Bakıda "Toxunmuş xatirələr" sərgisi açılıb
sizinxeber.az xəbər saytı

Bakıda "Toxunmuş xatirələr" sərgisi açılıb


Azərbaycan Milli Xalça Muzeyində finlandiyalı rəssamlar Elina Yuopperi və Henna Ahonun əsərlərini birləşdirən "Toxunmuş xatirələr" sərgisi açılıb.

"Report" xəbər verir ki, sərgi Finlandiyanın Cənubi Qafqazdakı Səfirinin Ofisi və Azərbaycan Milli Xalça Muzeyi tərəfindən təşkil olunub.

Səfir Kirsti Narinen qeyd edib ki, həm Finlandiya, həm də Azərbaycan dərin toxuculuq ənənələrinə malikdir. Onun sözlərinə görə, Azərbaycanda xalçalar özündə tarixi, simvolları, ailə yaddaşını və kimliyi daşıyır, Finlandiyada isə tekstil istehsalı qədimdən gündəlik həyatın və ailə ənənələrinin bir hissəsidir.

Diplomatın sözlərinə görə, sərgi tekstili təkcə bədii material kimi deyil, həm də yaddaş, təcrübə və ənənələrin daşıyıcısı kimi nümayiş etdirir. O vurğulayıb ki, təqdim olunan əsərlər müasir bədii təcrübələr vasitəsilə keçmişlə bu gün arasındakı əlaqəni əks etdirir.

Azərbaycan mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov qeyd edib ki, sərgi Azərbaycan ictimaiyyətinə müasir Finlandiya incəsənəti ilə daha yaxından tanış olmaq imkanı verəcək və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə doğru daha bir addım olacaq.

"Düşünürəm ki, bu sərgi Finlandiya xalqının tekstil sənətində də öz əksini tapan xüsusi xarakteri ilə daha yaxından tanış olmaq üçün yaxşı fürsət olacaq", - o deyib.

Səlimxanov vurğulayıb ki, Finlandiya incəsənət, dizayn və sənətkarlıq sahəsində zəngin ənənələrə malikdir və burada tekstil xüsusi yer tutur.

Sərgidə Elina Yuopperinin yoxa çıxan dillər, təbii landşaftlar və ekoloji qarşılıqlı əlaqə mövzularına həsr olunmuş əsərləri, həmçinin Henna Ahonun kollektiv yaradıcılığı, eləcə də material, məkan və insanın qarşılıqlı təsirini araşdıran tekstil kompozisiyaları təqdim olunur.

Sərgidə həmçinin Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirsti Narinenin ailə kolleksiyasından ev tekstilinin seçilmiş nümunələri də nümayiş etdirilir.

Qeyd edək ki, sərgi avqustun 16-dək davam edəcək.

Oxşar xəbərlər

Azərbaycan Milli Xalça Muzeyində "Təbii Zəka / NI - Natural Intelligence" sərgisi açılıb
Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb
Türkmənistanda Azərbaycan Milli İncəsənət və Milli Xalça muzeylərinin xüsusi sərgisi nümayiş olunub
Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər