Yaxın Şərqdə gərginlik artır: Səudiyyə koalisiyası hərəkətə keçdi
Yaxın Şərqdə gərginlik artır: Səudiyyə koalisiyası hərəkətə keçdi
Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələri Bab-əl-Məndəb boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etməyə başlayıb və husilərin təhdidlərinə qarşı "sərt" reaksiya verəcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə müttəfiq qüvvələrin nümayəndəsi Turki əl-Maliki özünün "X" hesabında məlumat paylaşıb.
Koalisiya tərəfindən gəmilərə qarşı ehtimal olunan hücumlar beynəlxalq hüququn pozulması və dəniz quldurluğu aktı kimi qiymətləndirilib. Əl-Maliki qeyd edib ki, atılan addımlar BMT-nin Dəniz Hüququ Konvensiyasının tələblərinə tam uyğundur.
O, eyni zamanda, husilərin Yəmən limanları və hava limanlarının blokadaya alınması ilə bağlı iddialarını təkzib edib. Koalisiyanın məlumatına görə, 2026-cı ilin ilk yarısında Hodeyda, Salif və Ras-İsa limanlarına ərzaq, müxtəlif məhsullar, neft və tikinti materialları daşıyan 300-dən çox ticarət gəmisi daxil olub.
Qeyd edək ki, Qırmızı dənizlə Ədən körfəzini birləşdirən Bab-əl-Məndəb boğazı Körfəz ölkələrindən Avropaya enerji daşıyıcılarının nəqli üçün mühüm marşrut hesab olunur. Bu boğaz vasitəsilə qlobal dəniz neft ticarətinin təxminən 12 faizi və dünya üzrə mayeləşdirilmiş təbii qazın (LNG) 8 faizi daşınır.
İyulun 16-da İran husilərə Qırmızı dənizin mümkün blokadasına hazırlaşmağı tövsiyə edib. Nəticədə, hərəkat Bab-əl-Məndəb boğazı yaxınlığında PUA-lar və raketlər yerləşdirib.
İyulun 20-də isə husilər Səudiyyə Ərəbistanının dənizdən blokadaya alındığını elan edərək, bunu Yəmənin onların nəzarətində olan bölgələrinə tətbiq edilən məhdudiyyətlərə cavab adlandırıblar. Bundan əvvəl, Səna hava limanına endirilən zərbədən sonra üsyançılar Səudiyyənin Abha şəhərindəki aeroporta hücum etmişdilər. Bu gərginlik 2022-ci ildən bəri davam edən qeyri-rəsmi atəşkəs rejimini pozub.
