Asiman İlyasov: Ali məktəblər Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində öz rolunu gücləndirməlidir
Universitetlər Davamlı İnkişaf Məqsədlərinin (SDG) həyata keçirilməsində öz rolunu gücləndirməli və cəmiyyətə daha əhəmiyyətli təsir göstərməlidirlər.
"Sizinxeber.az" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektorunun müşaviri Asiman İlyasov "Təhsil, tədqiqat və potensialın inkişafı: dayanıqlı şəhər gələcəyi üçün şəraitin yaradılması" adlı panel sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda universitetlərin üç əsas missiyası var: təhsil, tədqiqatlar və innovasiyalar, eləcə də sosial təsir. Bununla əlaqədar o, Davamlı İnkişaf Məqsədlərinin tədris planları və ixtisaslar da daxil olmaqla, təhsil proqramlarına inteqrasiyasının vacibliyini vurğulayıb.
A.İlyasov qeyd edib ki, elmi fəaliyyət də əhəmiyyətli rol oynayır. Akademik əməkdaşlar xarici maraqlı tərəflərlə əməkdaşlıq etməli və SDG-lərlə bağlı tədqiqatlar aparmalıdırlar.
"Hazırda biz müəllimlər və tələbələr, xüsusən də müəllimlər üçün SDG-ləri tədqiqatlara necə inteqrasiya edə biləcəkləri və SDG-ləri nəzərə alaraq tədqiqatları necə apara biləcəkləri barədə təlimlər keçirik, çünki bildiyiniz kimi, beynəlxalq reytinqlərin nəşrlərin dünyaya nə dərəcədə təsir göstərdiyini qiymətləndirmək üçün metodologiyaları var", - o qeyd edib.
Onun sözlərinə görə, SDG-lərlə bağlı nəşrlər beynəlxalq əməkdaşlığın genişlənməsinə, istinadların sayının artmasına və elmi işlərin keyfiyyətinin yüksəlməsinə kömək edir ki, bu da öz növbəsində universitetlərin beynəlxalq reytinqlərdəki mövqelərinə müsbət təsir göstərir.
Bundan əlavə, o, təhsil proqramları hazırlanarkən əmək bazarının tələblərinin nəzərə alınmasının zəruriliyini, həmçinin universitetlərin işəgötürənlər və bələdiyyələr də daxil olmaqla, xarici iştirakçılarla qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayıb.
"Biz onların problemlərini öyrənməli və bu problemlərdən çıxış edərək tədris proqramlarını, sillabusları və məzmunu formalaşdırmalıyıq", - o əlavə edib.
İlyasov qeyd edib ki, əməkdaşlıq ikitərəfli olmalı və buna təkcə universitetlər deyil, əmək bazarının nümayəndələri də maraq göstərməlidirlər.
O həmçinin vurğulayıb ki, reytinqlər universitetlərin irəliləyişini qiymətləndirmək üçün mühüm alətdir. Xüsusilə, "QS Sustainability", "Times Higher Education Impact Ranking" və "GreenMetric" kimi Davamlı İnkişaf Məqsədlərinə yönəlmiş reytinqlər mövcuddur.
Onun sözlərinə görə, son iki il ərzində BDU müvafiq reytinqlərdə 600-dən çox pillə irəliləyib ki, bu da ali məktəbin SDG-lərin həyata keçirilməsinə sadiqliyindən xəbər verir.
"Hesab edirəm ki, dayanıqlı yanaşmanın, eləcə də məqsədlərin, missiyanın, baxışın və strateji istiqamətlərin universitetin strateji planlaşdırmasına inteqrasiyası Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə kömək edəcək", - o yekunlaşdırıb.
Oxşar xəbərlər
Bahar Muradova: Orta Dəhliz TDT ölkələrinin dayanıqlı inkişaf məqsədlərinin təminatçısı rolunu oynayır
Türk dövlətləri üzrə elmi-sosioloji tədqiqat layihəsinin nəticələri açıqlanıb
Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması layihəsi icra olunur
Vladanka Andreeva: BMT Azərbaycanın 2030-cu il üçün dayanıqlı inkişaf məqsədlərinə dəstək verəcək
Nazir müavini: "Azərbaycan 30 ildən çoxdur ki, BMT ilə sıx əməkdaşlıq edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
