Media və şəhər dayanıqlılığı: WUF13 Azərbaycanın beynəlxalq kommunikasiya potensialını nümayiş etdirdi - TƏHLİL
sizinxeber.az xəbər saytı

Media və şəhər dayanıqlılığı: WUF13 Azərbaycanın beynəlxalq kommunikasiya potensialını nümayiş etdirdi - TƏHLİL


WUF13 çərçivəsində medianın ayrıca müzakirə mövzusu kimi gündəmə gətirilməsi onun şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf proseslərində artan rolunu nümayiş etdirdi. Azərbaycan media qurumuna belə bir panelin etibar olunması ölkə mediasına beynəlxalq səviyyədə göstərilən etimadın göstəricisi olmaqla yanaşı, böyük məsuliyyət də yaratdı. Tədbirdə medianın ictimai rəyin formalaşdırılması, şəffaflığın təmin edilməsi və müxtəlif tərəflər arasında dialoqun qurulmasındakı əhəmiyyəti vurğulandı. Sessiyanın UN Web TV tərəfindən geniş işıqlandırılması müzakirələrin qlobal auditoriyaya çatdırılmasına imkan verdi. Eyni zamanda forum Azərbaycan mediası üçün yeni beynəlxalq tərəfdaşlıqların qurulması və peşəkar əməkdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm platforma rolunu oynadı.

WUF13 Azərbaycan mediasının qlobal əməkdaşlıq potensialını nümayiş etdirdi

Media İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qabil Abbasoğlu bildirib ki, Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal platformalarından biri olan Dünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkə üçün mühüm əhəmiyyət daşıyıb. Onun sözlərinə görə, forum həm Azərbaycan mediası, həm vətəndaş cəmiyyəti institutları, həm də beynəlxalq əməkdaşlıq baxımından yeni imkanlar yaradıb.

Əməkdar jurnalist Qabil Abbasoğlu

Qabil Abbasoğlu qeyd edib ki, rəhbərlik etdiyi təşkilata BMT tərəfindən forum çərçivəsində medianın şəhərsalma və dayanıqlı inkişaf proseslərindəki roluna həsr olunmuş beynəlxalq panelin təşkili həvalə olunub. Bu etimadın Azərbaycanda media sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının beynəlxalq səviyyədə tanındığını və onların qlobal tərəfdaşlarla əməkdaşlıq potensialına malik olduğunu göstərdiyini vurğulayıb.

O bildirib ki, tədbirin BMT-nin rəsmi yayım platforması olan UN Web TV tərəfindən tam şəkildə yayımlanması panelin və ümumilikdə forumun əhəmiyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisi olub. Onun fikrincə, bu, Azərbaycan mediasının qlobal informasiya məkanında görünürlüğünün artmasına da mühüm töhfə verib.

Qabil Abbasoğlu forum çərçivəsində şəhərsalma və mənzil əlçatanlığı mövzusunda regional media konsorsiumunun yaradılması təşəbbüsünün irəli sürüldüyünü də diqqətə çatdırıb. O hesab edir ki, region ölkələrinin media qurumları bu istiqamətdə birgə əməkdaşlıq platforması formalaşdıraraq təcrübə mübadiləsini və ictimai müzakirələri daha da genişləndirə bilərlər.

Onun sözlərinə görə, təşkilatının ilk dəfə belə böyük miqyaslı beynəlxalq tədbirin təşkilində iştirak etməsi həm qurum, həm də ümumilikdə Azərbaycan mediası üçün mühüm təcrübə olub. Qabil Abbasoğlu vurğulayıb ki, forum çərçivəsində qurulan əlaqələr gələcəkdə yeni beynəlxalq tərəfdaşlıqların yaranmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət etməlidir. O əlavə edib ki, Dünya Şəhərsalma Forumu Azərbaycan mediası və vətəndaş cəmiyyəti institutlarının beynəlxalq proseslərdə daha fəal iştirak etməsi üçün mühüm zəmin yaradıb.

WUF13 çərçivəsində media sessiyasının Azərbaycana həvalə olunması ölkə mediasına etimadın göstəricisidir

Milli Məclisin deputatı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev hesab edir ki, WUF13 çərçivəsində medianın ayrıca müzakirə mövzusu kimi gündəmə gətirilməsi onun şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf proseslərində artan rolunun beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Onun sözlərinə görə, qloballaşma dövründə beş milyarddan çox insanın müxtəlif digital platformalar və sosial şəbəkələr vasitəsilə informasiya mühitinin iştirakçısına çevrildiyi bir şəraitdə peşəkar media ictimai proseslərin əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir.

Rizvan Nəbiyev: Qarabağda bərpa işlərinin beynəlxalq mediada işıqlandırılması qlobal diqqəti gücləndirib

Deputat vurğulayır ki, WUF13 çərçivəsində keçirilən “Mətbuatın mənzil təminatı və urbanizasiya ilə bağlı ictimai diskursda hərəkətverici qüvvə olması” mövzusundakı sessiya medianın yalnız məlumatlandırma funksiyası daşımadığını, eyni zamanda hökumətlər, bələdiyyələr, memarlar, investorlar və vətəndaş cəmiyyəti institutları arasında əlaqələndirici rol oynadığını nümayiş etdirdi. Onun fikrincə, media şəhərsalma və məskunlaşma ilə bağlı qərarların ictimai müzakirəyə çıxarılmasına, şəffaflığın təmin edilməsinə və ictimai hesabatlılığın gücləndirilməsinə töhfə verir.

Rizvan Nəbiyev qeyd edir ki, belə bir panelin Azərbaycan media qurumuna etibar olunması ölkə mediasına göstərilən beynəlxalq etimadın göstəricisidir. Bu etimad eyni zamanda Azərbaycan mediasının peşəkarlığına verilən qiymət olmaqla yanaşı, böyük məsuliyyət də yaradır. Onun sözlərinə görə, sessiyanın yüksək səviyyədə təşkili və geniş beynəlxalq iştirak Azərbaycanın qlobal informasiya məkanında etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyib.

Deputatın fikrincə, forum çərçivəsində Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı şəhərsalma modeli də diqqət mərkəzində olub. Prezident İlham Əliyevin strateji baxışları əsasında həyata keçirilən bərpa və yenidənqurma layihələrinin beynəlxalq auditoriyaya təqdim olunmasında medianın rolu xüsusi əhəmiyyət daşıyır. O qeyd edir ki, işğal dövründə beynəlxalq media Qarabağda törədilən dağıntıların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığı kimi, bu gün də Böyük Qayıdış və yenidənqurma proseslərini geniş şəkildə işıqlandırır.

Rizvan Nəbiyev hesab edir ki, WUF13 çərçivəsində media sessiyasının keçirilməsi və onun BMT-nin rəsmi yayım platforması olan UN Web TV tərəfindən geniş işıqlandırılması müzakirələrin qlobal auditoriyaya çatdırılmasına imkan yaradıb. Bu isə Azərbaycan mediası üçün yeni beynəlxalq tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsinin genişləndirilməsi və qlobal media şəbəkələri ilə əməkdaşlığın inkişafı baxımından mühüm imkanlar açıb.

WUF13-də media ilə bağlı xüsusi platformanın yaradılması medianın artan rolunu göstərir

Nigeriyanın Beynəlxalq İqlim Dəyişikliyi İnkişaf Təşəbbüsünün həmtəsisçisi Olumide İdovu Emmanuel bildirib ki, WUF13 çərçivəsində media məsələlərinə həsr olunmuş xüsusi platformanın yaradılması medianın şəhər inkişafı, ictimai məlumatlandırma və iqlim fəaliyyəti sahələrindəki əhəmiyyətinin artdığını nümayiş etdirir.

A Nigerian representative: WUF13 is an important platform for bringing the issues of local communities to the attention of a wide audience

Onun sözlərinə görə, WUF13 kimi nüfuzlu qlobal tədbirdə media məsələlərinə ayrıca yer ayrılması kommunikasiya və narrativlərin urbanizasiya, dayanıqlılıq və davamlı inkişafla bağlı beynəlxalq müzakirələrin əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyini göstərir.

“Media şəhər inkişafı, mənzil təminatı və şəhər dayanıqlılığı ilə bağlı ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Medianın işıqlandırdığı mövzular hansı sosial qrupların və problemlərin diqqət mərkəzinə çıxacağını müəyyənləşdirir, eyni zamanda şəhər inkişafı prosesində mövcud olan bərabərsizlikləri və idarəetmə boşluqlarını üzə çıxarır”, – deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, WUF13 çərçivəsində keçirilən panelin təşkilinin Azərbaycan media qurumuna həvalə olunması böyük məsuliyyət deməkdir.

“Bu, şəffaflığın, redaksiya müstəqilliyinin, balanslı təmsilçiliyin və vətəndaşların səsinin qorunmasının təmin edilməsini tələb edir. Xüsusilə media azadlığı, hesabatlılıq və iqlim siyasəti ilə bağlı müzakirələrdə inklüziv iştirak məsələlərinin qlobal gündəmdə ön plana çıxdığı bir dövrdə bu məsuliyyət daha da artır”, – deyə Emmanuel bildirib.

O qeyd edib ki, panel zamanı əsas diqqət medianın yalnız məlumatlandırıcı roluna deyil, həm də davamlı məsuliyyətin formalaşdırılmasına, inklüziv yanaşmanın təşviqinə və praktik həllərin təqdim edilməsinə yönəlib.

“Bu həllər xüsusilə həssas şəhər əhalisinin gündəlik reallıqlarına və qarşılaşdığı problemlərə əsaslanmalıdır”, – deyə o əlavə edib.

Olumide İdovu Emmanuelin fikrincə, WUF13 Azərbaycan mediası üçün beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından da mühüm platforma rolunu oynayıb.

“Bu forum sərhədlərarası tərəfdaşlıqların qurulmasına, şəhər dayanıqlılığı və iqlim dəyişikliyi mövzularına qlobal diqqətin artırılmasına şərait yaradır. Eyni zamanda, yerli media qurumlarının beynəlxalq inkişaf, davamlılıq və qlobal şəhər siyasəti ilə bağlı müzakirələrdə fəal iştirakını gücləndirə bilər”, – deyə ekspert vurğulayıb.

Şəhər dayanıqlılığının mərkəzində insanlar və icmalar dayanır

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü və ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva bildirib ki, müasir dövrdə şəhər dayanıqlılığı anlayışı adətən ağıllı memarlıq, nəqliyyat sistemləri və infrastruktur layihələri ilə əlaqələndirilsə də, şəhərlərin əsasını məhz burada yaşayan insanlar və icmalar təşkil edir.

Onun sözlərinə görə, şəhərsalma strategiyalarının uğuru həmin icmaların müəyyən edilmiş inkişaf vizyonuna inam və etimadından birbaşa asılıdır. Bu səbəbdən media tərəfindən həyata keçirilən operativ və səmərəli kommunikasiya, məlumatlandırma və maarifləndirmə fəaliyyəti şəhər dayanıqlılığı prosesinin əlavə elementi deyil, infrastruktur qədər vacib tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Şəfəq Mehrəliyeva qeyd edib ki, WUF iştirakçılarının Azərbaycandan öyrənə biləcəyi mühüm nümunələrdən biri işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilən yenidənqurma və məskunlaşma prosesidir.

“30 illik ayrılıqdan sonra doğma torpaqlarına qayıdan insanlar çox vaxt yaddaşlarında qalan mənzərə ilə qarşılaşacaqlarını düşünürlər. Halbuki bu gün Qarabağ daha müasir, dayanıqlı və gələcəyə hesablanmış yanaşmalar əsasında yenidən qurulur. Azərbaycan mediası da bu prosesdə icmaların düzgün məlumatlandırılması, onların gözləntilərinin formalaşdırılması və dəyişikliklərin mahiyyətinin izah edilməsi istiqamətində təqdirəlayiq fəaliyyət göstərir”, – deyə o vurğulayıb.

Mehrəliyevanın fikrincə, şəhərlərin dayanıqlılığı yalnız iqtisadi imkanlar, ərazi ölçüsü və ya texnoloji inkişaf səviyyəsi ilə müəyyən edilmir.

“Ən güclü və dayanıqlı şəhərlər mütləq ən böyük, ən zəngin və ya ən yüksək texnologiyalara malik şəhərlər deyil. Ən dayanıqlı şəhərlər insanların özlərini qurulan gələcəyin ayrılmaz hissəsi kimi hiss etdikləri şəhərlərdir”, – deyə Şəfəq Mehrəliyeva əlavə edib.

Media şəhər inkişafı ilə bağlı ictimai rəyin formalaşmasında əsas rol oynayır

Peru İctimai Siyasətlər və Diplomatiya İnstitutunun (IPPDR) direktoru Blanka Muxika Akuna Cudit bildirib ki, WUF13 kimi mühüm qlobal platformada media məsələlərinin müzakirəsinə həsr olunmuş ayrıca məkanın yaradılması xüsusi əhəmiyyət daşıyır.

Directora del Instituto de Políticas Públicas y Diplomacia del Perú: “Los medios de comunicación son un actor clave para promover y fomentar iniciativas”

Onun sözlərinə görə, müasir dövrdə media yalnız məlumatların ötürülməsi vasitəsi deyil, eyni zamanda insanların şəhər inkişafı, mənzil təminatı və şəhər dayanıqlılığı məsələlərini necə qavradığını formalaşdıran əsas amillərdən biridir.

“Medianın hər hansı mövzunu təqdim etmə üsulu ictimai rəyə, dövlət siyasətinin prioritetlərinə və hətta beynəlxalq əməkdaşlıq proseslərinə təsir göstərə bilir. Panel çərçivəsində səsləndirilən ən mühüm mesajlardan biri insan amili ilə bağlı idi. Mənzil təminatı və ya şəhər dayanıqlılığı ilə bağlı hər bir müzakirənin mərkəzində real ailələr, gənclər və həssas icmalar dayanır. Onların səsinin eşidilməsi olduqca vacibdir”, – deyə o vurğulayıb.

Blanka Muxika Akuna Cudit qeyd edib ki, media inklüziv dialoqun təşviqində və çox zaman diqqətdən kənarda qalan insanların problemlərinin görünən olmasında mühüm məsuliyyət daşıyır.

Ekspert panelin təşkilinin Azərbaycan media qurumuna həvalə edilməsini də əlamətdar hadisə kimi qiymətləndirib.

“Bu, Azərbaycan mediasının beynəlxalq səviyyədə artan rolunu və dünyanın müxtəlif regionlarından olan baxışları bir araya gətirmək qabiliyyətini nümayiş etdirir. Panel zamanı müzakirə olunan mühüm məsələlərdən biri də dezinformasiya və məlumatlara qeyri-bərabər çıxış problemi idi. Bu səbəbdən media, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, tədbirin BMT-nin rəsmi yayım platforması olan UN Web TV tərəfindən geniş işıqlandırılması forumun beynəlxalq auditoriyaya çıxış imkanlarını artırıb və müzakirələrin müxtəlif ölkələrdə daha geniş auditoriyaya çatmasına şərait yaradıb.

Blanka Muxika Akuna Cudit hesab edir ki, bu panel Azərbaycan mediası üçün yeni beynəlxalq əməkdaşlıq imkanları formalaşdırıb.

“Xüsusilə qeyri-hökumət təşkilatları, gənc liderlər və daha dayanıqlı, inklüziv cəmiyyətlərin qurulması istiqamətində fəaliyyət göstərən beynəlxalq institutlarla əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaranıb”, – deyə o əlavə edib.

Oxşar xəbərlər

Qabil Abbasoğlu: Media dayanıqlı şəhər inkişafı və iqlim davamlılığı üzrə ictimai məsuliyyəti gücləndirir
APA WUF13-ün media tərəfdaşı olub
Rizvan Nəbiyev: Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinin beynəlxalq mediada işıqlandırılması qlobal diqqəti gücləndirib
Əhməd İsmayılov: II Şuşa Qlobal Media Forumunun əsas mövzusu və məqsədi dezinformasiyaya qarşı mübarizə olub
Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində rolundan yazıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər