Dövlət Gömrük Komitəsinə tibb vasitələri reyestrinə giriş imkanının yaradılması təklif edilib
sizinxeber.az xəbər saytı

Dövlət Gömrük Komitəsinə tibb vasitələri reyestrinə giriş imkanının yaradılması təklif edilib


Dövlət Gömrük Komitəsinə tibb vasitələri reyestrinə giriş imkanının yaradılması təklif edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə dərman preparatlarının, tibb vasitələrinin və sanitariya nəzarətinə düşən malların idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, dərman vasitələrinin qaçaqmalçılığı ilə mübarizə, psixotrop maddələrin qanunsuz dövriyyəsinə gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə keçirilən görüşdə bildirilib.

Görüşdə səhiyyə naziri Teymur Musayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, hər iki qurumun rəhbər vəzifəli şəxsləri və aidiyyəti struktur bölmələrin rəhbərləri də iştirak ediblər.

Tədbirin məqsədi dərman vasitələri, dərman maddələri və tibb vasitələrinin idxal-ixrac əməliyyatları zamanı həyata keçirilən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, qurumlararası əməkdaşlığın genişləndirilməsi və məlumat mübadiləsinin daha səmərəli təşkili məsələlərinin müzakirəsi olub.

Səhiyyə Naziri Teymur Musayev qeyd edib ki, əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələri ilə təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sağlamlığının qorunması, keyfiyyətli və təhlükəsiz dərman təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğı bu sahədə aparılan islahatların uğurla davam etdirilməsinə mühüm töhfə verir. Dərman və tibb vasitələrinin ölkəyə idxalı zamanı əhalinin sağlamlığının qorunmasının vacibliyi nəzərə alınaraq nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda proseslərin sadələşdirilməsi və şəffaflığın artırılması üçün aidiyyəti qurumlar arasında səmərəli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığın və birgə fəaliyyətin daha da genişləndirilməsi vacibdir."

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov vurğulayıb ki, gömrük nəzarətinin effektiv təşkili ilə yanaşı, qanuni ticarətin asanlaşdırılması və rəqəmsal həllərin tətbiqi prioritet məsələlərdəndir: "Qurumlarımız arasında məlumat mübadiləsinin genişləndirilməsi, risklərin düzgün qiymətləndirilməsi və inteqrasiya olunmuş nəzarət mexanizmlərinin tətbiqi həm təhlükəsizliyin təmin olunmasına, həm də sahibkarlıq subyektləri üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edəcək."

Tərəflər dərman və tibb vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesində idxal icazələrinin verilməsi üçün məlumat mübadiləsinin təkmilləşdirilməsi, elektron inteqrasiya imkanlarının genişləndirilməsi, risklərin qiymətləndirilməsi mexanizmlərinin gücləndirilməsi və aidiyyəti qurumlar arasında operativ koordinasiyanın artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin gömrük eyniləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə müvafiq reyestrə giriş imkanının yaradılması, idxalı müvafiq dövlət orqanlarının rəyi əsasında həyata keçirilən spesifik malların siyahısında müvafiq dəyişikliklərin hazırlanmasının zəruriliyi vurğulanıb, daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşı təqdimatla çıxış edib.

Eyni zamanda, bəzi psixotrop maddələrin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğun olaraq milli qanunvericilikdə əks etdirilməsi, idxal-ixrac əməliyyatları üzrə verilən icazələrin rəqəmsal inteqrasiyası, eləcə də gömrük nəzarəti altında saxlanılan dərman vasitələrinin müvafiq tələblərə uyğun şəraitdə saxlanması məsələləri nəzərdən keçirilib.

Görüşdə tərəflər qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün əməkdaşlığın daha da genişləndirilməsi və birgə fəaliyyətin əlaqələndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Azərbaycan gömrükçüləri dərman vasitələri aşkar edib
Gürcüstandan Azərbaycana dərman preparatlarının gizlin gətirilməsinin qarşısı alınıb
Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə cərimələr müəyyənləşir
Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib
Məşhur dərman şirkəti buna görə cərimələndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər