Soltan Məmmədov ŞƏT ölkələri parlamentarilərini COP29-da iştiraka dəvət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
08 
Tem
2024
23:36

Soltan Məmmədov ŞƏT ölkələri parlamentarilərini COP29-da iştiraka dəvət edib

08 Tem, 2024
23:36
730

Soltan Məmmədov ŞƏT ölkələri parlamentarilərini COP29-da iştiraka dəvət edib

VI çağırış Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaşıl inkişaf üzrə Forumunda çıxış edib.

“Sizinxeber.az” xəbər verir ki, “yaşıl inkişaf yolunda birgə irəliləmə, insan və təbiətin harmonik mövcudluğunun təşviqi” mövzusunda panel iclasında çıxışı zamanı S.Məmmədov Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağına çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, “Bir kəmər, bir yol” layihəsinin nəqliyyat infrastrukturunun yaradılmasında rolu barədə danışıb.

Deputat qeyd edib ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan “yaşıl enerji”yə keçid prosesinə də öz töhfəsini verməyə hazır olduğunu hər zaman nümayiş etdirib.

S.Məmmədov bildirib ki, Azərbaycan bərpa olunan enerji mənbələrinə qoyulan investisiyanın ÜDM-də payına görə aparıcı ölkələrin siyahısındadır: “Qürur hissi ilə qeyd etmək istəyirəm ki, mənim ölkəm beynəlxalq birliyin etimadı sayəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etmək hüququ qazanıb”.

Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalandığını xatırladan millət vəkili COP29 parlament iclası üçün hazırlanmış sənəd layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, COP29 parlament iclasının yekun sənəd layihəsi bütün dünyanı narahat edən problemləri əhatə edir: “Hesab edirəm ki, biz dünyanı təhdid edən, gələcəyimizlə bağlı suallar yaradan qlobal məsələləri müzakirə etmək üçün bütün platformalardan ən effektiv səviyyədə istifadə etməyə çalışmalıyıq. Bugünkü toplantı da göstərir ki, artıq dünya dövlətləri, beynəlxalq ictimaiyyət, eləcə də sadə insanlar bizi və gələcək nəsilləri, bütün planetimizi təhdid edən təhlükənin fərqindədirlər”.

S.Məmmədov əmin olduğunu bildirib ki, COP29 sessiyası dünya tarixində qlobal iqlim dəyişiklikləri ilə mübarizədə yeni bir səhifə açacaqdır. O qeyd edib ki, Azərbaycan buna nail olmaq üçün bütün imkanlarını səfərbər etməyə hazırdır. Deputat Şanxay Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi statuslu ölkələrin parlamentarilərini COP29 sessiyasına fəal dəstək verməyə və tədbirdə iştirak etməyə dəvət edib.

Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaşıl inkişaf üzrə Forumunda Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin rəhbərliyi ilə VI çağırış Milli Məclisin deputatları Fatma Yıldırım, Elnur Allahverdiyev və Soltan Məmmədovun daxil olduğu nümayəndə heyəti təmsil edir.

Bizimlə əlaqə saxlayın