Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) sammitində 50 Avropa dövlətinin rəhbərləri iştirak edəcəklər.

Sizinxeber.Az xəbər verir ki, bu barədə "The Standart" nəşri məlumat yayıb.

Bildirilir ki, Böyük Britaniyanın Baş naziri Endi Börnhemin nümayəndəsi sammitin proqramından danışarkən əsas diqqətin Ukraynaya yönələcəyini qeyd edib:

"Xüsusən bu həftə Əbu-Dabidəki sülh danışıqlarından sonra Ukrayna məsələsi diqqət mərkəzində olacaq".

Nəşrin yazdığına görə, tədbir əsnasında Börnhem Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini açıqlaya, habelə Avropanın təhlükəsizliyinə istiqamətlənmiş hibrid təhdidlər mövzusunu müzakirəyə çıxara bilər.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Rusiya ilə baş tutan görüşlərdən sonra ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerdən yeniliklər gözlədiyini bildirib.

Hazırda Moskvada olan ABŞ prezidentinin xüsusi nümayəndələri Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Dublinə yollanaraq V.Zelenski ilə danışıqlar aparacaqlar. Onlar Zelenski ilə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin Əbu-Dabidə keçirdikləri üçtərəfli danışıqların nəticələrini müzakirə edəcəklər.