Dövlət proqramının hədəfləri, fermerlərin gözləntiləri: Şəmkirdə keçirilən aqrar müşavirədən REPORTAJ
Şəmkir bizi günəşli hava ilə qarşıladı. Yol boyu uzanan meyvə bağları, tərəvəz plantasiyaları, tarlalar göz oxşayır. Şəmkirdə insanların kənd təsərrüfatına necə bağlanmasını elə bu mənzərədən aydın görmək mümkündür. Bununla belə, statistik rəqəmlər də Şəmkir əhalisinin ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatına, respublikanın ərzaq təhlükəsizliyinə verdiyi töhfəni bariz şəkildə nümayiş etdirir.
Belə ki, son üç ildə kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə ölkədə lider mövqedə olan Şəmkirdə ötən il 880,2 milyon manatlıq aqrar məhsul istehsal olunub. Bu göstərici respublika üzrə ümumi kənd təsərrüfatı məhsulu istehsalının 6,64 faizini təşkil edir. Rayon kartofçuluq, istixana tərəvəzçiliyi, meyvəçilik və üzümçülük sahələrində ölkənin aparıcı mərkəzlərindən biridir.

Bu rəqəmləri Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində bu gün Şəmkirdə keçirilən Qazax-Tovuz iqtisadi rayonu üzrə regional müşavirədə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev səsləndirdi.
İcra başçısı bildirdi ki, Şəmkir təkcə Qazax-Tovuz iqtisadi rayonunun deyil, bütövlükdə Azərbaycanın aqrar inkişafında mühüm rol oynayan rayonlardan biridir.
Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarının fermerlərini, sahibkarlarını və dövlət qurumlarının nümayəndələrini bir araya gətirən müşavirəyə maraq, yerli fermerlərin, sahibkarların fikir və təklifləri Şəmkirin, doğrudan da, bu sahədə önə çıxmasının təsadüfi olmadığı göstərdi.
Yaxın-uzaq beş rayondan bu sahədə çalışan insanların deyilən vaxtdan da xeyli əvvəl müşavirəyə gəlməsi, hələ iclas başlamazdan əvvəl hərəsinin gördüyü işlə bağlı bir-biri ilə qızğın müzakirə aparması, təcrübəsini bölüşməsi toplantının da faydalı və maraqlı keçəcəyindən xəbər verirdi.
Bir qədər irəli gedərək, indidən deyək ki, ümumilikdə, müşavirədə Dövlət Proqramının məqsədləri, yeni dəstək mexanizmləri və qarşıdakı beş il üçün hədəflər açıqlandı, fermerlərə proqramın uğurlu icrası üçün öz təkliflərini vermək imkanı yaradıldı. Bu müşavirələrin keçirilməsi həm də ona görə əhəmiyyətlidir ki, kənd adamları, hər gün torpaqda çalışan, əkinçiliklə, heyvandarlıqla məşğul olan, ömrünü, həyatını buna həsr edən insanların fikirləri, aqrar sahəni inkişaf etdirmək istiqamətində təklifləri dinlənilir. Kənd təsərrüfatı Azərbaycan üçün ənənəvi sahədir.

Bu coğrafiyanın insanları əsrlərdir əkib-becərib, heyvandarlıqla, taxılçılıqla, meyvəçiliklə, tərəvəzçiliklə məşğul olub, torpaqdan ayrılmayıb. Bu ənənələri müasir texnologiyalar, yeni çağırışlara uyğunlaşdıraraq yaşatmaq, inkişaf etmək indiki zamanda çox vacibdir. Bununla belə, Azərbaycanın da hər bölgəsinin kənd təsərrüfatı sahəsində özünəməxsus ənənələri mövcuddur. Bu amil də nəzərə alınaraq, zona müşavirələrinin təşkil olunması, birbaşa bu işlə məşğul olan insanların fikirlərinin, təkliflərinin dinlənilməsi Dövlət Proqramının daha mükəmməl icrasına imkan yaradır.
Yeni Dövlət Proqramı aqrar sektorda hansı dəyişiklikləri vəd edir?
Şəmkir Mədəniyyət Evində keçirilən müşavirədə ilk söz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirova verildi.
Natiq Əmirov çıxışında dedi ki, yeni proqram aqrar sektorda keyfiyyətcə yeni mərhələyə keçidi təmin etməlidir: “Əsas hədəf, sadəcə, istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişaf modelinə keçməkdir”.
Onun sözlərinə görə, proqram ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın artırılması, idxaldan asılılığın azaldılması, ixrac imkanlarının genişləndirilməsi və balıqçılıqla akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
Yeni Dövlət Proqramının əsas məqsədlərindən biri strateji ərzaq məhsulları üzrə daxili istehsalı artırmaqdır.
Natiq Əmirov diqqətə çatdırdı ki, son illər yumurta və meyvə-tərəvəz üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub, ət, süd və balıq məhsullarında isə müsbət dinamika müşahidə edilir: “Dövlət Proqramı daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını nəzərdə tutur”.
Prezidentin köməkçisi Dövlət Proqramı haqqında, qarşıda duran vəzifələr haqqında ətraflı danışdı, geniş məlumat verdi. Onunla yanaşı, digər rəsmi şəxslər də Dövlət Proqramının məqsədləri, proqramın icrasının ölkəyə verəcəyi faydalara dair fikirlərini səsləndirdi.
Taxılçılıqda yeni mərhələ
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova vurğuladı ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri taxılçılıqdır. Məqsəd məhsuldarlığı artırmaqla idxaldan asılılığı azaltmaqdır. Bu məqsədlə müasir suvarma sistemləri genişləndiriləcək, yeni kombaynlar alınacaq, lazer hamarlama texnologiyası tətbiq olunacaq, fermerlərə güzəştli kreditlər veriləcək, məhsul subsidiyaları artırılacaq.
İlhamə Qədimova qeyd etdi ki, Şəmkir və Tovuz rayonları ölkə üzrə müəyyən edilmiş 22 əsas taxılçılıq rayonunun siyahısına daxildir: “Bu rayonlarda orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur. Bunun üçün müasir suvarma, texnika təminatı və lazer hamarlama texnologiyalarının tətbiqi genişləndiriləcək”.
O, taxılçılıqla məşğul olan fermerlərə şad xəbəri də çatdırdı. Nazir müavininin sözlərindən aydın oldu ki, birillik əkinlər üçün verilən kreditlərin illik faizinin 19 faizə qədər olan hissəsi dövlət tərəfindən subsidiyalaşdırılacaq: “Lazer hamarlama tətbiq edən fermerlərin istehsal etdiyi məhsulu dəyirmanlara təhvil verdiyi hər tona görə əlavə subsidiya verilməsi nəzərdə tutulur”.
Suvarma sistemlərinə böyük yatırım
Qlobal iqlim dəyişikliyinin ən çox təsir etdiyi sahələrdən biri məhz kənd təsərrüfatıdır. Odur ki, bu amil Dövlət Proqramında da əksini tapıb.
İqlim dəyişiklikləri fonunda su ehtiyatlarından səmərəli istifadə proqramın əsas istiqamətlərindən biridir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov müşavirədə dedi ki, kənd təsərrüfatı ölkədə istifadə olunan suyun 70-75 faizini istehlak edir. Əsas məqsəd hər kubmetr sudan daha yüksək səmərə ilə istifadə olunmasına nail olmaqdır.
Proqrama əsasən, müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin həcmi 130 min hektardan 300 min hektara çatdırılacaq. Damcı, pivot və yağmurlama sistemlərinin tətbiqi genişləndiriləcək. Proqram çərçivəsində fermerlərə bu sistemlərin alınması üçün güzəştlər və əlavə subsidiyalar veriləcək.
Soyuducu anbarlar və taxıl siloları tikiləcək
Müşavirədə Dövlət Proqramında nəzərdə tutulan bir sıra vacib məqamlar da səsləndirildi. Qeyd olundu ki, fermerlərin ən çox qarşılaşdığı problemlərdən biri məhsulun saxlanmasıdır. Yeni proqram bu istiqamətdə də mühüm dəstək tədbirləri nəzərdə tutur. 2030-cu ilədək əlavə 150 min tonluq taxıl siloları, əlavə 100 min tonluq soyuducu anbarlar yaradılacaq. Bu məsələdə də dövlət öz dəstəyini verəcək. Bu obyektlərə investisiya yatıran sahibkarlar üçün avadanlıqların qiymətinin 40 faizi dövlət tərəfindən güzəşt olunacaq, qalan hissənin maliyyələşdirilməsi üçün kredit faiz subsidiyaları veriləcək.
Mütəxəssislər hesab edirlər ki, bu addımlar məhsul itkilərini azaldacaq, fermerlərə məhsulu daha sərfəli vaxtda satmaq imkanı yaradacaq və ixrac imkanlarını genişləndirəcək.
Meyvəçilik və intensiv bağlar genişlənəcək
Müşavirədə qeyd olundu ki, Dövlət Proqramında intensiv və superintensiv bağların salınmasına xüsusi yer ayrılıb. Bu sahədə yeni bağların salınmasına investisiya dəstəyi veriləcək, suvarma sistemləri subsidiyalaşdırılacaq, aqrotexniki qulluq subsidiyalarının bir hissəsi əvvəlcədən ödəniləcək, alma və nar üzrə məhsul subsidiyası tətbiq olunacaq.
Heyvandarlıqda yeni hədəflər
Azərbaycanda kənd təsərrüfatının əsas sahələrindən biri heyvandarlıqdır. Dövlət Proqramında heyvandarlığın inkişafına xüsusi yer ayrılıb.
Müşavirədə bildirildi ki, 2030-cu ilədək süd istehsalının 10 faiz, mal əti istehsalının 20 faiz, qoyun əti istehsalının 9 faiz artırılması nəzərdə tutulur. Bunun üçün yeni südlük və ətlik klasterlər yaradılacaq, minə yaxın yeni təsərrüfat formalaşdırılacaq, damazlıq heyvanların alınmasına subsidiyalar veriləcək.
Xüsusi vurğulandı ki, heyvandarlıqda məhsuldarlıq yalnız heyvanın cinsindən asılı deyil, güclü yem bazası və müasir təsərrüfat idarəçiliyi əsas şərtlərdir.
Qadın fermerdən təklif
Müşavirədə Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarından kənd təsərrüfatının müxtəlif sahələrində çalışan fermerlər iştirak edirdi. Onların arasında xanım fermerlər də vardı ki, bu da bizi sevindirməyə bilməz. Onlardan biri - Tovuz rayonunun Qaraxanlı kəndindən olan xanım fermer, meyvəçilik və tərəvəzçiliklə məşğul olan Taleyə Mənsimova deyir ki, həyata keçirilən dəstək tədbirləri kənd yerlərində həm iqtisadi, həm də sosial inkişafı gücləndirir: “Bu dövlət proqramı kənd təsərrüfatında böyük inkişaf addımlarından biridir, rayonlarda yaşayan insanlara xüsusilə kənd yerlərində sosial-iqtisadi inkişaf baxımından böyük dəstək olur. Eyni zamanda işsizliyin qarşısının alınmasına və insanların özünüməşğulluğuna imkan yaradır”.

Fermer vurğulayıb ki, dövlət tərəfindən verilən subsidiyalar təsərrüfatların böyüməsində mühüm rol oynayır: “Biz subsidiyalarla təmin olunmuşuq. Kənd təsərrüfatı layihəsi çərçivəsində üç hektar sahə üçün suvarma sistemi dövlət tərəfindən dəstəklənib”.
Xanım fermer kooperativlərinin fəaliyyətinə də toxunaraq, təkliflərini səsləndirib: “Qadınlar kənd təsərrüfatında böyük əmək göstərirlər. Dövlət dəstəyi ilə qadın kooperativləri yaradılıb. İstəyərdim ki, onların istehsal etdiyi məhsulların satışı üçün xüsusi satış nöqtələri yaradılsın”.
Onun sözlərinə görə, satış imkanları genişlənsə, fermerlər istehsalı daha da artıra bilərlər.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova isə qadın sahibkarların dəstəklənməsi və onların iqtisadi proseslərdə iştirakının artırılmasının diqqət mərkəzində olduğunu diqqətə çatdırdı.
Nazir müavini dedi ki, qadın sahibkarlığın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir: “Proqramlardan asılı olmayaraq, ölkəmizdə gender bərabərliyi çərçivəsində qadın sahibkarlığının inkişafı daim dəstəklənir. Bu istiqamətdə həm beynəlxalq təşkilatlarla əməkdaşlıq, həm də xüsusi layihələr həyata keçirilir”.
Onun fikrincə, işğaldan azad edilmiş ərazilərə köç prosesi çərçivəsində həmin bölgələrdə qadın sahibkarların inkişafına da xüsusi diqqət ayrılır: “Hazırda azad edilmiş rayonlarda inkişafla bağlı işlər aparılır və bu prosesdə qadın sahibkarların dəstəklənməsi prioritetlərdən biridir. Bu yanaşma ölkənin digər regionlarında həyata keçirilən tədbirlərdə də davam etdiriləcək”.
Nazir müavini əlavə edib ki, sahibkarlıq mühitində qadınların iştirakının artırılması vacibdir: “Görüşlərdə çox vaxt sahibkarların əksəriyyətinin kişilər olduğunu görürük. Amma məqsədimiz odur ki, qadın və kişilər bərabər şəkildə təmsil olunsun”.
Sertifikatlaşmaya dəstək
Müşavirədə iştirak edən digər fermerlər də fikirlərini bölüşdülər, təkliflərini səsləndirdilər.
Meyvəçilik və kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan fermer Vilayət Zalov yetişdirilən məhsulların ixracı ilə bağlı danışdı. Fermer deyir ki, məhsul ixrac etmək üçün onlara sertifikat verilməsi vacibdir: "Sertifikat məsələsində dövlətin dəstəyinə ehtiyacımız var. Məndən sertifikat istəyirlər. Mən istehsalçıyam. Mənim əlimdə imkan yoxdur ki, sertifikatların düzgünlüyünü özüm təsdiqləyim. Ona görə də aidiyyəti qurumların bu məsələni həll etməsi lazımdır”.

Vilayət Zalov əlavə etdi ki, ixrac imkanlarının genişlənməsi üçün sənədləşmə və sertifikatlaşdırma proseslərinin daha rahat və əlçatan olması da vacibdir.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın sözlərindən isə aydın oldu ki, dövlət də bu məsələlərin fərqindədir, ixracatçı fermerlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün lazımi addımların atılması nəzərdə tutulur.
“Biz yalnız məhsul istehsal etməməliyik, həm də həmin məhsulu beynəlxalq bazarların tələb etdiyi standartlara uyğun təqdim etməliyik”, - İlhamə Qədimova bildirdi və bu məsələnin proqramda nəzərdə tutulduğunu vurğuladı.
Dövlət dəstəyi və investisiya imkanları
Digər fermer Əlixan Mahmudov hesab edir ki, kiçik təsərrüfatlara dəstək artırılsa, onlar böyük aqroparklara çata bilər. Fermer göstərilən dövlət dəstəyinin, ayrılan subsidiyaların əhəmiyyətini vurğuladı.
“Üç ildir fəaliyyət göstəririk. Bu günə qədər dövlət tərəfindən göstərilən dəstəklərdən yararlanmışıq. Heyvanları subsidiya ilə almışıq. Texnikalarımızı da subsidiya hesabına əldə etmişik”, – fermer bildirdi.

Əlixan Məmmədov vurğuladı ki, təsərrüfatda, əsasən, iribuynuzlu mal-qara saxlanılır: “Biz südçülük və damazlıq istiqamətində çalışırıq. Təsərrüfatımız üçün traktor, yem bunkerləri və peyin təmizləmək üçün avadanlıqlar əldə etmişik”.
