"İnşaatçı"nın sahibi: "Klubun fəaliyyətini 30 ildən sonra bərpa etməsi sevindirici haldır"
Klubun fəaliyyətini 30 ildən sonra bərpa etməsi sevindirici haldır.
Bunu "Sizinxeber.az"a açıqlamasında fəaliyyətini bərpa edən "İnşaatçı" Futbol Klubunun sahibi Adil Mahmudov deyib.
O, paytaxt təmsilçisinin Region Liqasında mübarizə aparacağını bildirib:
"Region Liqasında çıxış edəcəyik. Bu komandada son oyunumu 1995-ci ildə "Bakı fəhləsi"nə qarşı keçirmişəm. Neçə illərdir futbolun içindəyəm, yetirmələrimin bir neçəsi millidə çıxış edirlər. "İnşaatçı" fəaliyyətini dayandırandan bir neçə il sonra, təxminən 2006 və ya 2007-ci ildə klubu öz adıma keçirdim. Həmin vaxt "İnşaatçı"nın fəaliyyətini dondurmuşdum. Sənəd üzərində klub var idi, amma fəaliyyət göstərmirdi. Bu il qərara aldım ki, klubun fəaliyyətini bərpa edim. AFFA-ya təşəkkür edirəm. Region Liqasında mübarizə aparacağıq. Bu klub əvvəlkinin hüquqi varisidir. Sənədlər də var".
O, ev oyunlarını "ASK Arena"nın 4-cü meydanında keçirəcəklərini söyləyib:
"Baş məşqçi özüm olacağam. Əməkdar məşqçiyəm, kateqoriyam da var. Dörd ölkədə işləmişəm. Yaxşı və perspektivli futbolçuları üzə çıxarmaq niyyətindəyik. Heyətdə əsasən gənc oyunçular olacaq. Onların bir neçəsinin irəliləyən vaxtlarda tanınacağına inanıram. Mən futbolçu yetişdirmək baxımından problem yaşamamışam".
A.Mahmudov "İnşaatçı"nın tarixi klub olduğunu vurğulayıb:
"Azərbaycandakı iki köklü klubdan biridir. 1935-ci ildə yaradılıb. I Liqada çempion, Azərbaycan Kubokunun qalibi olub. Üç ildən çox bu komandada futbol oynamışam. Sevindirici haldır ki, fəaliyyətini bərpa edib. "İnşaatçı", adından bəlli olduğu kimi, fəhlə komandasıdır. Gələcəkdə sponsor tapılsa, dəstək olsa, II, I Liqada mübarizə apara bilərik. Niyə Premyer Liqada oynamayaq? Qismət olsa, bu yerlərə də çıxacağıq. Bir daha AFFA rəhbərliyinə təşəkkür edirəm".
Oxşar xəbərlər
Qətər səfirliyi 13 ildən sonra Dəməşqdə fəaliyyətini bərpa edib
Azərbaycan Premyer Liqasında çıxış edən üç klub cərimələnib
"Xankəndi" klubunun rəsmisi: Bu komandanı yaratmaq və təmsil etmək bizim üçün fəxrdir
Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib
İtaliya klubu son 60 ildə ilk dəfə Çempionlar Liqasında çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











