Gürcüstan İctimai Yayımçısının baş direktoru: Azərbaycan mediası region üçün nümunə sayıla bilər – MÜSAHİBƏ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
iy
2025
11:00

Gürcüstan İctimai Yayımçısının baş direktoru: Azərbaycan mediası region üçün nümunə sayıla bilər – MÜSAHİBƏ

18 iy, 2025
11:00
347

Gürcüstan İctimai Yayımçısının baş direktoru: Azərbaycan mediası region üçün nümunə sayıla bilər – MÜSAHİBƏ

Şuşada keçiriləcək Qlobal Media Forumda iştirak etmək üçün Azərbaycana səfərə hazırlaşan Gürcüstan İctimai Yayımçısı – Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili “Sizinxeber.az”un Gürcüstan bürosuna Azərbaycan mediasının 150 illiyi ilə bağlı müsahibə verib:

- Bir fərd olaraq Azərbaycana münasibətiniz necədir?

- Bütün səmimiyyətimlə deyə bilərəm ki, Azərbaycan mənim üçün ən dəyərli ölkələrdən biridir. Çünki həyatımın ən gözəl yeddi ilini orada keçirmişəm. Ailəmlə birlikdə Azərbaycanda yaşamışam, ilk övladım da orada dünyaya gəlib və orada böyüyüb. Gürcüstana qayıtdıqda övladımın adaptasiyası belə çətin olmuşdu – bu da həmin illərin necə dərin iz buraxdığını göstərir. Azərbaycan xalqı ilə xüsusi bağlarım var. Mənim Azərbaycanda çoxlu dostlarım var. Hər dəfə Bakıya gedəndə, özümü sanki doğma evimə qayıtmış kimi hiss edirəm. Qəlbim sevinclə dolur.

- Azərbaycan mediası bu il özünün 150 illiyini qeyd edir. Azərbaycandan olan həmkarlarınızın fəaliyyətini izləyirsinizmi?

- İlk növbədə qeyd etmək istərdim ki, mətbuatın və medianın rolu təkcə bizim regionda deyil, bütün dünyada olduqca böyükdür. Xüsusilə bu qədər qeyri-sabitliyin, kataklizmanın yaşandığı bir zamanda biz medianın mərkəzindəyik. Azərbaycan mediası isə bu mürəkkəb reallıqlar fonunda öz dəqiqliyi və operativliyi ilə seçilir və region üçün nümunə sayıla bilər. Tarixə nəzər salsaq, görərik ki, vaxtilə Azərbaycan, Gürcüstan və Ermənistan media nümayəndələri birgə çalışır, əməkdaşlıq edirdilər. Ümid edirəm ki, gələcəkdə bu əməkdaşlıq yenidən bərpa olunacaq. Bu gün isə Azərbaycanın belə bir əməkdaşlığa liderlik etmək potensialı var. Gürcüstan jurnalistləri ölkəniz ilə bağlı məlumatları hazırlayarkən Azərbaycan mənbələrinə də geniş şəkildə istinad edirlər:

Ölkənizlə bağlı məlumatları dəqiqləşdirərkən “Sizinxeber.az”, AZƏRTAC kimi aparıcı informasiya agentliklərinin məlumatlarına da istinad edirlər. Bu, bizim üçün həm də etibarlı və balanslı informasiya təminatının bir hissəsidir.

Azərbaycan media nümayəndələrini – jurnalistləri, operatorları, montajçıları və redaksiyalarda çalışan bütün əməkdaşları təbrik edirəm. Azərbaycan mediasında operativlik və dəqiqlik hər zaman prioritet olub və bu, region üçün çox vacib bir nümunədir.

- İki ölkə arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiz?

- Ölkələrimiz arasındakı münasibətlər güclü təməllər üzərində qurulub. Azərbaycan və Gürcüstan hər zaman ən yüksək səviyyədə diplomatik münasibətlərə sahib olublar və bir-birini daim dəstəkləyiblər. Bu münasibətləri qorumaq və təbliğ etmək bizim üzərimizə düşən məsuliyyətdir. Medianın isə bu istiqamətdə rolu əvəzsizdir.

- Azərbaycandan olan həmkarlarınızla əməkdaşlıq hansı səviyyədə qurulub? Rəhbərlik etdiyiniz kanalda azərbaycanlı əməkdaşlar çalışırmı?

- Qarşılıqlı informasiya mübadiləsi daha da gücləndirilməlidir. Azərbaycan dilində danışan vətəndaşlarımıza Gürcüstanda baş verən hadisələri ana dillərində çatdırmağa xüsusi diqqət yetiririk. Biz də istərdik ki, Azərbaycanda baş verən hadisələr barədə məlumatları operativ şəkildə ala bilək. Çünki xalqlarımız arasında bu birliyin daha da möhkəmlənməsi vacibdir. Bu birlik artıq var – və bu, yalnız sözlə deyil, həm də əməl ilə təsdiqlənir. Gürcüstan İctimai Yayımçısında çalışan azərbaycanlı əməkdaşların fəaliyyətindən məmnunam. Mən sadəcə onlardan razı deyiləm, onlarla birlikdə işləməyimlə fəxr edirəm. Onlar peşəkardırlar və televiziyamızda çox dəyərli təcrübə qazanıblar. Xüsusilə etnik azlıqlarla çalışan redaksiyamız çox məhsuldar işləyir. Onlar həssas regional mövzuları işıqlandırır və bu informasiyaları yüksək səviyyədə təqdim edirlər.

Hazırda Azərbaycan İctimai Televiziyası (İTV) ilə çox sıx və strateji əməkdaşlıq mövcuddur. Yeni onlayn platformamız da fəaliyyətə başlayıb. Demək olar ki, hər həftə və ya ay əməkdaşlıq imkanlarını müzakirə edirik. Məqsədimiz – birgə media məhsulları hazırlamaq və bu layihələri hər iki ölkənin tamaşaçılarına təqdim etməkdir. Ümid edirəm ki, yaxın vaxtlarda bu əməkdaşlığın konkret nəticələrini ekranlarda görəcəyik.

Bundan başqa bizim Azərbaycandilli redaksiyamız AzTV ilə çox sıx işləyir. Mən isə bu əməkdaşlığın daha da genişlənməsi üçün çalışıram. Bu əməkdaşlığın nəticəsi olaraq gələcəkdə ortaq sənədli filmlər, mədəni layihələr, hətta seriallar da istehsal edilə bilər.

Ümumilikdə demək istəyirəm ki, Azərbaycan və Gürcüstan arasında media sahəsində qurulan əməkdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun informasiya məkanına töhfə verir. Bu əməkdaşlıq həm xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsi, həm də regional sabitliyin və mədəni körpülərin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Biz Gürcüstanda azərbaycandilli auditoriyaya yüksək keyfiyyətli məlumat təqdim etmək üçün bütün imkanlardan istifadə edirik və eyni münasibəti Azərbaycan tərəfdən də görmək bizi çox sevindirir. İnanıram ki, bu əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək, ortaq layihələr isə xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.

Bizimlə əlaqə saxlayın