2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə ayrılması nəzərdə tutulan 643 milyon manat vəsaitin 239 milyon manatı və yaxud 37 %-i kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların, musiqi kollektivlərinin saxlanılmasına yönəldiləcək.
"Report" xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Həmin vəsaitin 68,4 milyon manatı və yaxud 11 %-i televiziya, radio və nəşriyyat xərclərinə, 49 milyon manatı və yaxud 7,5 %-i bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və yaxud 3,5 %-i yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərin, 264 milyon manatı və yaxud 41 %-i isə bu sahələrdə digər müəssisə və tədbirlərlə (mərkəzləşdirilmiş mədəniyyət tədbirləri, mühasibatlıq, mədəniyyət obyektlərinin təmiri, maddi texniki təminatın gücləndirilməsi və s.) bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək", - deyə o qeyd edib.
Bundan başqa, nazir müavini deyib ki, gələn il xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması üçün 13,7 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2026-cı illə müqayisədə 20 % çoxdur.
"Ölkədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin, tarix-diyarşünaslıq muzeylərinin və bu kimi mədəniyyət müəssisələrinin saxlanılması üçün isə 49,7 milyon manat vəsait proqnozlaşdırılıb. Media qurumlarının xərclərinin qarşılanması və fəaliyyətinin təmin olunması məqsədilə növbəti il üçün ümumilikdə 68,4 milyon manat vəsait nəzərdə tutulub. Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, teatr və kino sahələrinin inkişaf etdirilməsi məqsədilə tədbirlərin maliyyələşdirilməsi üçün 13,3 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirləri üzrə isə 26,8 milyon manat vəsait proqnozlaşdırılıb. Bununla yanaşı növbəti ilin büdcə layihəsində bəzi təşkilatların, o cümlədən teatr, konsert müəssisələrinin fəaliyyəti ilə bağlı 51,6 milyon manat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti üçün 3,4 milyon manat, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılması üçün 3,1 milyon manat, Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat vəsait proqnozlaşdırılıb", - deyə H.Məmişov əlavə edib.
Bundan başqa, nazir müavini deyib ki, növbəti ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat, o cümlədən beynəlxalq və ölkədaxili idman tədbirlərinin keçirilməsi üçün 15,2 milyon manat, 76 idman obyektinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması ilə bağlı xərclərin ödənilməsi üçün 11,9 milyon manat, idmançıların və məşqçilərin motivasiyasının artırılması, beynəlxalq arenada yüksək idman nailiyyətlərinin stimullaşdırılması üçün 3,9 milyon manat, digər idman tədbirlərinə 4,8 milyon manat vəsait proqnozlaşdırılıb.
"2027-ci ildə gənclər siyasəti xərcləri üzrə 12,9 milyon manat, o cümlədən 35 "Gənclər evi" sosial xidmət müəssisəsinin saxlanılması üçün 5,3 milyon manat, gənclərin inkişafı ilə bağlı digər tədbirlər üzrə 7,6 milyon manat vəsait proqnozlaşdırılıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində tədbirlər, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlər, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin həyata keçirilməsi xərcləri üçün 7,1 milyon manat vəsait nəzərdə tutulub", - deyə o qeyd edib.