Ermənistanın yeni konstitusiyasının layihəsi növbəti həftə ərzində ictimaiyyətə təqdim ediləcək. Bu prosesdən sonra müvafiq dinləmələrin və müzakirələrin keçirilməsi planlaşdırılır, daha sonra sənəd parlamentin baxışına göndəriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, yeni diqqət mərkəzində olan məsələlərdən biri andlı iclasçılar institutunun yaradılmasıdır. Lakin bu təşəbbüs iqtidar komandası daxilində belə birmənalı dəstək qazanmayıb.

Qəzetdə yazılana görə, hakim Vətəndaş Sazişi Partiyasının qapalı idarə heyəti iclasında iqtidar nümayəndələrinin böyük qismi Ermənistan reallığında belə bir sistemin tətbiqinin ciddi çətinliklərə yol aça biləcəyindən narahatlıqlarını ifadə ediblər. Başlıca səbəb kimi o göstərilib ki, Ermənistanda cəmiyyət kiçikdir, az qala hər kəs bir-birini tanıyır və müxtəlif əlaqələrə malikdir. Buna görə də andlı iclasçıların tamamilə tərəfsiz və müstəqil qərarlar qəbul edəcəyinə heç bir zəmanət yoxdur.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bu fikirlərlə razılaşmayaraq bildirib ki, sabiq prezident Robert Koçaryan və Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qaqik Sarukyan məhz xalqın tələbi ilə həbs ediliblər.

Nəşrin məlumatında vurğulanır ki, baş nazirin qənaətinə görə, andlılar sistemi onsuz da de-fakto mövcuddur, indi sadəcə onu institusional formaya salmaq tələb olunur. Beynəlxalq təcrübədə bu institutun fərqli növləri mövcuddur. Bəzi dövlətlərdə andlı iclasçılar yalnız təqsirkarlıq məsələsinə baxır, peşəkar hakim isə prosesin qanuniliyini təmin edərək cəzanı təyin edir. Digər modellərdə isə hakim və andlı iclasçılar qərarları birlikdə qəbul edirlər. Ermənistan variantında isə hələlik qeyri-müəyyənlik hökm sürür. Hansı modelə üstünlük veriləcəyi, andlıların hansı növ işlərə cəlb ediləcəyi, onların seçim qaydaları və kənar müdaxilələrdən qorunma mexanizmlərinin necə olacağı aydınlaşdırılmayıb.

Məqalədə, həmçinin xüsusi olaraq qeyd olunur ki, yeni konstitusiya layihəsindən Ermənistanın Müstəqillik Bəyannaməsinə olan istinad da çıxarılacaq.