Nazir müavini Kürdəmirdə tədris prosesi ilə tanış olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
apr
2025
18:50

Nazir müavini Kürdəmirdə tədris prosesi ilə tanış olub

10 apr, 2025
18:50
697

Nazir müavini Kürdəmirdə tədris prosesi ilə tanış olub

Aprelin 10-da elm və təhsil nazirinin müavini İdris İsayev Kürdəmir rayonunda olub.

Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, səfər zamanı İdris İsayev Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbə baş çəkib. Sözügedən təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olan nazir müavini müəllim və şagird kollektivi ilə də görüşüb, onların təkliflərini dinləyib və öz tövsiyələrini verib.

Nazir müavini Kürdəmir şəhərində yerləşən 10 nömrəli körpələr evi-uşaq bağçasında da təlim-tərbiyə prosesini izləyib.

Səfər çərçivəsində İdris İsayev E.Qurbanov adına Qarasu kənd tam orta məktəbində Vətən müharibəsində şəhid olmuş müəllim Qoşqar Ömərovun atası, həmin məktəbin riyaziyyat müəllimi Səxavət Ömərov ilə görüşüb. Görüş zamanı şəhid atası Qoşqar Ömərovun keçdiyi ömür yolu və müəllim kimi fəaliyyəti barədə danışıb.

Nazir müavini Kürdəmirdə vətəndaş qəbulu da keçirib. Qəbul zamanı vətəndaşlar tərəfindən işlə təmin olunma və digər mövzularla bağlı müraciətlər edilib. İdris İsayev hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verib.

Bizimlə əlaqə saxlayın