir. Olur ki, böyük yanğınlarda elə yanğınsöndürənlərin özləri də həlak olur; bu da bizim üçün itkidir. Bugünkü yanğında da əvvəlkilər kimi əsas diqqət ona yönəlib ki, neçə yanğınsöndürən maşın gəlib, necə söndürürlər və sair?! Bu da çox önəmlidir. Ancaq yanğınla mübarizə, sadəcə, yanğını söndürmək deyil, həm də ən başlıcası, işi elə qurmaqdır ki, yanğın riski minimuma ensin. Bütün yaşayış binalarında, qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyinin tələblərinə uyğun önləyici və xəbərdaredici sistemlərin olması lazımdır.

Bizdə dövlət təhlükəsizliyi, eləcə də, dövlət sərhədlərinin, ictimai asayişin, ali dövlət hakimiyyət orqanlarının mühafizəsi, yüksək vəzifəli şəxslərin, onların ailə üzvlərinin təhlükəsizliyi, bəli, qorunur. Bunun üçün xüsusi dövlət qurumları var, işləyir.

Bəs yanğın təhlükəsizliyi, qida təhlükəsizliyi və sair. Bir sözlə, əhalinin həyatının təhlükəsizliyi... Bunlar da lazımınca qorunurmu?! Axı bunun üçün insanlar dövlətə vergi verir. Dövlət də büdcədən vəsait ayırır. Hara gedir o büdcə vəsaitləri?!

Bilirsiniz, yanğın, sadəcə, yanğın olmaya da bilər. Çünki dünyada terror təşkilatlarına, terrorçu qruplara sponsorluq edən, hətta özü də terrorçuluqla məşğul olan xüsusi xidmətlərin, cinayətkar şəbəkələrin əsas metodlarından biri də yanğınlardır. Bu mənada yanğın təhlükəsizliyi orqanları öz işinə sadə bir rutin kimi deyil, milli təhlükəsizlik məsələsi kimi baxmalıdır.

Prokurorluq orqanları yanğında baş vermiş ölüm hallarını araşdırıb günahkarları tapacağını vəd edib. Ancaq bu hadisəyə, sadəcə, növbəti yanğın kimi baxılacaqsa, kiçik məmurlar və ya sıradan şəxslər cəzalanacaqsa, nə dəyişəcək?! Məsələ təkcə kimin cəza alıb-almaması da deyil. Əsas iş kökünü tapmaqdır.

Əks halda, bugünkü kimi hələ çox yanar, bağrımız.

Yeni doğulmuş körpələr həyata başlamaq fürsəti tapmadan həyatdan getmiş! Vicdanı olan məmur bu günahla necə yaşaya bilər axı?! Vicdanı olmayan üçün hava xoş!

Səhiyyə nazirinin vəzifəsi hadisə yerində poz vermək yerinə gedib istefa versəydi, daha düzgün olardı. Axı, o post elə belə deyil; postda yatan əsgərin cəzası var. Belə faciələrə səbəb olan səhlənkarlıq əsgərin postda yatması kimi və daha ağır bir əməldir. Bədəli də ağırdır.

İlahin, Bizimyol.info

Oxşar xəbərlər

ABŞ səfirliyi Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rostovun məşhur bazarındakı yanğın söndürüldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağamirzədən Baləlinin bahalı maşın almasına reaksiya: "Hədiyyə ancaq qadın müğənnilər üçündür" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rumıniyada baş verən yanğında 5 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə ATS-də yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər