
“AzərEnerji” 2030-cu ilə qədər enerji sisteminə inteqrasiya ediləcək güclərin həcmini açıqlayıb

“AzərEnerji” 2030-cu ilə qədər enerji sisteminə inteqrasiya ediləcək güclərin həcmini açıqlayıb
Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə layihələrin qoyuluş gücü artır.
"Report" xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərini azaltmaq, karbon emissiyalarını minimuma endirmək və enerji sisteminə bərpa olunan enerji mənbələrinin (BOEM) inteqrasiyasını sürətləndirmək məqsədilə "yaşıl enerji" transformasiyasını intensiv şəkildə davam etdirir:
“2023-cü il oktyabrın 26-da gücü 230 MVt olan "Qaradağ" Günəş Elektrik Stansiyası (GES) şəbəkəyə qoşulub. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə ümumi gücü 270 MVt olan bir sıra Kiçik Su Elektrik Stansiyaları (KSES) istismara verilib”.
Y. Qarayev əlavə edib ki, hazırda tikintisi davam edən və növbəti illərdə şəbəkəyə qoşulacaq bir sıra mühüm layihələr də mövcuddur: "BP şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə GES-in 2025-ci ilin ikinci yarısında şəbəkəyə qoşulması nəzərdə tutulur. "ACWA Power" şirkətinin həyata keçirdiyi 240 MVt gücündə Külək Elektrik Stansiyası (KES) 2025-ci ilin birinci yarısında istismara veriləcək. “Masdar” şirkəti tərəfindən həyata keçirilən MEQA layihə çərçivəsində ümumi gücü 1 QVt olan 2 günəş və 1 külək elektrik stansiyası 2026-cı ilin birinci yarısından etibarən şəbəkəyə qoşulacaq”.
O bildirib ki, bu il iki 125 MVt/250 MVtsaatlıq enerji yığım sistemi (BESS) – ümumilikdə 260 MVt/500 MVtsaat – şəbəkəyə inteqrasiya ediləcək: “Enerso Cəbrayıl” MMC və “Clean Energy Cəbrayıl” MMC tərəfindən inşa ediləcək 50+50 MVt-lıq GES-lərin 2027-ci ildə şəbəkəyə qoşulması planlaşdırılır".
O çıxışı zamanı bərpa olunan enerji sahəsində perspektiv layihələrdən də bəhs edib: "BOEM üzrə hərrac layihəsi çərçivəsində 100 MVt gücündə GES-in 2026-cı ildə şəbəkəyə qoşulması nəzərdə tutulur. Çin şirkəti “China Gezhouba” tərəfindən Füzuli rayonunda inşa ediləcək 160 MVt-lıq GES-in 2030-cu ilə qədər istismara verilməsi planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında KSES-lərin ümumi gücünün 471 MVt-a qədər artırılması gözlənilir”.
Y. Qarayev qeyd edib ki, bu layihələr Azərbaycanın təbii resurslarından səmərəli istifadəsinə, “yaşıl enerji”yə keçidin sürətləndirilməsinə və ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcək.