Böyük Qaladərəsi yenidən həyata qayıdır: ilk mərhələdə 17 ev bərpa edilib - FOTO
sizinxeber.az xəbər saytı

Böyük Qaladərəsi yenidən həyata qayıdır: ilk mərhələdə 17 ev bərpa edilib - FOTO


Şuşa rayonunun Böyük Qaladərəsi kəndində bərpa və yenidənqurma işləri davam edir. Kənddə ilk mərhələ çərçivəsində 17 fərdi ev əsaslı şəkildə bərpa olunaraq sakinlərin istifadəsinə hazır vəziyyətə gətirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Şuşa rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinin aparıcı məsləhətçisi İsmayıl İsmayılov bildirib.

Onun sözlərinə görə, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Böyük Qaladərəsi kəndi 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində azad edilib: "Hazırda kənddə keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı üçün zəruri şərait yaradılır".

İsmayıl İsmayılov qeyd edib ki, kənddə mühüm infrastruktur layihələri icra olunub: "Elektrik təsərrüfatı yenilənib, yeni transformator quraşdırılıb, elektrik xətləri çəkilib və evlər sayğaclaşdırılıb. Kəndə yeni qaz xətti çəkilib, qaz sayğaclarının quraşdırılması istiqamətində işlər aparılır.

Bununla yanaşı, sakinlərin içməli su ilə təmin olunması məqsədilə paylayıcı şəbəkə yaradılıb, su sayğacları quraşdırılıb. Rabitə xətlərinin çəkilişi davam edir, kənddaxili yollar abadlaşdırılıb. Həmçinin kənddə istirahət parkı salınıb və Bayraq meydanı yaradılıb".

Nümayəndəliyin məlumatına görə, kənddə mövcud olan 50 fərdi evdən 13-ü yararsız, 37-si isə qismən yararlı vəziyyətdə olub. Birinci mərhələdə 17 ev bərpa edilib, növbəti mərhələdə isə daha 20 evin təmir-bərpası nəzərdə tutulur.

Hazırda Böyük Qaladərəsi kəndində 64 nəfərdən ibarət 14 ailə məskunlaşıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də kəndə səfəri zamanı fərdi yaşayış evlərində və infrastruktur obyektlərində görülən işlərlə tanış olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb - FOTO
Şuşanın Böyük Qaladərəsi kəndində I mərhələdə 17 ev bərpa edilib
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Böyük Qaladərəsi kəndində Bayraq meydanı yaradılıb
Prezident İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər