Ermənistanın Rusiya Federasiyasındakı səfiri Qurgen Arsenyanın tezliklə ölkəsinə geri dönəcəyi bildirilir.

Oxu.Az bu barədə "Hraparak" nəşrinə istinadla xəbər verir.

Nəşrin məlumatına görə, Ermənistan hakimiyyəti hələ yay aylarında 2024-cü ilin avqustunda təyin edilmiş səfiri dəyişdirmək qərarına gəlib. Lakin Rusiyadakı diplomatik missiyanın yeni rəhbərinin təyinatı yubandığı üçün Arsenyan öz vəzifələrini icra etməyə davam edib.

Qəzet diplomata yaxın mənbələrə istinadən qeyd edir ki, o, artıq şəxsi əşyalarını toplayır. Dövlət əmlakından demək olar ki, istifadə etmədiyi üçün onun ləvazimatlarının çox olduğu vurğulanır.

Məqalədə bildirilir ki, Arsenyan hətta özünün bahalı "Bentley" avtomobilini də Moskvaya aparıb və indi bütün bunları yenidən Ermənistana qaytarmalı olacaq.

Nəşr yazır ki, Ermənistan rəhbərliyi Avropa ölkələrində səfir kimi fəaliyyət göstərmiş, 2004-2010-cu illərdə isə respublikanın NATO-dakı nümayəndəsi olmuş 67 yaşlı Samvel Mkrtçyanı Moskvaya göndərmək qərarına gəlib.

Bildirilir ki, o, xarici işlər nazirinin müavini Robert Abisoqomonyanın dayısıdır. Bununla belə, məqalədə Rusiya tərəfinin ona aqreman (razılıq) verilməsini ləngitdiyi iddia olunur.

Qeyd edək ki, hələ noyabrın 1-də Rusiya Xarici İşlər Nazirliyi tərəfindən Ermənistan mətbuatının Moskvanın Samvel Mkrtçyanın yeni səfir kimi namizədliyini təsdiqləməkdən imtina etməsi barədə yaydığı məlumatlar təkzib olunub.