"2027-ci ilin dövlət büdcəsi layihəsində büdcə təşkilatlarının iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətlərindən əldə etdikləri büdcədənkənar gəlirləri 949 milyon manat nəzərdə tutulub".
Ens.Az xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, növbəti ildə büdcədənkənar gəlirlərin dövlət büdcəsi gəlirlərindəki payının cari illə müqayisədə 0.2 faiz bəndi azalaraq 2.4% təşkil edəcəyi proqnozlaşdırılıb:
"Bir məqamı da qeyd edim ki, qanun layihəsində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 652 milyon manat göstərilib, lakin bu məbləğin 315.8 milyon manatı ödənişli xidmətlər üzrə deyil, inzibati cərimələr üzrə proqnozlaşdırılıb. Hesab edirik ki, Qanun layihəsində gəlirlərlə bağlı qeyd etdiyim məqamlar büdcə müzakirələri zamanı müvafiq maddələrə redaktə dəyişiklikləri edilməklə aradan qaldırıla bilər".