COP29-da aktual olan maliyyə məsələsinin həlli təkcə Azərbaycandan asılı deyil - RƏY
Dünyada baş verən qlobal istiləşmənin yaratdığı fəsadlar getdikcə daha ciddi xarakter alır. Sənayeləşmə dövrünün ilk yüz ilində yer kürəsində orta temperatur hər on ildən bir 0,07 dərəcə artırdısa, 1980-ci ildən etibarən planetin səthi hər on ildə 0,2 dərəcədən çox istiləşir. Son 20 ildə isə yer kürəsində hər il əvvəlkindən daha yüksək istilik qeydə alınıb. Təbii ki, bu gedişlə qlobal istiləşməni Paris İqlim Sazişinə əsasən, 1,5 dərəcə artım səviyyəsində saxlamaq o qədər də asan bir məsələ deyil.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov “Report”a açıqlamasında qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün böyük həcmdə maliyyə vəsaiti tələb olunduğunu bildirib.
O xatırladıb ki, Azərbaycan tərəfindən COP29 tədbiri çərçivəsində atılan mühüm addımlardan biri də inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdır:
"Fondun kapitalının mədən yanacağı istehsal edən ölkələrin, eləcə də neft-qaz və kömür hasilatı ilə məşğul olan şirkətlərin maliyyə dəstəyi ilə formalaşdırılması nəzərdə tutulur. İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması COP29-un Fəaliyyət gündəliyinin bir hissəsi olaraq bu gün Azərbaycanda bu tədbir çərçivəsində elan edilmiş 14 təşəbbüsdən biridir. Fondun inkişaf etməkdə olan ölkələrdə təbii fəlakət nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün güzəştli və qrant əsaslı dəstəyi təmin edən xüsusi texniki imkanlarının olması nəzərdə tutulur. Azərbaycanın təşəbbüskarı və təsisçi donoru olduğu fond 1 milyard dollar həcmində ilkin vəsait toplayıb on səhmdar ölkənin donor kimi fonda qoşulmasından sonra fəaliyyətə başlayacaq”.
İqtisadçı İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun qarşıda duran hədəflərini hansı səviyyədə reallaşdıra biləcəyinə dair ehtimallar haqqında da danışıb:
“Dünya ölkələrinin və iri istehsalçıların ümumbəşəri problemin həllinə münasibəti fonunda Azərbaycanın təşəbbüsü ilə yaradılacaq İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun formalaşmasında aktivliyin olacağı bir o qədər də inandırıcı görünmür. Ən azından ona görə ki, ölkələrin əksəriyyəti indiyə qədər bu məsələdə yetərincə passivlik nümayiş etdiriblər. Bu passivliyin əsas səbəbi isə onların məsələyə başqa prizmadan baxması ilə əlaqəlidir. Bir sözlə, ortada tərəflərin “problem nə qədər ki, mənim qapımı döymür, mən onun həllinə nədən indidən vəsait xərcləyim” kimi elan olunmayan bir yanaşması var. Digər tərəfdən, böyük yanacaq hasil edən ölkələrdən hansınınsa problemin həlli ilə bağlı addımlar atmaması və ya bu məsələdə passivlik nümayiş etdirməsi digər dövlətləri də passiv mövqeyə sürükləyə bilir”.
Birlik sədri hesab edir ki, bütün bunların fonunda yanacaq hasil edən on ölkənin səhmdar olaraq yaradılacaq fonda ümumilikdə bir milyard dollar vəsait yatırması bir qədər şübhə doğurur:
“Yer üzündə Azərbaycandan dəfələrlə çox neft, qaz və digər yanacaq növləri istehsal edən dövlətlər var. Bu yanacaqdan istifadə edərək atmosferə zərərli maddələrin tullanmasına “xidmət” edən yüzlərlə nəhəng istehsalçılar mövcud olsalar da, bəşəriyyəti fəlakətə aparan qlobal istiləşmənin bu ölkələrin hamısını və iri istehsalçıları eyni səviyyədə qayğılandırdığını demək çətindir. Lakin biz inanaq ki, yanacaq resurslarının istismarı ilə məşğul olan ölkələr problemin ciddiliyinə real qiymət verərək səhmdar kimi bu fonda vəsaitlər yatırtmaqda tərəddüd etməyəcəklər”.
Mütəxəssis vurğulayıb ki, maliyyə çatışmazlığı səbəbindən istiləşmənin qarşısı alınmasa bu yüz milyonlarla insanın həyatını itirməsi riski deməkdir:
"Əgər sürətlə istiləşmənin qarşısı alınmasa, suyun səviyyəsinin qalxması səbəbindən 2050-ci ilə qədər dəniz və okeanların sahillərində yerləşən yaşayış yerlərindən 300 milyondan çox insanı, başqa yerlərə köçürmək lazım gələcək. Qlobal istiləşmə nəticəsində baş verən digər təbii fəlakətlər nəticəsində isə yüz milyonlarla insan həyatını itirə bilər. Bütün bu reallıqlar bəşəriyyəti nə qədər ciddi düşündürsə də, keçən əsrin 70-ci illərindən başlayaraq indiyə qədər görülən tədbirlərlə qlobal istiləşmənin qarşısını almaq, ən azından onu dayandırmaq mümkün olmayıb”.
F.Yusifov maliyyə fondu ilə yanaşı, iqlim məsələlərində digər problemlərin həllinin tək Azərbaycandan asılı olmadığını da diqqətə çatdırıb:
“Azərbaycanın bəşəriyyəti narahat edən iqlim probleminin həllinə bu qədər həssas yanaşması dövlətimizin məsələnin ciddiliyini lazımınca qiymətləndirə bilməsindən qaynaqlanır. Lakin bu təşəbbüsün reallaşdırılması üçün digər dövlətlərin də maliyyə dəstəyi zəruridir”.
Nəticə olaraq inkişaf etməkdə olan ölkələr fonda dəstək olsalar, bunu Azərbaycanın uğuru saymaq olar. Artıq inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşməsinin mühüm sütunu olan "İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu"na vəsait ayrılması prosesinə başlanılıb. Bu təşəbbüslər fonunda iqlimdəki xoşagəlməz dəyişiklikləri aradan qaldırmağa addım-addım yaxınlaşırıq.
Oxşar xəbərlər
San-Tome və Prinsipi Prezidenti: COP29 1,5°C hədəfinə qlobal sadiqlik üçün mühüm mərhələdir
UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir
İyunda temperatur əvvəlki illərin istilik rekordlarını qırıb
Patrisia Skotlend: “COP29 iqlim fəaliyyəti və maliyyələşdirmə arasında fərqi aradan qaldırmaq üçün yeganə şansdır”
Nazir müavini: İqlim dəyişmələri səbəbindən əkinə yararlı torpaqlar deqradasiyaya uğrayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb















