Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin noyabrın 12-də keçirilən birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O, Bələdiyyə və Yuğ teatrlarının bina problemini də qaldırıb. Deputat deyib ki, bu vəziyyət təkcə teatr kollektivinə deyil, bütövlükdə milli teatrımızın inkişafına mənfi təsir göstərir.

Deputat Ceyhun Məmmədov isə söyləyib ki, vətəndaşın əlilliyi dayandırılır və ona yenidən müavinətin verilib-verilməməsi ilə bağlı araşdırmaya başlanılır:

“Araşdırma bir neçə ay davam edir və həmin şəxsə yenidən müavinətin verilməsi barədə qərar qəbul edilir. Ancaq həmin pula ciddi ehtiyacı olan vətəndaşa aradakı müddət üçün heç bir vəsait ödənilmir. Bu vəsait həmin insanlar üçün həyati əhəmiyyət daşıyır. Ona görə də bu məsələyə yenidən baxmaq yaxşı olardı”.

Klub və kitabxanaların hazırkı durumundan danışan C.Məmmədov vurğulayıb ki, bu yerlər həm də ideoloji mərkəz rolunu oynayır:

“Bu müəssisələrə yanaşmada əsas meyar yalnız qənaət olmalı deyil. Əsas prioritet ideoloji iş olmalıdır. Odur ki, sözügedən müəssisələrin bağlanılmasına daha həssas yanaşmağa ehtiyac var”.

Deputat həmçinin bildirib ki, bu gün ölkəmizə qarşı aparılan ideoloji işdə əsas hədəf kütləsi gənclərdir: “Gənclər təşkilatlarının, gənclər mərkəzlərinin fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə vəsaitin ayrılmasına və mexanizmlərin işlənilməsi ehtiyac var.

Digər məsələ kimi din xadimlərinə dəstəyin az da olsa artırlmasına ehtiyac var. Bu gün işğaldan azad olunmuş ərazilərdə dini-tarixi abidələr ən yüksək səviyyədə təmir və bərpa olunur. Bu çox önəmlidir. Düşünürəm digər bölgələrimizdə də tarixi dini abidələrin mərhələli təmiri üçün büdcədən vəsaitin ayrılmasına ehtiyac var. Bu abidələr həm də bizim milli kimliyimizdir”.

Mürtəza