"Büdcə müzakirələrinin aparıldığı son bir həftədə informasiya məkanımızda təəssüf ki, trendə çevrilən məsələlərdən biri ev təsərrüfatlarının aktivlərinin uçotu barədə xəbərlər oldu".

Sizinxeber.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O xatırladıb ki, Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə ev təsərrüfatlarının uçotu sənədləri dəyişdirilib və yeni qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur:

"Eyni vaxtda Milli Məclisin komitələrində Vergi Məcəlləsinə dəyişikliklərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən mövcud 100 faizlik gəlir və mənfəət vergisindən azadolunmanın 2027-ci il yanvarın 1-dən 90 faizlik güzəştlə əvəzlənməsi də əvvəlki mövzu ilə birlikdə ictimai müzakirələrə çıxıb. Halbuki ev təsərrüfatlarının statistik uçotunun yeni qaydalarla aparılması ilə aqrar istehsalçıların vergi qaydasının dəyişdirilməsi bir-birindən fərqli iki ayrı məsələdir. Beş sahə üzrə uçotun aparılması ümumi daxili məhsulun daha dürüst hesablanması və gələcəkdə düzgün, ünvanlı sosial siyasət məramına xidmət edir, əsla ev təsərrüfatlarının bütün aktivlərini vergiyə, digər növ ödənişlərə cəlb etmək məqsədi daşımır. Onsuz da ünvanlı sosial yardım üçün əvvəllər hazırlanmış ərizə-bəyannamə formalarında ev heyvanlarının və digər iqtisadi aktivlərin sayı barədə ayrıca məlumat sahələri artıq var.

"Evlərdəki elektron cihazlar qeydiyyata alınacaq", "yumurtalar sayılacaq" kimi xəbər başlıqlarının niyə narahatlıq doğurduğunu yalnız sosial medianın üzərinə də atmaq olmaz".

Onun sözlərinə görə, qərarın mahiyyəti tam açıqlanmadıqda, vətəndaşın hüquqları və məlumatların istifadə məqsədləri vaxtında izah edilmədikdə, boşluğu şayiələr doldurur:

"Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların əhalini məlumatlandırması vacibdir ki, ali maliyyə sənədi olan dövlət büdcəsi layihəsinə qarşı əks-təbliğata meydan açılmasın".