"Barselona" klubu azarkeşlərinə vəfat etmiş yaxınlarının külünü "Spotify Kamp Nou" stadionunda saxlamaq imkanı verəcək.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Memorial FC Barcelona" adlanan layihə çərçivəsində stadionun daxilində, futbol meydanından bir neçə metr aralıda xüsusi kolumbarium yaradılacaq. Burada azarkeşlər yaxınlarının külü olan qablar üçün yer əldə edə biləcəklər. Layihədən dünyanın istənilən ölkəsindən olan şəxslər yararlana biləcəklər. Bunun üçün "Barselona"nın üzvü olmaq şərt deyil.
Kolumbariumda yer 10, 25 və 50 illik müddətlərə təqdim olunacaq. Qiymətlər müvafiq olaraq 2 490, 4 990 və 5 990 avrodan başlayır. Qeyd edək ki, əlavə olaraq kül qabı və rəsmiləşdirmə üçün 180 avro, illik texniki xidmət üçün isə 70 avro ödənilməlidir.
Klubun məlumatına görə, layihənin ilk mərhələsinin 2027-ci ilin sonunda, ikinci mərhələsinin isə 2028-ci ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır. Ümumi sahəsi 1 500 kvadratmetr olacaq memorialda kolumbariumlarla yanaşı, xatirə lövhələri də yerləşdiriləcək.