İrandan gələn təhlükələr səbəbindən ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtondakı iqamətgahını tərk edərək hərbi bazaya yerləşib.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Qəzetin yazdığına görə, son həftələrdə ABŞ rəsmiləri İranın həm hazırkı, həm də keçmiş amerikalı dövlət qulluqçularına qarşı planlaşdırdığı sui-qəsd cəhdlərinin daha ciddi mərhələyə qədəm qoyduğu qənaətinə gəliblər.

Cari ilin avqustundan maliyyə naziri rəsmi Tehranın maliyyə cəhətdən təcrid olunmasına yönəlmiş iqtisadi təzyiq kampaniyasına rəhbərlik edir.

Nəşrin mənbələri bildirir ki, məhz bu fəaliyyətinə görə o, ABŞ Prezidenti Donald Tramp administrasiyasında İranın ən çox zərər yetirmək istədiyi yüksəkvəzifəli şəxslərdən birinə çevrilib. Bununla belə, Bessentə qarşı yönələn təhdidlərin real təhlükə səviyyəsi hələlik tam olaraq aydınlaşdırılmayıb.