Kristof Peter Bakai: "Macarıstanın Azərbaycanla gömrük tərəfdaşlığı TDT-nin Aİ ilə inteqrasiyasını gücləndirir" - MÜSAHİBƏ
sizinxeber.az xəbər saytı

Kristof Peter Bakai: "Macarıstanın Azərbaycanla gömrük tərəfdaşlığı TDT-nin Aİ ilə inteqrasiyasını gücləndirir" - MÜSAHİBƏ


Türk Dövlətləri Təşkilatı (TDT) Avrasiya inteqrasiyasının əsas mərkəzlərindən biri kimi öz mövqeyini tədricən gücləndirir. TDT-də müşahidəçi statusuna malik Macarıstan üzv dövlətlərlə, o cümlədən Azərbaycanla əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Avropa standartları ilə türk əməkdaşlıq vektoru arasında sinerji axtaran rəsmi Budapeşt rəqəmsallaşmanı, transsərhəd cinayətkarlıqla mübarizəni və gömrük orqanlarının kadr potensialının inkişaf etdirilməsini təşviq edir.

Bu mənada Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası (NTCA) ilə Azərbaycanın Dövlət Gömrük Komitəsi arasında tərəfdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. NTCA-nın gömrük və beynəlxalq məsələlər üzrə komissarının müavini, briqada generalı Kristof Peter Bakai “Report”a müsahibəsində Macarıstan tərəfinin TDT çərçivəsində prioritetləri, ikitərəfli əməkdaşlığın institusionallaşdırılması perspektivləri, Bakıya səfərin əhəmiyyəti və rəqəmsal həllər və kadr hazırlığı sahəsində birgə iş potensialından danışıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Bu yaxınlarda Budapeştdə baş tutmuş TDT ölkələrinin gömrük idarələri rəhbərlərinin qeyri-rəsmi görüşündən çıxan hansı nəticələri qeyd edə bilərsiniz? İştirakçılar arasında ən çox hansı mövzular maraq və müzakirə yaratdı?

- İlk növbədə qeyd etmək yerinə düşərdi ki, görüşün Budapeştdə TDT dövlət başçılarının qarşıdan gələn qeyri-rəsmi sammiti ərəfəsində keçirilməsi rəmzi məna daşıyırdı. TDT Baş katibi Kubanıçbek Omuraliyev Macarıstanın təşkilatda strateji iştirakını xüsusi vurğuladı və gömrük əməkdaşlığını prioritet fəaliyyət istiqamətlərindən biri kimi müəyyən etdi. Konkret nailiyyətlər, o cümlədən “eTIR” sistemi üzrə Fəaliyyət Planının icrası, Sadələşdirilmiş Gömrük Dəhlizinin inkişafı və “Karvansaray” layihəsi kimi təşəbbüslər təqdim olundu.

O, türk regionunda gömrük prosedurlarının modernləşdirilməsi və rəqəmsallaşdırılmasına dəstək üçün Macarıstanın unikal təcrübəsindən istifadə edərək Avropa İttifaqı ilə daha sıx əməkdaşlığa çağırdı.

Macarıstan da öz növbəsində görüş iştirakçılarına Aİ ilə türk məkanı arasında körpü rolunu əks etdirən maraqlı tarixi, coğrafi və siyasi-iqtisadi aspektləri təqdim edib. Biz “Vişeqrad qrupu” (V4) və CEFTA (Mərkəzi-Avropa Azad Ticarət Assosiasiyası) kimi platformalarda təcrübə mübadiləsi apardıq və Aİ-nin Gömrük Məcəlləsindən tutmuş hazırkı, 2023-2041-ci illəri əhatə edən Gömrük İslahatları Yol Xəritəsinə qədər icmanın normativ bazasının əhəmiyyətini vurğuladıq.

Görüş həmçinin gömrük sistemlərinin modernləşdirilməsi sahəsində TDT ölkələri arasında təcrübə mübadiləsi və TDT ilə Aİ arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin, xüsusən də prosedurların rəqəmsallaşdırılması, peşəkar təlim və biliklərin mübadiləsi sahəsində müzakirələr üçün platforma rolunu oynadı.

- TDT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi üçün ilkin razılaşmalar və ya konkret istiqamətlər müəyyən edildimi? Hazırda gömrük sahəsində hər hansı birgə təşəbbüslər nəzərdə tutulurmu?

