ABA: Açıq bankçılıq xidmətlərinin lisenziyalaşdırılmasına baxılmalıdır
sizinxeber.az xəbər saytı

ABA: Açıq bankçılıq xidmətlərinin lisenziyalaşdırılmasına baxılmalıdır


Azərbaycanda açıq bankçılıq xidmətlərinin lisenziyalaşdırılmasına baxılmalıdır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, açıq bankçılıq ekosistemə iki yeni xidmət - hesab üzrə məlumat xidməti və ödəniş təşəbbüsü (vasitəçilik) xidmətini gətirir: "Bu xidmətlər rəqəmsal platformalaşmanın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Məhz bu mexanizm vasitəsilə istər fintexlər, istər banklar, istərsə də digər ödəniş xidməti təchizatçıları qarşılıqlı əməkdaşlıqlarını daha da genişləndirə bilirlər. Burada əsas şərtlərdən biri rəqəmsal platformaların formalaşdırılmasıdır. Rəqəmsal platforma dedikdə bankların mobil tətbiqləri, fintexlərin mobil tətbiqləri, internet portalları, şəxsi kabinetlər və digər rəqəmsal həllər nəzərdə tutulur. Bu istiqamətdə müxtəlif yanaşmalar mövcuddur. Hazırkı mərhələdə ilkin addımlar atılır və müvafiq platformanın formalaşdırılması prosesi davam edir. Hesab edirəm ki, növbəti mərhələlərə diqqət yetirmək daha məqsədəuyğundur".

"Gözlənti ondan ibarətdir ki, xidmətin tətbiqi genişləndikcə müvafiq standartlar da müəyyən ediləcək. Məsələn, İngiltərədə açıq bankçılıq üzrə vahid standartlar tətbiq olunur. Paralel olaraq, yalnız açıq bankçılıq xidmətləri göstərən subyektlərin fəaliyyətinin lisenziyalaşdırılması məsələsinə də baxıla bilər", - deyə T.Rüstəmov əlavə edib.

Onun sözlərinə görə, lisenziya prosedurlarının sadələşdirilməsi açıq bankçılığı sürətləndirə bilər: "Biz adətən yalnız fintexlər və banklar üzərində fokuslanırıq. Halbuki açıq bankçılığın digər tərəfi də var. Bu cür xidmətlərdən iri platformalar da yararlana bilərlər. Məsələn, elektron ticarət platformaları açıq bankçılıq imkanlarından istifadə edərək öz müştərilərinə əlavə xidmətlər təqdim edə bilər. Açıq API və açıq bankçılığın üstünlüklərindən daha effektiv yararlanmaq üçün lisenziya və qeydiyyat prosedurlarına yenidən baxılması, bu prosesin sadələşdirilməsi məqsədəuyğun olardı. Bu halda, istehlakçılar, yəni ödəniş xidməti istifadəçiləri açıq bankçılıq xidmətlərindən daha səmərəli şəkildə faydalana bilərlər".

"Unutmamalıyıq ki, istifadəçilər yalnız bank və ya fintex tətbiqlərindən asılı deyillər. Hər birimiz müxtəlif platformalarda gündəlik alış-veriş edirik. Məsələn, istifadəçi kitab almaq istəyir. Adətən kart məlumatları daxil edilməlidir. Lakin platformanın hər hansı bank və ya ödəniş təşkilatı ilə inteqrasiyası olarsa, istifadəçi həmin platformadan çıxmadan birbaşa ödənişi həyata keçirə bilər. Yəni açıq bankçılığın mahiyyəti yalnız bank və ya fintex tətbiqləri ilə məhdudlaşmır. Bu xidmətlər elektron ticarət platformalarına və digər rəqəmsal ekosistem iştirakçılarına da inteqrasiya oluna bilər. Bunun üçün isə müvafiq qeydiyyat və lisenziyalaşdırma proseslərinin daha çevik və sadə olması vacibdir. Bu, nə qədər asanlaşdırılsa, xidmətlərin yayılması və istifadəsinin səmərəliliyi də bir o qədər artacaq", - deyə ABA rəsmisi qeyd edib.

Oxşar xəbərlər

ABA: Türk dövlətlərində rəqəmsal ödəniş inteqrasiyası üçün yeni imkanlar genişlənir
AMB “Açıq bankçılıq” üzrə təsdiq olunmuş tələblərə dair açıqlama yayıb
Azərbaycanda ilk dəfə 2 elektron pul təşkilatı "Açıq bankçılığ"a qoşulub
Ödəniş kartları ilə bağlı təhlükəsizlik standartlarının qanunvericiliyə inteqrasiyası təklif olunur
Türkiyə Banklar Birliyinin katibi: "Kibertəhlükəsizlik sahəsində regional əməkdaşlıq güclənir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər