FHN Qazaxda açıq ərazidəki yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB  » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
avq
2025
19:30

FHN Qazaxda açıq ərazidəki yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB 

14 avq, 2025
19:30
807

FHN Qazaxda açıq ərazidəki yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Sizinxeber.az" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təxminən 50ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

19:20

Qazaxın bir neçə kəndinin meşəlik ərazilərində yanğın olub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, yanğın Bala Cəfərli, Barxudarlı, Sofulu və Xanlıqlar kənd ərazisində yerləşən meşəlik və açıq sahələri əhatə edib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və əməkdaşları cəlb olunub.

Artıq digər kəndlərdə yanğınlar söndürülüb, ərazi mühafizə olunur. Xanlıqlar kəndində isə yanğının söndürülməsi üçün əraziyə 2 helikopter cəlb olunub.

Qeyd edək ki, ərazi Ermənistanla sərhəddə yerləşir.

18:03

Qazaxda meşəlik ərazidə yanğın başlayıb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.

Məlumata görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.

Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əraziyə iki helikopter cəlb olunub.

Bizimlə əlaqə saxlayın