Vüqar Mirzəzadə: "Bakı Gəmiqayırma Zavodu beynəlxalq sifarişlər hesabına qlobal rəqabət qabiliyyətini gücləndirir" - MÜSAHİBƏ
Azərbaycan son illərdə Avrasiyanın əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilərək beynəlxalq yükdaşımalar zəncirində strateji mövqeyini daha da möhkəmləndirir. Bu prosesdə dəniz nəqliyyatı və gəmiqayırma sənayesi xüsusi əhəmiyyət daşıyır. Xəzər hövzəsinin ən iri sənaye müəssisələrindən biri olan Bakı Gəmiqayırma Zavodu həm ölkənin dəniz donanmasının yenilənməsində, həm də beynəlxalq sifarişlərin icrası hesabına Azərbaycanın sənaye və ixrac potensialının genişlənməsində mühüm rol oynayır.
Bakı Gəmiqayırma Zavodunun mövcud fəaliyyəti, beynəlxalq sifarişləri, yeni layihələri və qarşıdakı inkişaf perspektivləri barədə "AZCON Holding"in icraçı direktorunun müavini Vüqar Mirzəzadə "Report"a müsahibəsində danışıb.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Bakı Gəmiqayırma Zavodunun son illərdə əldə etdiyi nəticələr və inkişaf dinamikası barədə nə deyə bilərsiniz?
- Ölkə rəhbərliyinin nəqliyyat-logistika və sənaye sahələrində həyata keçirdiyi uzaqgörən siyasətin mühüm nəticələrindən biri olan Bakı Gəmiqayırma Zavodu 2011-ci ildə təməli qoyulub. Zavod hazırda Xəzər regionunun ən müasir gəmiqayırma və gəmi təmiri müəssisələrindən birinə çevrilib.
"AZCON Holding"in idarəetməsinə keçiddən sonra zavod fəaliyyətində yeni inkişaf mərhələsinə qədəm qoyub. Son dövrdə əməliyyat səmərəliliyinin artırılması, istehsal proseslərinin optimallaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və resurslardan daha effektiv istifadə istiqamətində həyata keçirilən tədbirlər müəssisənin istehsal potensialının genişlənməsinə, məhsuldarlığın yüksəlməsinə və sifariş portfelinin əhəmiyyətli dərəcədə artmasına imkan yaradıb.
Bu gün Bakı Gəmiqayırma Zavodu həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi tanınan, yüksək rəqabət qabiliyyətinə malik müasir sənaye müəssisəsidir. Əldə olunan nəticələr Azərbaycanın nəqliyyat, logistika və sənaye sektorlarının inkişafına yönəlmiş ardıcıl dövlət siyasətinin, eləcə də son illərdə həyata keçirilən institusional islahatların uğurlu nəticəsidir.
- Yeni konteyner gəmilərinin tikintisi Azərbaycanın nəqliyyat-logistika strategiyasına və regional mövqeyinə hansı töhfələri verəcək?
- Bu gün təməli qoyulan, hər biri 780 TEU tutumuna malik konteyner gəmilərinin tikintisi Azərbaycanın nəqliyyat-logistika potensialının daha da gücləndirilməsinə və ölkənin regional tranzit mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Son illərdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib. Yeni gəmilər Xəzər dənizi üzərindən yükdaşımaların həcminin artırılmasına, yük axınlarının daha operativ və səmərəli idarə olunmasına, həmçinin Orta Dəhliz boyunca artan tələbatın qarşılanmasına xidmət edəcək.
Birləşmiş Ərəb Əmirliklərinin aparıcı liman və logistika operatorlarından biri olan "AD Ports Group" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə regionun əsas ticarət və logistika mərkəzləri arasında əlaqələrin gücləndirilməsinə, Xəzər hövzəsində dəniz daşımalarının inkişafına və beynəlxalq ticarət marşrutlarının rəqabət qabiliyyətinin artırılmasına əlavə imkanlar yaradacaq.
- Bu layihənin Orta Dəhlizin inkişafında və Azərbaycanın tranzit rolunun güclənməsində əhəmiyyəti nədən ibarətdir?
- 2028-ci ilədək istismara verilməsi nəzərdə tutulan yeni gəmilər Asiya ilə Avropanı Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə birləşdirən Orta Dəhlizin daşıma potensialının artırılmasında mühüm rol oynayacaq.
Bu gəmilər Xəzər dənizində konteyner daşımalarının həcmini artırmağa, artan yük axınlarını daha səmərəli şəkildə idarə etməyə və marşrut üzrə logistik imkanları genişləndirməyə imkan verəcək. Nəticədə, yükdaşımaların sürəti və etibarlılığı yüksələcək, tranzit müddətləri azalacaq.
Eyni zamanda, layihə Orta Dəhlizin ənənəvi nəqliyyat marşrutlarına alternativ olaraq təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli beynəlxalq ticarət dəhlizi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək. Bu isə Azərbaycanın regionun əsas tranzit və logistika mərkəzlərindən biri kimi rolunu daha da gücləndirəcək.
- Hazırkı sifariş portfeli Bakı Gəmiqayırma Zavodunun istehsal potensialı və bazar etimadı haqqında nəyi göstərir?
- Hazırda Bakı Gəmiqayırma Zavodunun sifariş portfelində ümumilikdə 17 gəmi yer alır. Bunlardan 11-i tikinti, 6-sı isə layihələndirmə mərhələsindədir. Xüsusilə diqqətçəkən məqam odur ki, bu layihələrin 4-ü beynəlxalq sifarişlərdir ki, bu da zavodun xarici bazarlarda artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.
Eyni zamanda, Qazaxıstanın "Samruk-Kazyna" ASC-nin şirkətlər qrupuna daxil olan "KTZ Express Shipping" şirkəti ilə gəmiqayırma sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müasir beynəlxalq standartlara cavab verən iki ədəd quru yük gəmisinin inşası həyata keçiriləcək.
Bu sifariş portfeli Bakı Gəmiqayırma Zavodunun istehsal gücünün, texniki imkanlarının və peşəkar kadr potensialının yüksək səviyyədə olduğunu, həmçinin regionun aparıcı gəmiqayırma müəssisələrindən biri kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.
- Beynəlxalq sifarişlərin artması zavodun rəqabətqabiliyyətliliyi və ixrac imkanları baxımından hansı perspektivlər yaradır?
- Beynəlxalq sifarişlərin sayının artması Bakı Gəmiqayırma Zavodunun yüksək texnoloji imkanlarının, peşəkar mühəndis və mütəxəssis potensialının, eləcə də beynəlxalq standartlara uyğun məhsul istehsal etmək qabiliyyətinin təsdiqidir.
Bu sifarişlər zavodun qlobal gəmiqayırma bazarında etibarlı və rəqabətqabiliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirir, yeni bazarlara çıxış imkanlarını genişləndirir və ixrac potensialının artmasına şərait yaradır.
Qeyd edim ki, zavod fəaliyyətə başladığı vaxtdan indiyədək 14 gəmi tikintisi layihəsini uğurla tamamlayıb, 170-dən çox gəminin təmirini həyata keçirib. Bu göstəricilər müəssisənin topladığı təcrübəni və beynəlxalq sifarişçilərin etimadını aydın şəkildə əks etdirir.
Oxşar xəbərlər
"Bakı Gəmiqayırma Zavodu" Qazaxıstan şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Xəzər hövzəsində ən böyük gəmiqayırma zavodu 2028-ci ilədək olan planlarını açıqlayıb
"Bakı Gəmiqayırma Zavodu"nun vergi güzəştləri 6 il müddətinə uzadılır
“Bakı Gəmiqayırma Zavodu”nun istehsal dəyəri 3 dəfədən çox artıb
"Bakı Gəmiqayırma Zavodu" "KTZ Express Shipping" şirkəti üçün iki gəmi tikəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
-
Avropa çempionatı: Azərbaycanın minifutbol yığması bu gün yarımfinalda Serbiya ilə qarşılaşacaq
-
Azərbaycanın minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəlib
-
Boliviyanın müdafiə naziri etirazlar fonunda istefa verib
-
Delhidə restoranda baş verən yanğın nəticəsində 10 nəfər ölüb
-
Sərnişinlərə şad xəbər: Metro və avtobuslarda...
