ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner noyabrın 19-da Berlində Ukrayna və Avropa nümayəndələri ilə görüş keçirəcəklər.
"Report" xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbə "Axios"a bildirib.
Görüş zamanı təhlükəsizlik təminatları, habelə hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın bərpa planının müzakirə olunması planlaşdırılır.
Nəşrin məlumatına görə, həmin gün ABŞ Prezidenti Donald Tramp Çində Rusiya lideri Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli danışıqlarda iştirak edəcək.
Mənbə qeyd edib ki, amerikalı xüsusi elçilər Rusiya tərəfi ilə də əlaqə saxlayırlar.
Ötən gün Uitkoff və Kuşner Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığı aparıblar. Bundan sonra onlar ukraynalı nümayəndələr və Almaniya, Fransa, Böyük Britaniya, Polşa və İtaliyanın milli təhlükəsizlik üzrə müşavirləri ilə əlaqə saxlayıblar.