"Azərbaycanda saatlıq əməkhaqqı sistemi yeni iş imkanları yarada bilər".

Sizinxeber.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbəri olduğu komitənin bugünkü iclasında deyib.

O bildirib ki, saatlıq minimum əməkhaqqı kənd təsərrüfatı, yaşayış, turizm, məişət, daşıma xidmətləri və İT sektorunda çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanı təmin edə bilər:

"Saatlıq əməkhaqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını stimullaşdıran iş rejimi olmaqla yanaşı, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə imkan verən sosial alət kimi də əhəmiyyət daşıyır. Saatlıq əməkhaqqının minimum məbləğinin minimum əməkhaqqının bir saata düşən məbləğindən az ola bilməyəcəyi də təsbit olunub".

Onun sözlərinə görə, Nazirlər Kabineti saatlıq əməkhaqqının tətbiq ediləcəyi iqtisadi fəaliyyət növlərinin siyahısını müəyyən edəcək:

"Əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda əməyin ödənilməsində saatlıq əməkhaqqı sistemindən istifadə ediləcək".