- Görüşdə elektron ticarət sahəsində perspektivli həllər təqdim olundu və bir sıra ikitərəfli danışıqlar aparıldı, bu danışıqlar zamanı gələcək əməkdaşlıq üçün mümkün formatlar müzakirə edildi. Bu ilk qeyri-rəsmi görüş olduğundan heç bir rəsmi razılaşma nəzərdə tutulmamışdı. Əsas diqqət qarşılıqlı anlaşmanın təmin edilməsinə və ümumi maraqların müəyyənləşdirilməsinə yönəldilmişdi. Buna baxmayaraq, müzakirələr konstruktiv keçdi və biz konkret təşəbbüslərin həyata keçirilməsini vurğulamaqla, onları sonrakı mərhələlərdə də davam etdirməyi gözləyirik.

- Yaxın vaxtlarda Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilirmi? Gözlənilirsə, səfər nə vaxta planlaşdırılır və onun əsas məqsədləri nədən ibarətdir?

- Keçən il Macarıstanın Aİ-də sədrliyi ilə bağlı gərgin iş qrafikinə görə təəssüf ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun dəvətini qəbul edə bilmədik. Lakin bu il Bakıya səfər artıq planlaşdırılıb: iyunun 16-dan 19-dək yüksək səviyyəli ikitərəfli görüş keçirmək niyyətindəyik.

NTCA nümayəndə heyəti iyunun 17-dən 19-dək Bakıda keçiriləcək Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş Assambleyasında da iştirak edəcək. Azərbaycan bu il IOTA-ya sədrlik edir və biz bu tədbirdə iştiraka dialoqu genişləndirmək üçün əla fürsət kimi baxırıq, o cümlədən də gömrük orqanları ilə. Səfərin əsas məqsədləri hazırkı əməkdaşlığın nəticələrinin nəzərdən keçirilməsi, əldə edilmiş nəticələrin qiymətləndirilməsi və gələcək əməkdaşlıq üçün yol xəritəsinin hazırlanmasıdır.

- Qarşıdakı səfər zamanı Macarıstan və Azərbaycan gömrük orqanları arasında ikitərəfli sənədin imzalanacağını gözləmək olarmı?

- Bəli, hazırda gömrük sahəsində əməkdaşlıq haqqında saziş hazırlanır, onun imzalanması qarşıdakı səfər zamanı nəzərdə tutulub. Bu sənəd qarşılıqlı fəaliyyətimizin institusionallaşdırılması istiqamətində mühüm addım olacaq və ikitərəfli dialoqun dərinləşdirilməsi üçün hüquqi baza rolunu oynayacaq.

Saziş məxfilik və ya dövlət sirri sahəsində milli qanunvericiliyin məhdudiyyətlər tətbiq etdiyi məlumatlar istisna olmaqla, bilik və təcrübə mübadiləsini, açıq normativ və qanunvericilik sənədlərinin, habelə elmi-texniki məlumatların verilməsini nəzərdə tutur. O, xüsusilə hüquq-mühafizə və gömrük hüquqpozmalarına qarşı mübarizə məsələlərində sistemli və şəffaf məlumat mübadiləsi üçün əlavə şərait yaratmalıdır.

- İki ölkənin gömrük idarələri arasında əməkdaşlığın hazırkı vəziyyətini və dinamikasını necə xarakterizə edərdiniz? Hansı istiqamətlərdə əməkdaşlıq daha fəal inkişaf edir?

- Macarıstan və Azərbaycan gömrük orqanları arasında əməkdaşlıq Avropa İttifaqı ilə Azərbaycan arasında daha geniş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, o cümlədən Gömrük Məsələləri üzrə Qarşılıqlı İnzibati Yardım haqqında Protokol çərçivəsində davamlı şəkildə inkişaf edir.

Həmçinin gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı bilik, təcrübə və qabaqcıl təcrübə mübadiləsi yolu ilə iki ölkənin gömrük idarələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin vacibliyi də vurğulanmalıdır. Məqsədimiz hər iki ölkənin iqtisadi, fiskal, mədəni və ticarət maraqlarına zərər vuran pozuntuların qarşısının effektiv şəkildə alınması üçün əməkdaşlığı gücləndirməkdir. Əminik ki, gömrük xidmətlərimiz arasında sıx koordinasiya və operativ məlumat mübadiləsi gömrük hüquqpozmalarına qarşı mübarizənin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.

Maraqlı istiqamətlərdən biri də xidməti itlərin hazırlanması sahəsində əməkdaşlıqdır. Biz mütəmadi olaraq birgə təlim səfərləri təşkil edirik, bu səfərlər zamanı mütəxəssislər təlim metodları mübadiləsi aparır və beynəlxalq təcrübəni öyrənirlər. Bu, peşəkar səviyyənin yüksəldilməsinə və bu ixtisaslaşmış sahədə beynəlxalq əlaqələrin genişlənməsinə kömək edir.

- Müasir çağırışları nəzərə alaraq, əməkdaşlığın hansı sahələrini prioritet hesab edirsiniz - informasiya mübadiləsini, birgə araşdırmaları, prosedurların rəqəmsallaşdırılmasını, yoxsa kadr potensialının inkişafını?

- Macarıstan Avropa İttifaqının üzvü olduğuna görə əsas gömrük əməkdaşlığı, o cümlədən məlumat mübadiləsi Aİ ilə Azərbaycan arasında imzalanan sazişlər çərçivəsində həyata keçirilir.

Prioritetlərdən biri prosedurların rəqəmsallaşdırılmasıdır, xüsusilə də elektron ticarət kontekstində. Daxil olan elektron ticarət poçtlarının effektiv idarə olunması üçün nəzərdə tutulmuş milli “eVÁM” sistemimizin tətbiqinin nəticələrini azərbaycanlı həmkarlarımızla bölüşmək niyyətindəyik.

Bundan əlavə, əməkdaşlığın gündəliyində kadrların hazırlanması və inkişafı mühüm yer tutur. Biz praktiki effektivliyini və daha da genişləndirilə bilinəcəyi potensialını artıq sübut etmiş xidməti itlərin təlimi kimi ixtisaslaşdırılmış sahələrdə birgə işi xüsusilə qiymətləndiririk.

- Sizcə, TDT-yə üzv dövlətlər arasında gömrük infrastrukturu və rəqəmsal həllərin inteqrasiyası nə dərəcədə vacibdir? Gələcəkdə gömrük prosedurlarının sadələşdirilməsi üçün vahid rəqəmsal məkanın yaradılması potensialını görürsünüzmü?

- Şübhəsiz, TDT ölkələri arasında rəqəmsal həllərin və infrastrukturun inteqrasiyası gömrük prosedurlarının sürətləndirilməsi və sadələşdirilməsi baxımından əhəmiyyətli faydalar gətirə bilər. Bununla belə, belə bir layihənin həyata keçirilməsi sistemli yanaşma, texniki standartların uyğunlaşdırılması və idarələrarası koordinasiyanın yüksək səviyyədə olmasını tələb edir.

Aİ ölkəsi kimi Macarıstan artıq inteqrasiya olunmuş rəqəmsal mühitdə fəaliyyət göstərir və biz TDT çərçivəsində də öz təcrübəmizi tərəfdaşlarla bölüşməyə hazırıq. Şübhəsiz ki, regionda vahid rəqəmsal məkan yaratmaq potensialı var, lakin uyğunluq, kibertəhlükəsizlik və həllərin etibarlılığına diqqət yetirməklə addım-addım irəliləmək vacibdir.

- Macarıstanın TDT-də müşahidəçi statusu ticari-iqtisadi əlaqələrin, xüsusən də Azərbaycan ərazisindən keçən nəqliyyat və logistika marşrutlarının genişləndirilməsi kontekstində hansı imkanları təmin edir?

- TDT Şərqlə Qərb arasında körpülərin formalaşdırılmasında mühüm rol oynayır və bu kontekstdə gömrük əməkdaşlığı bu marşrutların dayanıqlılığını və qarşılıqlı açıqlığını təmin edən əsas alətlərdən biridir.

TDT-də müşahidəçi statusu Macarıstana regional proseslərdə fəal iştirak etmək, qarşılıqlı faydalı təşəbbüsləri təşviq etmək və Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə ilə əlaqələri gücləndirmək üçün unikal imkan verir. Bu, türk dünyasının nəqliyyat və iqtisadi mərkəz kimi əhəmiyyətinin artdığı dəyişən geosiyasi arxitektura fonunda xüsusilə aktualdır.

On ildən artıqdır ki, Macarıstan hökumətin 2012-ci ildə elan etdiyi “Şərq açılışı” strategiyasını həyata keçirir. Biz TDT dövlətləri ilə, o cümlədən strateji mövqeyi və logistika və gömrük işinin rəqəmsal transformasiyası sahəsində təşəbbüsləri xüsusi maraq doğuran Azərbaycan ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa can atırıq.

Oxşar xəbərlər

Juja Keçkeş: “TDT ölkələrinin gömrük xidmətlərinin rəhbərləri ilk dəfə Budapeştdə görüşəcəklər"
Macarıstan türk dünyası ilə Avropa arasında ənənəvi sərhədləri aşan dialoq üçün qapı rolunu oynayır
TDT-nın Baş katibi: "Qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan çətinliklərlə üzləşir"
Azərbaycan və Macarıstan vergi sahəsində əməkdaşlığı gücləndirəcək
Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər