Lyayen və Kallasın nüfuz savaşı-Avropa İttifaqını çökdürən siyasi böhran - ŞƏRH
sizinxeber.az xəbər saytı

Lyayen və Kallasın nüfuz savaşı-Avropa İttifaqını çökdürən siyasi böhran - ŞƏRH


Avropa İttifaqı ağır sistem böhranı ilə üz-üzə qalıb. Vaxtilə daxili rəqabətlərə son qoymaq, iqtisadi inteqrasiya vasitəsilə sülhü təmin etmək kimi dəyərlər ətrafında yaradılan bu qlobal güc mərkəzində böyük çatlar müşahidə edilir.

1990-cı illərdə mərkəzləşdirilmiş idarə sistemi bütün dünyaya uğurlu formul kimi təqdim edilsə də, əslində daxildə olan siyasi böhran zaman-zaman üzə çıxırdı. Artıq bu gün Avropa İttifaqı (Aİ) funksionallığını itirməyə məhkum bir struktur kimi xarakterizə olunur. Bu dərin siyasi böhranın isə bir sıra səbəbləri var.

Problem sadəcə idarəçilikdə ortaya çıxan qüsurlarla bağlı deyil. Burada geosiyasi səhvlər, qlobal güc balansının dəyişməsi, ikiüzlü siyasət, xristian həmrəyliyi (Azərbaycana qarşı münasibət), öz maraqlarını beynəlxalq hüquqdan üstün saymaq (Fransa nümunəsi) kimi faktorlar da əsas rol oynayıb.

Məsələn, enerji təhlükəsizliyi məsələsində rəsmi Bakını etibarlı tərəfdaş, strateji tərəfdaş adlandıran da Avropadır, erməni lobbisinin dəstəyi ilə Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamələr də qəbul edən yenə Avropadır. Bu, sadəcə ikiüzlülük yox, dəyərlər sisteminin iflası deməkdir.

İş o həddə çatıb ki, bu gün bəzi Qərb nəşrləri də İttifaqın iqtisadi və siyasi sütunlarının sarsıldığını etiraf etmək məcburiyyətində qalıblar. Avropa İttifaqının iqtisadi tənəzzülünün kökündə uzun illər keçmiş koloniyalardan və onlardan asılı ərazilərdən maddi vəsait və ucuz xammal axınının kəsilməsi dayanır. Çünki İkinci dünya müharibəsindən sonrakı dövrlərdə ciddi sənayeləşmə dövrünə qədəm qoyan Avropada rifah əslində daxili bazarın effektivliyi yox, ucuz xammal və maliyyə transferlərinə söykənirdi. Bu gün isə qlobal nizam dəyişməkdə davam edir.

Keçmiş və indiki müstəmləkələr suverenlik və iqtisadi müstəqillik tələb edir. Belə bir tendensiyanın yaranması isə Brüsselin ucuz resurs bazarını, yəni qlobal rəqabətdəki ən böyük gizli üstünlüyünü əlindən alır.

Məsələn, Fransa uzun illər Afrikadakı koloniyalarındakı sərvətləri Parisə daşıyıb. Bu ölkələrdə başlayan suverenlik və müstəmləkəçilikdən qurtulma dalğası Fransa sənayesinə, xüsusən də nüvə energetikasına ciddi ziyan vurub. Fransa ölkədə istehlak edilən enerjinin 70 faizini AES-lərdən əldə edir, xammal kimi uranı da Nigerdən və digər Afrika ölkələrindən təmin edirdi. Əgər dünya bazarında uranın 1 kiloqramı 200 dollara yaxın idisə, Fransa buna görə Nigerə çox az pul ödəyib. Bu gün bu bazarın itirilməsi rəsmi Paris üçün ciddi çətinlik yaradır.

Paralel olaraq isə Niderland, Belçika və İtaliya kimi ölkələrin də Cənub-Şərqi Asiya, Mərkəzi Afrika və Aralıq dənizi hövzəsində qurduqları gizli iqtisadi monopoliyalar da ciddi şəkildə zəifləyib. Həm də Belçikanın Konqodakı mis və kobalt yataqlarından çıxarılması prosesi də ciddi siqnal sayılır. Qısası, bu gün Avropa xammal qıtlığı və kəskin qiymət artımı ilə üzləşir.

Bundan əlavə köhnə qitə enerji problemi ilə də üzləşib. Bir tərəfdən Ukraynada müharibə fonunda Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, digər tərəfdən İran-ABŞ-İsrail münaqişəsi fonunda dünya bazarında neft və qaz qiymətlərindəki artım Avropa sənayesinə ciddi şəkildə təsir edir.

Buna görə də İttifaq daxilində yaşanan siyasi böhran və hökumətlərin bir-birinə qarşı durması əslində daralan iqtisadi piroqun və artan borc yükünün paylanması uğrunda gedən daxili mübarizədir. Bu daxili mübarizələr siyasi ambisiyalara çevrilib və paytaxtlarla mərkəz, yəni Brüssel arasında gizli nüfuz savaşı gedir.

Bu gün Avropadakı bu qarşıdurma artıq idarəetmə sisteminin ən üst elitasını belə iflic durumuna salıb. Əminliklə söyləyə bilərik ki, Ursula fon der Lyayen və Kaya Kallas arasındakı ixtilaf göstərir ki, mərkəz vahid bir beyin tərəfindən idarə olunmur.

Bu savaşın mərkəzində hər şeyi təkbaşına idarə etmək istəyi, digər tərəfdə isə qitənin iqtisadi və sosial reallıqlarını nəzərə almadan birtərəfli radikal ritorika ilə çıxış edən Şərqi Avropa ambisiyası dayanır.

İki qadın arasındakı nüfuz savaşı Aİ-nin xarici siyasət kursunu belə iki yerə bölür. Belə bir vəziyyət isə ittifaqı öz növbəsində qlobal miqyasda qərarsız, daxili çəkişmələrin əsirinə çevrilən quruma çevirir. Bəs nədir bu savaşın səbəbi?

Birincisi, Ursula fon der Lyayen Avropa Komissiyasının rəhbəridir. Bundan istifadə edərək, Aİ-nin həm daxili, həm də xarici siyasətində mütləq lider olmağa çalışır. Lyayen bir sıra kritik qərarları, böyük sazişləri təkbaşına qəbul edir, digər rəsmiləri prosesdən kənar saxlamağa çalışır.

Amma Kaya Kallasın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə təyin edilməsi vəziyyəti dəyişib. Kallas mərkəzi bürokratiyanın diqtəsini qəbul etməyən, öz müstəqil xarici siyasət gündəmini icra etmək niyyətindədir.

Belə bir tendensiyanın yaranması isə "Aİ diplomatiyasının rəhbəri kimdir?" sualını ortaya çıxarır. Bu iki siyasi fiqurun üz-üzə gəlməsi və bir-biri ilə rəqabət aparması Qərbi Avropa ilə Şərqi Avropa arasında toqquşma yaradır. Çünki Kallas uzun müddət Baltikyanı regionun maraqlarını təmsil edib, əsas prioriteti Şərqi Avropanın hərbi təhdidlərdən qorunması olub.

Fon der Lyayen isə İttifaqın bütövlüyünü qorumaq, Almaniya və Fransanın iqtisadi maraqlarını təmin etmək niyyətini güdür. Burada əsas məqam NATO ilə bağlıdır. Əgər Kallas təhlükəsizlik üçün NATO çətirini görürsə, fon der Lyayen mərkəzləşdirilmiş Avropa Müdafiə Sənayesi və hərbi fondu yaratmaq niyyətini ortaya qoyur.

Digər prizmadan baxsaq, Aİ-nin idarəetmə elitasında baş verən bu parçalanma iki vəzifəli şəxsin nüfuz müharibəsindən çox, Avropa paytaxtlarının Brüsselə qarşı kütləvi etirazı kimi də xarakterizə edilə bilər. Bu səbəbdən də bir sıra Avropa ölkələri həm fon der Lyayenə, həm də Kallasa qarşı ciddi ittihamlar irəli sürürlər.

Ursula daha çox super-prezidentlik və avtoritar idarəçilikdə ittiham edilir. Hətta Avropa mətbuatı tez-tez yazır ki, Avropa Komissiyasının rəhbərinin bütün qitənin aqrar, sənaye və daxili siyasətini təkbaşına müəyyən etmək cəhdi Avropada demokratiyanın iflası deməkdir. Hələ bu da azmış kimi, onun adı gizli peyvənd sövdələşmələrində hallanır. Bu isə Brüsselin şəffaflıqdan uzaq, korrupsiya yuvasına çevrildiyini təsdiqləyir.

Bundan əlavə, Ursula strateji addımlara Almaniyadan gətirdiyi bir neçə nəfərlə bağlı qapılar arxasında qərar verir. Bu da öz növbəsində monarxiya ənənəsi kimi tənqid edilir.

Bəzi nüfuzlu mətbuat orqanları hətta fon der Lyayeni Ağ Evin qubernatoru kimi təqdim edir. Bunun səbəbi isə ABŞ-nin İqtisadi İnflyasiyanı Azaltma Aktı (IRA) vasitəsilə Avropa kapitallarını və sənayesini Amerikaya daşımasına göz yumması, Vaşinqtonun Çinlə iqtisadi müharibə strategiyasını Avropanın ziyanına olaraq kor-koranə icra etməsidir.

Qeyd etmək yerinə düşər ki, Lyayen həm də öz adamlarına vəzifə verən şəxs kimi də tanınır. O, müəyyən vəzifələrə öz tanıdığı adamları, öz partiyasından olan şəxsləri yerləşdirir. Digər namizədlər daha üstün olsalar da, onların adının üzərindən xətt çəkir.

Kallasın da xarici siyasət kursu Qərbi və Cənubi Avropa elitasının etirazına səbəb olur. Onu İttifaqın makroiqtisadi və geosiyasi maraqlarını qorumaq əvəzinə Baltikyanı regionu qoruduğu, üstün tutduğu bildirilir. Eyni zamanda xarici siyasət rəhbəri olan bir şəxsin diplomatiyadan daha çox sanksiyalara üstünlük verməsi də ciddi tənqid edilir.

Çünki sanksiyalar və Şərqlə əlaqələri tamamilə qoparmaq can verən Avropa sənayesinə və sıravi vətəndaşlara ciddi ziyan vurur. Kallasın riyakarlığı da bu gün ciddi tənqid mövzusuna çevrilib. Çünki Estoniyanın Baş naziri olduğu dövrdə Rusiya ilə bütün ticarəti dayandırmağa, şirkətləri oradan çıxarmağa çalışan bu siyasətçi xanımın əri Rusiya ilə milyonluq ticarət daşımalarını həyata keçirib.

Artıq iş o həddə çatıb ki, Kallasın xarici siyasət idarəsinə rəhbər təyin edilməsi strateji səhv kimi dəyərləndirilir. Onun yürütdüyü siyasət nəticəsində bu gün Avropanın bir sıra ölkələrlə münasibətləri pozulmaq üzrədir. Onun Qəzza böhranı, qlobal aclıq, kolonializm siyasətinə qarşı laqeyd münasibəti də ciddi şəkildə tənqid edilir.

Bu sadalanan faktlar göstərir ki, bu gün Aİ artıq siyasi və iqtisadi güc mərkəzi olmaqdan çıxıb. İttifaq daxilində dərinləşən siyasi və iqtisadi böhran, fikir ayrılıqları, enerji böhranı, rəsmi Brüsselə qarşı artan etirazlar, iki qadın siyasinin ambisiyaları Aİ-nin gələcəyi ilə bağlı ciddi suallar doğurur.

Bu gün İttifaqın ən böyük məsələsi daxili birliyi qorumaq, üzv dövlətlərin maraqlarını təmin etmək, mərkəzlə yerlər arasındakı rabitəni normallaşdırmaqdır. Əks halda birlik tədricən qlobal proseslərə təsir imkanlarını itirən və daxili ziddiyyətlərin girovuna çevrilən struktura çevrilə bilər...

Kamil Məmmədov

Oxşar xəbərlər

Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
Ursula fon der Lyayen: Aİ üç əsas sahədə təhlükəsizliyi gücləndirməlidir
Hərbi ekspert: Fransa dərin siyasi və iqtisadi böhran yaşayır
Viktor Orban: Avropa Komissiyası müqavilələrin zəmanətçisi deyil, siyasi alət rolunu oynayır
Slovakiyanın Baş naziri: Avropa İttifaqı altı ay ərzində kart evi kimi dağa bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər