Ayan Qəmbərova: "Azad edilmiş ərazilərdə yeni investisiya mərhələsi başlayır"
sizinxeber.az xəbər saytı

Ayan Qəmbərova: "Azad edilmiş ərazilərdə yeni investisiya mərhələsi başlayır"


Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi artıq klassik infrastruktur quruculuğu mərhələsini geridə qoyaraq, kompleks iqtisadi sistemin formalaşması mərhələsinə daxil olub.

Bu sözləri "Report"a Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova söyləyib.

Onun sözlərinə görə, bu mərhələ yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda həmin ərazilərdə formalaşan iqtisadi aktivlərin dəyərinin ölçülməsi, kapitallaşdırılması və uzunmüddətli iqtisadi dövriyyəyə inteqrasiyasını əhatə edir: "Böyük Qayıdış proqramı artıq ölkə tarixinin ən irimiqyaslı iqtisadi transformasiya layihələrindən biri kimi çıxış edir və milyardlarla manatlıq potensial aktivlərin real iqtisadiyyata cəlb olunduğu, formalaşdığı strateji inkişaf mərhələsi kimi dəyərləndirilir. Bu proses çərçivəsində mülki strateji infrastruktur obyektləri - beynəlxalq hava limanları, magistral yollar, dəmir yolu xətləri, enerji istehsal və ötürmə sistemləri, su təsərrüfatı obyektləri, sənaye parkları, aqroparklar və yeni yaşayış məntəqələri üzrə kompleks urbanizasiya layihələri həyata keçirilir".

Onun fikrincə, beynəlxalq təcrübə göstərir ki, mülkiyyət münasibətlərinin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, mülkiyyət hüquqlarının təminatı və dəqiqləşdirilməsi, daşınmaz əmlak bazarının şəffaflaşdırılması, bazar iştirakçıları arasında hüquqi mexanizmlərin formalaşdırılması və müstəqil qiymətləndirmə institutlarının gücləndirilməsi investisiya axınlarını orta hesabla 20-30 faiz artıran əsas institusional faktorlardandır: "Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər mühüm beynəlxalq maliyyə institutlarının müxtəlif ölkələr üzrə təhlilləri bu yanaşmanın xüsusilə post-münaqişə regionlarında iqtisadi bərpanın sürətlənməsində həlledici rol oynadığını təsdiqləyir".

AQP rəsmisi qeyd edir ki, beynəlxalq təcrübədə də oxşar tendensiyalar müşahidə olunur: "Məsələn, Bosniya və Herseqovinada mülkiyyət reyestrinin sistemləşdirilməsi xarici kapital axınını genişləndirib. Xorvatiyada Avropa standartlarına uyğun qiymətləndirmə və əmlak islahatları investisiya reytinqinin yüksəlməsinə təsir göstərib. Region ölkələrində bu müqayisəni biz daha çox münaqişədən öncəki dövrlərdə bu sahədə sürətli inkişaf tempi ilə seçilən və bir sıra mühüm beynəlxalq hesabatlarda mövqeləri sürətlə müsbətə doğru dəyişən Azərbaycan və Gürcüstan təcrübələrində göstərə bilərik. Daşınmazın əmlakın qeydiyyatı, sahibkarlığın inkişafı istiqamətində iqtisadiyyatın bir sıra sahələrində icazələrin və lisenziyaların sayının əhəmiyyətli dərəcədə azaldılması bu iki Cənubi Qafqaz ölkəsinə investisiya axınlarının əhəmiyyətli artımına səbəb olub. Azərbaycan təbii ki, aparılan uğurlu və prinsipial xarici siyasət nəticəsində postmünaqişə dövründə qeyd olunan istiqamətdə mövqelərini bir qədər də yaxşılaşdırıb və faktiki olaraq çox ciddi beynəlxalq iqtisadi layihələrin əsas iştirakçısına çevrilib.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın təbii resurslar, kənd təsərrüfatı, su ehtiyatları və yaşıl enerji potensialı baxımından ən yüksək strateji dəyərə malik regionlarındandır. Bu iqtisadi rayonların ölkə ərazisinin təxminən beşdə birini əhatə etməsi onların iqtisadi çəkisini daha da artırır. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasına uyğun olaraq region "yaşıl enerji zonası" kimi formalaşdırılır ki, bu da iqtisadi aktivlərin qiymətləndirilməsində yeni metodoloji yanaşmalar tələb edir".

Ekspert vurğulayır ki, müasir qiymətləndirmə yanaşmaları artıq yalnız torpaq və daşınmaz əmlakın bazar dəyərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır: "Enerji aktivlərinin gəlir potensialı, karbon emissiya balansı, logistika üstünlükləri, infrastrukturun multiplikativ təsiri və gələcək pul axınlarının diskontlaşdırılmış dəyəri kimi göstəricilər də kompleks qiymətləndirmə sisteminə daxil edilir. Bu yanaşma beynəlxalq Qiymətləndirmə Standartları (IVS) və Beynəlxalq Maliyyə Hesabatları Standartları (İFRS) çərçivəsində qəbul olunmuş metodoloji prinsiplərlə tam uyğunluq təşkil edir. Bu çərçivədə Azərbaycan Qiymətləndiricilər Palatası beynəlxalq qiymətləndirmə və maliyyə hesabatları standartlarının tətbiqi, peşəkar sertifikasiya sisteminin gücləndirilməsi, vahid metodoloji bazanın formalaşdırılması və bazar iştirakçıları arasında şəffaflığın artırılması istiqamətində institusional mərkəz rolunu oynayır və bu mövqeləri günü-gündən artırmağa davam edir. Bu institutlaşma prosesi Qarabağ və Şərqi Zəngəzurun geniş iqtisadi və təbii resurslarının iqtisadi dövriyyəyə tam inteqrasiyası üçün zəruri institusional zəmin yaradır. Eyni zamanda, dövlət investisiyalarının səmərəliliyinin artırılması və özəl sektorun bu prosesə daha geniş cəlb olunması üçün qiymətləndirmə mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır: "Bu yanaşma dövlət-özəl tərəfdaşlığı layihələrində risklərin azaldılması, maliyyə qərarlarının optimallaşdırılması, problemli aktivlətin restrukturizasiyası və investisiya mühitinin proqnozlaşdırılmasının gücləndirilməsinə xidmət edir.

A. Qəmbərova hesab edir ki, Böyük Qayıdışın növbəti mərhələsində dövlət investisiyalarının tədricən özəl sektor investisiyaları ilə əvəzlənməsi və paralel inkişaf modeli əsas trend kimi çıxış edəcək: "Bu mərhələdə sənaye zonaları, kənd təsərrüfatı klasterləri, turizm və xidmət sektoru, eləcə də enerji və logistika layihələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi investor qərarlarının əsasını təşkil edəcək.

Nəticədə Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafının əsas ölçü vahidi artıq yalnız infrastrukturun miqyası deyil, həmin infrastrukturun yaratdığı əlavə iqtisadi dəyər, iqtisadi səmərəliliyin təmin olunmasına verilən töhfələr, mühüm ekoloji lahiyələr nəticəsində xərclərin optimallaşdırılması ilə cəlb olunan investisiya həcmi və onların formalaşdırdığı dayanıqlı rifahdır: "Bu kontekstdə qiymətləndirmə institutu Böyük Qayıdışın iqtisadi memarlığının əsas dayaqlarından biri kimi çıxış edir və regionun uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən strateji mexanizm funksiyasını daşıyır".

Oxşar xəbərlər

Anar Quliyev: "Böyük Qayıdış Dövlət Proqramı mərkəzi strateji çərçivəni təmsil edir"
PA-nın rəhbəri: İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır
Azad edilmiş ərazilərə səfərlərin liberallaşdırılması: Qarabağ turizm və iqtisadi inkişaf yolunda - ARAŞDIRMA
Ələt Azad İqtisadi Zonasında yağış sularının toplanması üçün xüsusi rezervuarlar hazırlanıb
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər