Elnur Məmmədov İƏT Xarici İşlər Nazirləri Şurasının Yaundedə keçirilən 50-ci sessiyasında Azərbaycanı təmsil edib
sizinxeber.az xəbər saytı

Elnur Məmmədov İƏT Xarici İşlər Nazirləri Şurasının Yaundedə keçirilən 50-ci sessiyasında Azərbaycanı təmsil edib


Kamerunun paytaxtı Yaunde şəhərində 29-30 avqustda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyası keçirilib. Sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sessiya çərçivəsində çıxış edən Elnur Məmmədov Mavritaniyaya İƏT XİN Şurasına uğurlu sədrliyinə görə təşəkkür edib və yeni sədr ölkə Kameruna müvəffəqiyyət arzulayıb.

Nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesi və Ermənistanın buna mane olan təxribatçı addımları, mina təhdidləri barədə ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan regionda davamlı sabitliyi təmin edəcək, tamhüquqlu regional normallaşma və əməkdaşlığa yol açacaq sülh və dövlətlərarası münasibətlərin bərqərar olması üçün fəal şəkildə çalışır. 2020-ci ildə silahlı münaqişənin başa çatması hər iki ölkə üçün onilliklər boyu davam edən düşmənçiliyin nəticələrini aradan qaldırmaq və mehriban qonşuluq münasibətləri qurmaq üçün unikal imkan yaradıb.

Nazir müavini Azərbaycanın təşəbbüs göstərdiyi və Ermənistana təklif etdiyi normallaşma prosesinə tam sadiqliyini vurğulayıb.

Çıxış zamanı, nazir müavini həmçinin bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini bildirib və sözügedən tədbirin üç il ardıcıl şəkildə İƏT-ə üzv dövlətdə keçirilməsinin diqqətəlayiq fakt olduğunu ifadə edib. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün mühüm mərhələ olduğunu ifadə edən nazir müavini, Azərbaycanın müxtəlif inkişaf səviyyələrinə və siyasi mənsubiyyətə malik ölkələrin birləşdirilməsində Qoşulmama Hərəkatına bu yaxınlarda yekun vurulmuş sədrlik təcrübəsindən istifadə edərək qlobal iqlim gündəliyinin irəliləyişində beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün əlindən gələni edəcəyini diqqətə çatdırıb.

Nazir müavini çıxışında Azərbaycanın İƏT-in potensialını yüksəltmək üçün yeni ideyalar və təşəbbüslər irəli sürdüyünü və həmin təşəbbüslərdən birinin də İƏT Əmək Mərkəzinin yaradılması olduğunu söyləyib.

Nazirlər Şurasının yekununda ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 4 qətnamə qəbul edilib. “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur.

Oxşar xəbərlər

Elnur Məmmədov İƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyasında iştirak edib
Nazir Almaniyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Ararat Mirzoyan MDB XİN Şurasının iclasında iştirak etməyəcək
İƏT-in növbədənkənar görüşündə İsrail-Fələstin münaqişəsi müzakirə edilib
Ceyhun Bayramov Türkiyənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle