“Məktəblərin daşlanması, təhsil müəssisələrinin təhlükəsizliyinin pozulması və uşaqların xəsarət alması ilə bağlı məlumatların sosial mediada geniş yayıldığını görürük. Bu, artıq təkcə təhsil məsələsi deyil, həm də ictimai təhlükəsizlik, uşaqların müdafiəsi və məktəbdaxili münasibətlərlə bağlı problemdir”. Bu fikirləri Redaktor.az -a məktəblərə hücumlardan danışan təhsil eksperti

Rizvan Fikrətoğlu bildirdi.

O, Azərbaycanda vahid məktəbli geyimi qaydasının tətbiqindən sonra məktəblərə qarşı baş verən hücumların, təhsil müəssisələrinin daşlanmasının və uşaqların xəsarət alması ilə bağlı məlumatların xüsusilə diqqətlə araşdırılmasının vacibliyini vurğuladı: “İlk növbədə, hadisələrin konkret səbəblərini müəyyənləşdirmək lazımdır. Məktəbli geyimi ilə bağlı qaydaların tətbiqi ilə məktəblərə hücumlar arasında birbaşa əlaqənin olub-olmadığı, əslində, burada əsas məqsədin və niyyətin nədən ibarət olduğu araşdırılmalıdır. Ola bilsin ki, bəzi şəxslər yaranmış vəziyyətdən fürsət kimi istifadə edirlər. Lakin bu, özbaşınalığa yol verilməsi üçün əsas ola bilməz”.

Ekspertin fikrincə, baş verən hadisələr məktəblərdə təhlükəsizlik, valideyn məsuliyyəti və yeniyetmələrin davranışları məsələlərini də yenidən gündəmə gətirir: “Ümumiyyətlə, baş verən belə hadisələr məktəblərdə təhlükəsizliyin təmin edilməsi, valideynlərin məsuliyyəti, yeniyetmələrin davranışları və cəmiyyətdə təhsilə münasibət kimi məsələləri yenidən gündəmə gətirir”.

Rizvan Fikrətoğlu məktəbə qarşı aqressiv davranışların yolverilməz olduğunu bildirərək təhsil müəssisələrinin cəmiyyətdəki roluna diqqət çəkdi: “Məktəb yalnız dərs keçirilən bina deyil, uşaqların bilik qazandığı, şəxsiyyət kimi formalaşdığı və gələcəyini qurduğu məkandır. Bu məkana qarşı aqressiv davranış nümayiş etdirilməsi, binanın daşlanması və nəticədə şagirdlərin xəsarət alması yolverilməzdir. Heç bir narazılıq, mübahisə və ya qaydalarla razılaşmamaq uşaqların həyatını və sağlamlığını təhlükəyə atmağa haqq qazandıra bilməz”.

Ekspert hesab edir ki, məktəbli geyimi ilə bağlı narazılıqların həlli yolu qanuni və sivil üsullardan keçir: “Əgər hər hansı şəxs məktəblərdə tətbiq edilən geyim qaydasından narazıdırsa, bu narazılıq qanuni və sivil yollarla ifadə olunmalıdır. Təhsil müəssisəsinə hücum etmək problemi həll etmir, əksinə, daha ciddi fəsadlara səbəb olur”.

O, vahid məktəbli geyiminin məqsədlərindən də danışdı. “Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, vahid məktəbli geyiminin əsas məqsədləri arasında məktəbdə nizam-intizamın təmin edilməsi, şagirdlər arasında geyimə görə yaranan sosial fərqlərin müəyyən qədər azaldılması və vahid məktəb mühitinin formalaşdırılması dayanır. Lakin hər hansı qaydanın qəbul edilməsi onun cəmiyyət tərəfindən avtomatik şəkildə qəbul olunacağı demək deyil”.

Rizvan Fikrətoğlu əlavə etdi ki, belə qərarların tətbiqi zamanı valideynlərin və şagirdlərin fikirlərinin dinlənilməsi, qaydaların mahiyyətinin izah edilməsi vacibdir: “Belə qərarlar tətbiq edilərkən valideynlərə, şagirdlərə və məktəb kollektivinə qaydaların məqsədi düzgün izah edilməli, yaranan suallar dinlənilməli və mümkün narazılıqlar dialoq yolu ilə həll olunmalıdır. Qaydaların insanlara yalnız tələb və qadağalar vasitəsilə deyil, onların mahiyyəti və məqsədi izah edilməklə çatdırılması vacibdir”.

Ekspert sonda bir daha vurğuladı ki, məktəbli geyimi ilə bağlı narazılıqlar məktəblərə hücuma və uşaqların təhlükəsizliyinin riskə atılmasına bəraət qazandıra bilməz: “Lakin bir daha qeyd edirəm ki, geyim qaydasına qarşı narazılığın olması məktəbə hücum etmək üçün əsas deyil. Belə davranış artıq hüquqi qiymətləndirmə tələb edən əməldir. Heç bir narazılıq məktəbin daşlanmasına, uşaqların xəsarət almasına haqq qazandıra bilməz. Bu cür aqressiv münasibət ilk növbədə uşaqların təhlükəsizliyi məsələsini gündəmə gətirir. Valideyn uşağını məktəbə təhlükəsiz mühitdə təhsil alması üçün göndərir, onun daşlanması və ya hər hansı zərər görməsi üçün deyil”.

NURİYYƏ