Deputat: "Azərbaycanda rəqəmsal dövlət xidmətləri əlverişli formada təqdim ediləcək" - RƏY
sizinxeber.az xəbər saytı

Deputat: "Azərbaycanda rəqəmsal dövlət xidmətləri əlverişli formada təqdim ediləcək" - RƏY


Azərbaycan üçün rəqəmsal inkişaf sadəcə texniki xarakterli məsələ olmayıb, dövlət idarəetməsinin müasirləşdirilməsi, iqtisadiyyatın diversifikasiyası, milli təhlükəsizliyin gücləndirilməsi və insan kapitalının formalaşdırılmasını özündə birləşdirən hərtərəfli strateji prioritet kimi dəyərləndirilir.

Bunu "Sizinxeber.az"a açıqlamasında deputat Pərvanə Vəliyeva bildirib.

Onun sözlərinə görə, cari ilin fevral ayında Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında Rəqəmsal İnkişaf Şurasının təsis edilməsi göstərilən strateji məqsədlərin reallaşdırılmasına ciddi impuls verir: "Artıq Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Şura Azərbaycanın regionda rəqəmsal transformasiya və innovasiya sahəsində lider mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir. Dövlət xidmətlərinin bütünlüklə rəqəmsal formata keçirilməsi, xidmət göstərilməsində innovativ yanaşmaların, süni intellektin tətbiqi vasitəsilə vətəndaşlara təqdim olunan xidmətlərin sadələşdirilməsi vətəndaş razılığını yüksəldəcək, vətəndaş-məmur münasibətlərini minimum həddə endirəcəkdir. Bundan əlavə, data suverenliyinin mühafizəsi və süni intellektdən zərərli məqsədlərlə istifadənin qarşısının alınmasına istiqamətlənmiş siyasətin işlənib hazırlanması və icra olunması əsas hədəflərdəndir".

P. Vəliyeva Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın bu istiqamətdə ölkənin strateji yol xəritəsini formalaşdırdığını vurğulayıb: "Bu çərçivədə Azərbaycanda 2025-2028-ci illər üçün "Süni İntellekt Strategiyası"nın qəbul edilməsi də xüsusi əhəmiyyət daşıyır. Dövlət xidmətlərində süni intellektə əsaslanan həllərin reallaşdırılması, virtual köməkçilərin istifadəyə verilməsi, milli hesablama infrastrukturunun qurulması və tənzimləyici sınaq mühitinin yaradılması bu sahədə Azərbaycanın yeni inkişaf pilləsinə keçdiyini nümayiş etdirir. Bütün bu proseslər milli maraqların qorunması və informasiya suverenliyinin təmin olunması prinsipləri üzərində qurulur".

O bildirib ki, rəqəmsal transformasiyanın əhəmiyyətli istiqamətlərindən biri də təhsil sahəsidir: "Gənc nəsildə rəqəmsal bacarıqların formalaşdırılması, tədris prosesində süni intellekt texnologiyalarından istifadə və insan kapitalının möhkəmləndirilməsi gələcəyin rəqabətə davamlı cəmiyyətinin qurulmasına xidmət edir. Digər tərəfdən Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, informasiya infrastrukturunun qorunması, süni intellektə əsaslanan kibermüdafiə mexanizmlərinin tətbiqi və kibergigiyena sahəsində maarifləndirilmə tədbirləri Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemini keyfiyyətcə yeni pilləyə qaldıracaq".

Dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində ən mühüm yeniliklərdən birinin vahid "mygov" ekosisteminin tətbiqi olduğunu bildirən P. Vəliyeva bu yanaşmanın xidmətlərin daha sürətli və əlverişli formada təqdim edilməsini mümkün edəcəyini vurğulayıb: "Eyni zamanda, proaktiv dövlət xidmətlərinin genişləndirilməsi nəticəsində bir sıra xidmətlər vətəndaşın əlavə müraciəti tələb olunmadan avtomatik qaydada göstəriləcək. O cümlədən sürücülük vəsiqəsinin yenilənməsi üçün müraciətin "mygov" platforması vasitəsilə həyata keçirilməsi, ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyatı onlayn qaydada tamamlaya bilməsi, azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsinin alınması, habelə tərcümə sənədlərinin təsdiqlənməsi kimi çoxsaylı xidmətlərin artıq mygov platforması üzərindən aparıla bilməsi vətəndaşlara operativ və yüksək keyfiyyətli xidmət göstərilməsini və məmnunluğun daha da artmasını təmin edir".

Oxşar xəbərlər

Müasir qanunvericilik bazası üçün kompleks islahatlar hazırlanır
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib
Emin Əmrullayev: Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur
Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"
Nazir müşaviri: "Gələn il Azərbaycan rəqəmsal iqtisadi inkişaf strategiyasının icrasına başlayacaq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər