
Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib

Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
"Report" xəbər verir ki, əvvəlcə ali təhsil müəssisəsinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub.
AzTU-nun rektoru Vilayət Vəliyev Ersin Tatarın türk dövlətlərinin birliyi naminə göstərdiyi xidmətlərdən danışıb:
"Prezident Ersin Tatarın qardaş xalqların bir-birinə daha da yaxınlaşması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və qətiyyətli fəaliyyəti danılmazdır. Ersin Tatara AzTU-nun fəxri doktoru adının verilməsi məntiqidir və tarixi bir qərardır".
Daha sonra ali təhsil müəssisəsinin elmi katibi Vəfa Rzayeva AzTU-nun Elmi Şurasının bu il iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara fəxri doktor diplomunun verilməsi ilə bağlı qərarını oxuyub.
Ali təhsil müəssisəsinin rektoru Vilayət Vəliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara fəxri doktor diplomunu təqdim edib.
AzTU-nun fəxri doktoru, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar verilən dəyərə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirib.
Ersin Tatar bundan sonra da Türk dünyasının həmrəyliyi istiqamətlərində səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.
Foto: Zaur Mustafayev