
Belçika Nümayəndələr Palatasının dəyişməyən anti-Azərbaycan mətni, yaxud deputatların tutuquşuluğu - ŞƏRH

Belçika Nümayəndələr Palatasının dəyişməyən anti-Azərbaycan mətni, yaxud deputatların tutuquşuluğu - ŞƏRH
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olan həmişə tapılır. Belçika Nümayəndələr Palatası iyulun 17-də Azərbaycanın daxili işinə qarışaraq qətnamə qəbul edib.
Halbuki Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan bəhs edib. O, Ermənistanda “ikinci dövlətin” mövcudluğuna icazə verməyəcəyini bildirib.
N.Paşinyan vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu daha əvvəl qəbul etməli imiş. Əslində, Baş nazir və komandası son illərdə atdığı bəzi addımlar, verdiyi açıqlamalarla ermənilərin keçmiş sponsorları rolunda çıxış edənlərə Azərbaycanla münasibətlərin normallaşmasına çalışdıqlarını göstərməyə çalışırlar.
Belçika Nümayəndələr Palatası isə “qaşınmayan yerdən qan çıxarmaq” kimi ənənəvi davranışını davam etdirir.
Bu palata sanki Avropa Parlamentinin filialı rolunda çıxış edir. Çünki Avropa İttifaqının parlamenti anti-Azərbaycan çıxışlarına görə bu sahədə öndə gedir. Belçika və Niderland Krallığı da onu yamsılayır.
44 günlük müharibə başa çatandan sonra 2020-ci ilin dekabrında Belçikanın Nümayəndələr Palatası öz torpaqlarını işğaldan azad etdiyi üçün Azərbaycana qarşı qətnamə qəbul etmişdi. Deputatlar Belçika hökumətini ermənilərə yardım etməyə çağırmışdı.
Müqayisə qüsurlu olsa belə, qeyd edək ki, daha əvvəl Qarabağ və ətraf rayonlardan olan azərbaycanlılar qovulub. Azərbaycanın bir milyona yaxın vətəndaşı qaçqın vəziyyətində, ərazisinin isə 20 faizi işğal altında idi. Özünü humanist kimi göstərən palata azərbaycanlılara insani yardımla bağlı bir dəfə belə səslərini qaldırmamışdı. Bu federal orqan Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxaraq separatçıları belə dəstəkləmişdi.
Bu ölkədən olan deputatlar eyni mövqeyi Avropa Parlamentində, Benilüks ölkələri parlamentində də nümayiş etdirirlər. Müqayisə üçün qeyd edək ki, həmin qurumda təmsil olunan Niderland parlamentinin Nümayəndələr Palatası 2024-cü ilin oktyabrında Azərbaycan əleyhinə birtərəfli və qərəzli iki qətnamə çıxarıb, ölkənin xarici işlər naziri həmin sənədləri dəstəkləmişdi. 2020-ci ilin oktyabrından 2024-cü ilədək Azərbaycan əleyhinə 27-dən çox təxribat xarakterli qətnamə qəbul edib.
Torpaqlar Ermənistanın işğalı altında olduğu illərdə Azərbaycanın talan və məhv edilən mədəni irsinin qorunmasını özlərini mədəni və humanist göstərən bu parlamentlər müdafiə etməyib. Habelə, 300 min Qərbi azərbaycanlının öz tarixi yurd yerlərindən qovulmasından, mülkiyyət hüququndan zorla məhrum edilməsindən, həmin bölgədəki Azərbaycan türklərinin, müsəlmanların milli-dini-mədəni-tarixinin irsinin silinməsinə qarşı çıxış etməyblər.
Ancaq Azərbaycan torpaqlarında ermənilərin qeyri-müəyyən “mədəni abidələrindən” bəhs edirlər.
Belçikanın Nümayəndələr Palatası iyulun 17-dəki plenar icrasında ötən beş ildə verdiyi açıqlamalara və qətnamələrinə yeni heç bir mövzu əlavə etməyib. “Humanizm” prinsiplərndən "çıxış edən" bu kimi palata, parlament və hökumətlərin ötən beş ilə yaxın müddətdə anti-Azərbaycan tezislərində, qətnamə və çıxışlarında əsas mövzular dəyişməz olaraq qalır. Onlar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini pozmuş, konstitusiya quruluşunu dəyişməyə səy göstərmiş, habelə müxtəlif qanunsuz silahlı qruplar yaratmaqda təqsirli bilinənləri müdafiə etməklə cinayətkarlıqda ittiham olunanlara dəstək veriblər.
Bununla da parlamentarilər belə əməlləri təbliğ və təşviq edirlər. Anti-Azərbaycan ovqatı o yüksəklikdə olub ki, onlar məhkəmənin işinə belə müdaxilə etməkdən çəkinməyiblər. Palatanın üzvləri təqsirləndirilən erməni məhbusları azad etməyə çağırış ediblər. Bununla da onlar azad məhkəmə prinsipinə qarşı çıxıblar.
Avropa parlamentarilərini narahat edən məsələlərdən biri də Qərbi Azərbaycan məsələsidir. Qətnamədə bu məsələyə görə Azərbaycan təhdid edilib, birmənalı şəkildə qınanılıb.
Nümayəndələr Palatası “Azərbaycandan Qarabağın mədəni və dini irsinin qorunmasını təmin etməyi, UNESCO missiyasının zərərin qiymətləndirilməsi üçün əraziyə daxil olmasına icazə verilməsini” istəyiblər.
Belə tələb Azərbaycanın suveren hüquqlarının pozulmasıdır. Bir vaxtlar ərazi bütövlüyünün pozulmasını görməzlikdən gələn, işğalçı Ermənistanı müdafiə edənlər bir adətə çevrilib. Həmin anti-Azərbaycan ünsürlər, görünür, belə sayğısızlığı indi də bu sayaq nümayiş etdirirlər.
Belçika Nümayəndələr Palatasının üzvü Mişel de Meqde Ermənistanı birmənalı şəkildə müdafiə etdiklərini də gizlətməyib: “Belçika Ermənistanı dəstəkləməyə davam etməli və onunla əməkdaşlığı daha da dərinləşdirməlidir”.
Belçika Nümayəndələr Palatasının Azərbaycana qarşı ittihamlarla dolu qətnaməsini ənənəvi olaraq əsassız, sübutsuz boşboğazlıq kimi qiymətləndirmək olar. Qətnamədə onlar Qərbi Azərbaycan, Azərbaycana qarşı cinayətlərdə təqsirli bilənlər, "əsirlər" haqqında ənənəvi mövzulardan bəhs ediblər.
Belə qətnamələrə nəzərə yetirəndə adama elə gəlir ki, hazır mətnlərin sadəcə tarixi dəyişdirilib. Çünki həmin parlamentlərdə təmsil olunan deputatlar üçün Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması maraqlı deyil. Elə təəssürat yaranır ki, onlara Azərbaycana qarşı çıxış etmək illər öncə bir dəfə tapşırılıb, bunu üçün pulları verilib. Buna görə də həmin qurumlarda təmsil olunanlar hər il eyni mövzunu bir qədər fərqli redaktədə təkrar edirlər.
Bir məsələni də qeyd edək ki, Ermənistan Belçikanın ticarət tərəfdaşı deyil. İki ölkə arasında ticarət dövriyyəsi mövcud olsa da, bu, hər iki ölkənin xarici ticarətinin əsas istiqamətlərindən biri deyil. Çünki İrəvanın əsas ticarət tərəfdaşları Rusiya, BƏƏ və Çindir.
Ermənistan-Belçika münasibətləri, xüsusilə ticarət sahəsində dostluq münasibətləri kimi xarakterizə olunur və Ermənistanın Brüsseldə səfirliyi var.
2024-cü ildə Belçika və Azərbaycan arasında ümumi əmtəə dövriyyəsi 86 milyon 750 min 44 dollar, 2023-cü ildə isə bu rəqəm 96 milyon 338 min 57 dollar təşkil edib. Bütün hallarda Ermənistandan fərqli olaraq, həcmi az olsa belə, Azərbaycan Belçikanın ticarət tərəfdaşıdır.
Bu baxımdan, Belçika-Ermənistan əlaqələri beynəlxalq hüquqa əsaslanan dövlətlərarası münasibətdən çox, erməni lobbisinin tapşırıqlarının icraçısına oxşayır.
Belçika ilk dəfə 2006-cı ilin 16-19 noyabr tarixlərində “Qarabağın Dirçəlişi” ümumerməni telemarafonunda iştirak edib. Bu tədbirin əsas təşkilatçısı isə erməni lobbisi sayılır. Bununla o bu tədbirin iştirakçıları sırasına qoşulmuşdu. Beş ildən artıqdır bu telemarafon keçirilmir. Anti-Azərbaycan ünsürlər, erməni lobbisi indi fəaliyyətini Nümayəndələr Palatası kimi qurumlarda davam etdirir.
Görünür, Belçikanın Aşağı Palatasının rəsmi Bakı ilə İrəvan arasında keçirilən birbaşa, ikitərəfli görüşdən, danışıqların davam etdirilməsindən, sülh sazişi mətni layihəsinin hazır olmasından Paşinyanın yuxarıda nümunə göstərdiyimiz çıxışlarından hələ xəbəri yoxdur. Yaxud onlara "bəsdir", "dayandırın" kimi “komanda” hələ verilməyib. Çünki palata üzvləri tutuquşu kimi onlara ötən illərdə əzbərlətdirilən əsassız və mənasız mətnlər əsasında çıxışları davam etdirirlər.
Belə ehtimal etmək olar ki, palata bu kimi qətnamələrlə keçirilməyən “xeyriyyə telemarafonu”nu bərpa etməyi, “məzlum ermənilər”ə yardım yığmağı planlaşdırır. Yaxud onlar erməni lobbisi və Belçika hökumətinin “qulağını kəsib”, pul qopartmaq istəyirlər. Yoxsa, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə onlar havayı niyə mane olsunlar?