Azərbaycan millisinin baş məşqçisi: Məqsədlərimizdən biri heyəti 40-50 faiz yeniləməkdir - MÜSAHİBƏ
Azərbaycanın çimərlik futbolu millisinin yeni baş məşqçisi Sahib Məmmədov “Sizinxeber.az”a müsahibə verib. Mütəxəssis hazırda təlim-məşq toplanışında olan komandanın durumu, qarşıdakı məqsədlərlə bağlı fikirlərini bildirib. O, həmçinin dünya çempionatının seçmə mərhələsinə hazırlıq və ölkədə çimərlik futbolunun inkişafı haqqında düşüncələrini bölüşüb.
- Milli komanda artıq xeyli müddətdir təlim-məşq toplanışındadır. Təəssüratlarınız necədir?
- Avqustun 1-dən məşqlərə başlamışıq. Belarusa qarşı iki oyun keçirdik. Hansı ki, dünyanın ən yaxşı komandalarındandır. Sonuncu dünya çempionatının yarımfinalında oynayıblar. İlk oyunda 2:4, ikinci görüşdə isə 2:3 hesabı ilə məğlub olduq. Buna baxmayaraq, qısamüddətli hazırlığa əsasən nəticəni normal qiymətləndirirəm. Belarus həqiqətən çox güclüdür. Milimizin üzvləri 9-10 aydır məşq etmirdi, komandanın fəaliyyəti dayandırılmışdı. Belarus millisini məğlub etmək şansımız da var idi. İlk oyunda penaltini dəyərləndirə bilmədik. Fikrimcə, ilk oyunda biz daha çox qol vəziyyətləri yaratmışdıq. Ümumilikdə vəziyyətin pis olmadığını düşünürəm. Bəzi şeylərin üzərində çalışmaq üçün vaxt lazımdır.
- Qarşınıza yığma ilə bağlı hansı məqsədlər qoyulub?
- Ötənilki heyəti saxlamışıq. Hazırkı yığma üzvlərinin ortalama yaşı 32-35-ə bərabərdir. Gənclərimiz də var. Məqsədlərimizdən biri gələn il heyəti 40-50 faiz yeniləməkdir. Bilirsiniz ki, çimərlik futbolu üçün oyunçu tapmaq çox çətindir. Heç kim gələn kimi bu futbola uyğunlaşa bilmir. Əlavə iki gənc futbolçu dəvət etmişik. Daha 4-5 nəfər tapıb, 1-2 il ərzində komandanı yeniləmək niyyətindəyik.
- Uzun illər ölkə xaricində çalışmısınız. Azərbaycanda çimərlik futbolunu inkişaf etdirmək üçün potensial var?
- Azərbaycanda çimərlik futbolu üçün olan şərait, fikrimcə, dünyanın heç bir yerində yoxdur. Su İdman Sarayında bazamız var. Sadəcə, 12-16 komandanın iştirakı ilə Azərbaycan çempionatı keçirməklə çimərlik futbolunu inkişaf etdirmək, milliyə keyfiyyətli oyunçular cəlb etmək lazımdır.
- Ancaq ölkədə çimərlik futboluna maraq yoxdur…
- 2014-cü ildə Azərbaycandan getmişdim. Pandemiyadan sonra çempionatımız, demək olar ki, yoxdur. Lakin əvvəllər çox yaxşı maraq və ölkə çempionatı olub. İndiki futbolçularımız da 10-12 ildir bu işlə məşğuldurlar və həmin çempionatlarda yetişiblər. 5 il Litva millisində işləmişəm. Azərbaycan yığması dünya sıralamasında 28-ci yerdədir. Bu pis deyil, sadəcə, işləmək lazımdır. Sırf bu futbolla məşğul ola biləcək perspektivli uşaqlar var. Fikrimcə, ölkədə çimərlik futbolunun səviyyəsi pis deyil, düzgün iş aparılmalıdır.
- Heyəti yeniləmək istədiyinizi qeyd etdiniz. Həmin futbolçuları necə tapacaqsınız?
- İki 19 yaşlı yeni futbolçumuz var, futzal klublarından tapmışıq. Qarşıdakı günlərdə futbol üzrə Azərbaycanın I və II Liqaları, həmçinin futzal çempionatı başlayacaq. Həmin yarışlardan perspektivli uşaqları milliyə cəlb etmək istəyirik. Böyük futbolda oynayanları çimərlik futboluna cəlb etmək asan deyil. Çünki karyerası alınmaya bilər. Qum üzərində oynamaq çətindir.
- Çimərlik futbolu ilə bağlı AFFA-ya hansı təklifləri vermisiniz?
- Gələn ildən yüksək səviyyədə çempionat təşkil edəcəyik. Bununla bağlı rəhbərliklə danışmışam. Əsas söhbətimiz milli ilə bağlı olub. Çünki komanda B divizionundadır. Məqsədlərimizdən biri də A divizionuna qayıtmaqdır. Bundan əlavə, Azərbaycan millisi heç vaxt dünya çempionatının final mərhələsində iştirak etməyib. Hədəflərimizdən biri də mundiala vəsiqə qazanmaqdır.
- Dünya çempionatının seçmə mərhələsinə hazırlaşırsınız. Komandanın final mərhələsinə vəsiqə qazanmaq potensialını necə dəyərləndirirsiniz?
- İki həftədən sonra püşkatma olacaq. Final mərhələsində ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan cəmi 4-ü Avropa təmsilçiləri olacaq. Komandaların sayı artsa, şanslar daha çox olar. İspaniya, İtaliya, İsveçrə, Portuqaliya kimi top-yığmalar, demək olar ki, hər dəfə final mərhələsində iştirak edirlər. Buna baxmayaraq, öz millimizi də zəif saymıram. Ümid edirəm ki, vəsiqə qazana bilərik.
- Dünya çempionatının seçmə mərhələsinə qədər heyətdə hər hansı dəyişiklik gözlənilir?
- Xeyr, belə şansımız yoxdur. Dəvət etdiyimiz gəncləri aparacağıq ki, baxsınlar, öyrənsinlər. Kimisə əsas heyətə qatıb aparmaq düzgün deyil. Azərbaycanda sırf bu futbolla məşğul olanlar yoxdur. Onları tapıb ən azı 1 il təcrübə qazandırmaq lazımdır. Kimisə gətirib, dərhal oynatmaq mümkünsüzdür.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: “Komandamızın üzvləri 6 aydır yığılıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununda məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın çimərlik futbolu millisi Bakıda toplanış keçəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı voleybolçu: Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqlar yaxşı keçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












