
Günay Əfəndiyeva: Qərbi Azərbaycan irsini bərpa etmək və gələcək nəsillərə ötürmək qarşıya məqsəd qoyulub

Günay Əfəndiyeva: Qərbi Azərbaycan irsini bərpa etmək və gələcək nəsillərə ötürmək qarşıya məqsəd qoyulub
Qərbi Azərbaycan irsini bərpa etmək və gələcək nəsillərə ötürmək qarşıya məqsəd qoyulub.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Pirallahı Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Pirallahı Gənclər Evində keçirilən “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildinin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan məsələsi dövlət siyasətinin əsas prioritetlərindən biridir:
"Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşların maddi-mənəvi irsinin araşdırılması və sənədləşdirilməsi xalqın Qərbi Azərbaycandakı köklərinin elmi əsaslarla bir daha təsdiqinə xidmət edir. Bu ərazilərdə qədim tariximiz boyunca inşa edilən çox sayda məscidlər, türbələr, qəbiristanlıqlar və digər dini-tarixi abidələr Azərbaycan xalqının yüzillərlə yaratdığı mədəniyyətin bariz nümunələridir. Bu abidələrin böyük bir qismi erməni işğalı nəticəsində dağıdılmış, bir çoxu isə izləri silinərək məhv edilməyə çalışılıb. Bu gün biz bu irsi yenidən bərpa etmək, tariximizi sənədləşdirmək və gələcək nəsillərə ötürmək kimi müqəddəs bir missiyanı həyata keçiririk. Biz öz mədəni irsimizə sahib çıxmalıyıq”.
Deputat qeyd edib ki, “Qərbi Azərbaycan İrsi” kitabı milli irsin sistemli şəkildə toplanması fonunda böyük elmi və ideoloji əhəmiyyət daşıyır:
“Kitab Qərbi Azərbaycanın tarixi reallıqlarını əks etdirməklə yanaşı, milli yaddaşımızın, mədəni köklərimizin qorunması və yaşadılması istiqamətində strateji bir addımdır”.
Tədbirdə həmçinin Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və yerli sakinlər iştirak ediblər.