Azərbaycan və Şimali Makedoniya XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan və Şimali Makedoniya XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB


12 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timko Muçunski ilə görüşüb.

XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, siyasi dialoqun inkişafı, iqtisadi, ticarət, enerji və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Şimali Makedoniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əməkdaşlığın inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

İkitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanların müəyyən edilməsinin, ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edərək, Azərbaycanın enerji təchizatçısı və tranzit ölkə kimi Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd ediblər. Bu çərçivədə bərpa olunan enerji və alternativ enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Görüşdə, həmçinin turizm sahəsində əlaqələrin inkişafı üçün potensial imkanlar dəyərləndirilib. Ölkələrimizin zəngin mədəni irsi və turizm imkanlarının tanıdılması istiqamətində birgə işlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, bərpa-yenidənqurma işləri, mina təhdidləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə həmkarına məlumat verərək, bölgədə sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində ölkəmizin səylərini diqqətə çatdırıb.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra, Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında sazişin imzalanma mərasimi hər iki nazirin iştirakı ilə baş tutub.

11:27

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Timço Mutsunski ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə XİN sosial mediada məlumat yayıb.

Görüş zamanı nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib, tərəfdaşlığın daha da genişləndirilməsində yüksək səviyyəli səfərlərin və siyasi dialoqun əhəmiyyətini vurğulayıblar.

Enerji, turizm, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları da müzakirə edilib.

Ceyhun Bayramov həmkarını münaqişədən sonrakı regional vəziyyət barədə məlumatlandırıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov Şimali Makedoniya xarici işlər nazirini post-münaqişə dövrü barədə məlumatlandırıb
Azərbaycan və Şimali Makedoniyanın XİN başçıları əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər
Ceyhun Bayramov şimali makedoniyalı həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıb - YENİLƏNİB
Azərbaycan və İraq arasında beynəlxalq platformalarda da öz əksini tapan tarixi dostluq var
Ceyhun Bayramov Emil Hurezeanunu Rumıniya XİN rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər