İran və Omanın XİN rəhbərləri Hörmüz boğazına nəzarəti müzakirə ediblər
sizinxeber.az xəbər saytı

İran və Omanın XİN rəhbərləri Hörmüz boğazına nəzarəti müzakirə ediblər


İranın xarici işlər naziri Abbas Əraqçi ilə omanlı həmkarı Bədr əl-Busaidi arasında telefon danışığı baş tutub, onlar Hörmüz boğazına nəzarəti müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə A. Əraqçi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Bədr əl-Busaidi ilə çox məhsuldar telefon danışığında İranın istənilən təhdid qarşısında Oman ilə həmrəyliyini ifadə etdim", - o yazıb.

Söhbət zamanı Hörmüz boğazı, suverenlik öhdəlikləri və beynəlxalq hüquqa uyğun gələcək idarəçilik müzakirə edilib: "Bütün qonşu dövlətlərlə məsləhətləşmələri alqışlayırıq".

Pakistanın vasitəçiliyi ilə aparılan diplomatik prosesin son vəziyyətini şərh edən A. Əraqçi yekun razılaşmanın əldə olunmamasını Amerika tərəfinin hədsiz tələbkar yanaşması və ziddiyyətli mövqeləri ilə əlaqələndirib.

Bununla yanaşı, İsrailin Livan və Fələstinə hücumları pislənilib.

Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.

Daha əvvəl ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İranla sülh razılaşmasına yaxınlaşdıqlarını bəyan edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

İran və Omanın XİN rəhbərləri bölgədəki gərginliyi müzakirə ediblər
Əraqçi Hörmüz boğazındakı vəziyyəti regional böhranla əlaqələndirib
İran və Çinin XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçi ilə Fransanın XİN rəhbəri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər