
Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana göndərilir

Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana göndərilir
Kiyevdə cəmləşən Ukraynanın müxtəlif vilayətlərində müharibədən əziyyət çəkən ailələrin uşaqları növbəti dəfə Azərbaycana reabilitasiyaya göndərilir.
"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, müharibənin əvvəlindən Azərbaycanın Ukraynadakı səfirliyinin vasitəsilə həyata keçirilən bu humanist aksiyanın davam edəcəyi bildirilir.
Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Fərid Babayevin sözlərinə görə, artıq üç ildən çoxdur ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə müharibədən zərər çəkmiş ukraynalı uşaqlar qəbul edilir, onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək göstərilir. F. Babayev bildirib ki, bu müddət ərzində 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.
Təşkilat mərkəzinin nümayəndəsi Anjela Kravçenko bildirib ki, bu gün Azərbaycana 30 nəfər azyaşlı uşaq göndərilir:
"Bunlar Ukrayna Milli Qvardiyası və Milli Polisinin müharibədən əziyyət çəkmiş əməkdaşlarının uşaqlarıdır. Bu, müharibə müddətində Azərbaycana reabilitasiyaya göndərilən 6-cı qrupdur. Hazırda göndərilən uşaqlar 6 yaşdan 16 yaşa qədərdirlər. Bizi qəbul edən Azərbaycana uşaqlarımızın bərpası, onların parlaq emosiyaları üçün təşəkkür edirik. Gələcəkdə yeni dəvətə görə də indidən təşəkkür edirik".
Valideynlərdən Oksana Litvinenko deyib ki, bu gün uşağını yola salır:
"Mənim ərim hərbçidir, ailəmiz əziyyət çəkir. Uşağımızı Azərbaycanın sayəsində reabilitasiyaya, dünyanın ən təhlükəsiz yerinə göndəririk. İstəyirik ki, uşağımız psixoloji bərpa olunsun, narahatlıqlardan, uşaqlara vurulan bu daimi hərbi zərərlərdən dincəlsin. Azərbaycana böyük təşəkkürümü və minnətdarlığımı bildirirəm".