Yaponiyalı peşəkar restler Billi Ken Kid Kavanişi şəhər şurasına üzv seçilib. O, şuranın iclaslarında özünəməxsus maskası ilə iştirak etmək hüququ qazanıb.

Oxu.Az Sun TV-yə istinadən xəbər verir ki, "Osaka Pro Wrestling" təşkilatında çıxış edən 52 yaşlı idmançı oktyabrın 18-də keçirilən bələdiyyə seçkisində mandat qazanıb.

Restler seçki kampaniyası boyunca səhnə obrazına uyğun olaraq maska taxıb. Seçkidə qalib gəldikdən sonra onun rəsmi iclaslarda da üzünü gizlədib-gizlədə bilməyəcəyi müzakirə mövzusuna çevrilib.

Yerli şuranın qaydalarında maska taxılmasını tənzimləyən konkret müddəa olmadığından məsələ fraksiyalar arasında ayrıca müzakirə edilib. Sonda əksəriyyət idmançıya bu məsələdə güzəştə getməyə razılaşıb.

Razılaşmaya əsasən, iclas zalına daxil olmazdan əvvəl şuranın sədri deputatın üzünü maskasız görərək onun şəxsiyyətini təsdiqləməlidir. Rəsmi mərasimlərdə isə restler maskasız iştirak etməyi planlaşdırır.

Noyabrın 9-da Billi Ken Kid ilk dəfə plenar iclasa qatılıb. O, klassik iş kostyumu və qızılı rəngli maska taxıb. Nəşrin məlumatına görə, o, Hyoqo prefekturasında maska ilə plenar iclasda iştirak edən ilk deputat-restler olub.

Uzun illərdir restlinqlə məşğul olan Kid deputat iclaslarını şouya çevirmək niyyətində olmadığını bildirib:

"Özüm olaraq qalmaqla, həmişəki kimi sakitliyimi qorumaq və işləmək istəyirəm".