Bununla belə, fermer kiçik təsərrüfatların inkişafı üçün dövlət dəstəyinin artırılmasını vacib sayır: “Mənim təklifim odur ki, kiçik fermer təsərrüfatlarına dəstək bir qədər də artırılsın. Çünki bu təsərrüfatlar inkişaf edərək böyük aqroparklara çata bilər. O zaman Şəmkirin qarşısında 20 kiçik təsərrüfat yox, 50 böyük təsərrüfat görə bilərik”.
Əlixan Mahmudov onu da əlavə etdi ki, indiyədək fermerlərə göstərilən diqqətdən razıdır: “Şükür Allaha, dövlətdən dəstəyimizi almışıq. Hansı müraciətimiz olubsa, rayon icra hakimiyyəti və Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən lazımi köməklik göstərilib”.
Əlixan Mahmudov sonda fermerlərin bundan sonra da kənd təsərrüfatının inkişafı istiqamətində yeni dəstək proqramlarından yararlanacağına əmin olduğunu vurğuladı.
Hədəfə çatmaq üçün əl-ələ
Beləliklə, daha bir zona müşavirəsi başa çatdı. Bir daha qeyd olundu ki, proqram aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir. Məqsəd kənd təsərrüfatının bütün sahələri üzrə tərəqqini ehtiva edir. Proqram eyni zamanda aqrar sektora özəl investisiyaların cəlb edilməsini də hədəfləyir və bu, əsas prioritetlərdən biridir.

Yeni Dövlət Proqramında taxılçılıq, intensiv bağçılıq, bitkiçilik, meyvəçilik, tərəvəzçilik, heyvandarlıq, emal müəssisələrinin yaradılması, süd toplama məntəqələri, silo və soyuducu anbarların tikintisi, ayrı-ayrı təsərrüfatlar investisiya üçün prioritet sahələr hesab olunur.
Müşavirədə çıxış edən rəsmilər və sahibkarlar əminlik ifadə etdilər ki, dövlət dəstəyi, fermer təşəbbüskarlığı və özəl sektor investisiyalarının birləşməsi nəticəsində qarşıdakı illərdə Azərbaycanın aqrar sektoru daha məhsuldar, daha rəqabətqabiliyyətli və daha dayanıqlı inkişaf mərhələsinə qədəm qoyacaq.
Müşavirəyə yekun vuran Natiq Əmirov bildirdi ki, aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası yalnız bütün aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti nəticəsində mümkün olacaq.
O qeyd etdi ki, Dövlət Proqramı məhsul istehsalının artırılması, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin inkişaf etdirilməsi baxımından mühüm yol xəritəsidir.
Sonda qeyd olundu ki, müşavirədə səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim ediləcək və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.
Müşavirə qızğın müzakirələr və çıxışlarla yadda qaldı. Ən əsası isə bu müşavirədən hər kəs bir ümid, inam hissə ilə ayrıldı. Elə biz də Şəmkiri bu ümidlərlə, bu hisslərlə tərk etdik. O ümidlərlə ki, Dövlət Proqramında qarşıya qoyulan hədəflərə nail olunsun, Azərbaycan 2030-cu ilə qədər kənd təsərrüfatının inkişafı sahəsində qarşısına qoyduğu məqsədlərə çatsın. Bunun üçün isə işləmək lazımdır - dövlət qurumlarının, sahibkarların, sadə kənd adamlarının hamısının əl-ələ verib, bir yerdə işləməsi...
Foto – Rüfət Mustafayev © APA GROUP
Oxşar xəbərlər
İcra başçısı: Şəmkirdə aqrar sahədə ciddi irəliləyiş əldə olunub
ADSEA sədri: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir
Yanvar ayında ölkədə ÜDM istehsalı azalıb
Azərbaycanda iqtisadi artım 4%-in üzərində olub
CGİAR: İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi bir-birinə sıx bağlıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb






